Serialların əsirinə çevrilən cəmiyyət

Serialların əsirinə çevrilən cəmiyyət

4 May 2011 07:00
Bəyəndim (0) Bəyənmədim (0)
Seriala baxaq, yoxsa yox?!

"Seriallar həyatımızın bir parçasına çevrilib" desək yanılmarıq. Heç kim inkar edə bilməz ki, ailəsində heç olmasa bir dəfə hansısa seriala baxılıb. Sovet dövrünün son illərindən dəbə düşmüş Latın Amerika filmləri sonradan Türk istehsalları ilə əvəz olunmağa başladı. Türk düşüncə tərzi bizə daha yaxın olduğundan filmlərdə cərəyan edən hadisələr cəmiyyətimizə bir qədər də uyğundur. Dilin oxşarlığını da nəzərə alsaq, prosesin gözlənilən olduğunu anlamaq olar.

Bəli, bu gün ailələrdə serial dili ilə danışmağa başlayıblar. Əsasən qadınlar və uşaqlar film qəhrəmanlarının sözlərindən sitat gətirir, onlara oxşamağa çalışır, serialları bir növ gündəlik həyatlarına daşıyırlar. Çoxları dəbi də bu obrazlar vasitəsilə təqib edir. Mən hələ sevgi mövzusuna toxunmuram. Bu, daha geniş bir məsələdir. İndi təkcə onu qeyd etməklə kifayətlənirəm ki, müasir gənclər sevəcəkləri insanı seçərkən onların serial qəhrəmanlarına oxşamasına çalışırlar. Və ya sevgililərini bu obrazlara uyğun dəyişdirmək istəyirlər. Analoji tendensiya ailəlilərdə də müşahidə olunur. Bunun yaxşı və ya pis olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, adətən serialın müsbət qəhrəmanları sevilir. Həmçinin həmin obrazlar tez sevilsin deyə, simaca gözəl olur və dəblə geyinirlər.


Bizi narahat edən serial biznesinin insan həyatında tutduğu izafi yerdir. Başqa sözlə desək, seriala aludə olanlar istər-istəməz bütün iş-güclərini atmalı, gündəlik qayğılarını unutmalı olurlar. Bu isə ailələrdə və cəmiyyətdə haqlı narazılığa səbəb olur. Belə ki, ev işləri ilə yanaşı işdəki tapşırıqlar və davamiyyət də ikinci plana keçir. Nəticədə yerli-yersiz konfliktlər yaranır. Həmin konfliktlər bəzən ailələrin dağılmasına, bəzən də işin itirilməsinə gətirib çıxarır.

Qadınlar, müəyyən məqamlarda kişilər də serialda baş verən hadisələrlə yaşayırlar. Bir növ filmin passiv qəhrəmanlarına çevrilirlər. Telefon zənglərindəki mövzuların dəqiq statistikası məlum olmasa da, təxmin etmək çətin deyil ki, serial tamaşaçılarının hər zəngində əsas müzakirə predmeti filmin hər hansı bir bölümü və ya qəhrəmanları olur. Telefonu daha çox məşğul edənlər də elə həmin elektoratın nümayəndələridir.


Serialların uşaq və gənclərin mənəviyyatına vurduğu zərbəni də təxmin etmək asandır. Açıq-saçıq səhnələr bir yana, fiziki gücün nümayişi onlarda mənəvi travma və ya şüuraltı aqressiya

yaradır. Buna təhsildəki intizamsızlığı, davamiyyətsizliyi, hansılara ki filmlərin gec saatlarda verilməsi səbəb olur, əlavə etsək, mənzərənin nə qədər acınacaqlı, hətta deyərdim ki, faciəli olduğunu görə bilərik.


Nə qədər qəribə səslənsə də, serialları birmənalı şəkildə tənqid etmək də doğru olmazdı. Belə ki, onların özünə görə müsbət məqamları var. Fikrimcə, onlardan birini qeyd etmək kifayətdir. İndiki dövrdə cəmiyyət bədii əsərlərin az oxunmasından şikayət edir. Nəzərə alsaq ki, serial da bədii-vizual bir əsərdir, onda oxucuların, yəni tamaşaçıların azalmadığının, əksinə müqayisə olunmaz dərəcədə artdığının şahidi olarıq. Əlbəttə, serialı "sabun köpüyü" adlandıraraq ötəri olduğunu, tezliklə unudulacağını deyənlər də var. Lakin bir faktı etiraf etməliyik ki, qarşısına yüz minlərlə, hətta milyonlarla tamaşaçı toplaya bilən bir ekran əsərini zövqsüz adlandırmaq günah olardı. Əgər hər hansı bir film nümayiş olunan dövrdə insanların həyat tərzinə çevrilə bilirsə, o, heç zaman asanlıqla unudulmaz. Sadəcə, özündən sonra gələn serial gündəmi dəyişə bilər, vəssalam. Necə ki, türk seriallarının timsalında biz bu tendensiyanı görürük.


Bəs onda biz nə etməliyik? Seriala baxmağa və ya onunla mübarizə aparmağa davam etməliyik, yoxsa onu həyatımızdan birdəfəlik silib atmalıyıq? Qərarı siz özünüz verin. Mənim isə sizə məsləhətim o olardı ki, seriallara baxın, ancaq özünüzü onun əsiri etməyin. Yəni ardı davam edən filmlərin müəyyən hissələrini təkrarında seyr edin. Axı serial canlı proqram deyil ki, onu vaxtında izləməyə məcbur olasınız. Digər tərəfdən, şəxsiyyətinizə, zövqünüzə, maraq dairənizə uyğun filmlərə baxın. Onda heç bir problem olmaz. Necə ki, mən dünən axşam "Öyle bir geçer zaman ki" serialının növbəti hissəsinə baxdıqdan sonra bu yazını qələmə aldım...

Könül Aypara

O.M.