‎70-ci illərdə doğulanlar...

‎70-ci illərdə doğulanlar...

20 Fevral 2013 21:55
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar qan da gördü, vətəninin azadlığını da, millətinin soyqırıma uğramasını da, ata yurddan didərgin düşmənin acısını da

Keçən əsrin 70-ci illərindən başlayaraq hər onillikdə anadan olmuş nəslin özünəməxsus xüsusiyyətləri var. Fərqli və müxtəlifliklərlə dopdulu olan 70, 80 və 90-cı illərin nəsilləri bəlkə də özləri də bilmədən indi və gələcəkdə Azərbaycanın həyatında doğrudan da önəmli rol oynayacaq bir mətanətə sahibdirlər. Amma bu 3 onilliyin içində yeganə olaraq 70-ci illərdə anadan olanlar, bütün keşməkeşli və çətinliklərlə dolu uşaqlıq və gənclik illərini bəlkə də doğru-dürüst yaşaya bilmədilər.

Məhz onların uşaqlıq və yeniyetməlik illəri "Azadlıq" deyə hayqıran bir millətin əsarət zəncirini qırmaq üçün meydanlara axışdığı dövrə təsadüf etdi. Məhz onlar 80-ci illərin sonlarında çörək qıtlığını yaşadılar, talonla alınan aylıq 1 kq ətlə tanış oldular. Məhz onlar, gizlin şəkildə 80-nin sonlarında bütün sovet imperiyasında bir möcüzə kimi qarşılanan video maqnitofona əlahiddə bir sehr aləmi kimi pərəstiş etdilər, ilk dəfə azad mahnı üslubu ilə rəqs etməyə başladılar. Kommunistlərin ütülü və dəfələrlə senzuradan keçmiş standart mahnılarına deyil, məsələn, "Miraj", "Kombinasiya", "Laskovıy may", "Karmen" qruplarının üsyankar treklərini dinləməyə başladılar. 50 və ya 60-cı illərdə anadan olan nəsillərdən fərqli olaraq, o dövrdə anadan olanlar hind aktyorlarının deyil, bu qrupların üzvlərinin və ya türk aktyorlarının şəkillərini ciblərində gəzdirdilər. Qızları Əmrahın və İbrahim Tatlısəsin filmləri ilə ağladılar, oğlanlar isə dərslərdən qaçaraq avtobuslarda yerləşən və ya köhnə klublarda təşkil edilən videosalonlarda Çin və ABŞ istehsalı olan savaş filmlərinə baxaraq, oradakı qəhrəmanlara özlərini bənzətməyə çalışdılar. İlk dəfə diskoteka mühitini sərbəstliyin simgəsi və nəzarətdən, senzuradan kənar bir məkan yeri kimi qəbul edən yeniyetmələr məhz 70-cilər oldu. İlk dəfə kola içən onlar oldu, ilk dəfə əcnəbi saqqızın keyfini və o saqqızdan çıxan rəngli açıqcaların kolleksiyası ilə digər həmyaşıdlarına acıq vermənin ləzzətini onlar yaşadılar. Banan şalvar, enli köynək, ofiserski papaq hər yeniyetmənin arzu etdiyi geyim dəstinə çevrildi. Qızlar Sandra, Madonna və ya Sabrina kimi saç düzümü edir, oğlanlar isə Şatunov kimi geyinir, qızlara İbrahim Tatlısəsin filmlərindəki eşq kimi romantik hisslər yaşamaq üçün yanaşır, Silvester Stallonenin sovet qoşununa qan udduran "Rembo"su kimi bədən şişirtməyə çalışırdılar. Beləliklə, bütün bunları edərək romantik, üsyankar və qürurlu bir nəsil kimi zamanın diqtəsinə meydan oxuyurdular. Qanlı yanvarda məhz bu nəsil öz şəhidlərini verdi! İlk dəfə düşmən qarşısında onlar öz qanlarını axıtdılar! Və bir çox yaşlı nəslin hətta indiki dövrdə belə partbiletlərindən bərk-bərk yapışdığı zaman, ilk dəfə bir məktəbli olaraq siyasi etirazın əsasını qoydular! Bu qanlı qırğına etiraz olaraq pioner qalstuklarını və komsomol nişanlarını məktəb həyətlərində qaladıqları tonqallara ataraq yandırdılar və bir daha o qalstuku bütün hədələrə rəğmən boyunlarına asmadılar! Onlarla, yəni 70-ci illərdə anadan olanlarla başladı azad düşüncəsi, iradəsi olan gənclik yetişməyə. Onlardan Pavlik Morozovlar yetişə bilməzdi. Onlar öz uşaqlıq və yeniyetməliklərini meydanlarda keçirdikləri, hətta bəzən gecələdikləri, öz kiçik yumruqlarını böyüklərinə baxaraq "Qarabağ" tələbi ilə yuxarı qaldırmaqla yetişirdi...
Və ilk dəfə məhz 70-ci illərdə anadan olanlar vətən müharibəsində iştirak etmək üçün birbaşa məktəb partasından, universitet auditoriyasından cəbhə bölgəsinə yollandılar! O səbəbdəndir ki, kişi cinsindən 71-74-cü illərdə anadan olan nə qədər az nümayəndəmiz var. Onlar bu gün müqəddəs Şəhidlər Xiyabanında əbədiyyətə qovuşublar. Siyasi təlatümlər, vətən müharibəsi – bu nəslin gəncliyinin bir parçası oldu! Bu nəsil yeniyetmə, gənc ikən 20-ci əsrin sonunda bir soyqırımın necə yaşandığının şahidi oldu öz gözləri ilə!
70-ci illərin nəsli qan da gördü, vətəninin azadlığını da, millətinin soyqırıma uğramasını da, ata yurddan didərgin düşmənin acısını da...
Onların sevinci üçrəngli bayrağın 70 ildən sonra təkrar qürurla dalğalanması, savaşı Qarabağ, dərdi isə özlərini anlada bilməmək oldu. Onlar hər çətinliyi gördülər. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının şahidi oldular. Bu anları yaşadılar. Yeganə görə bilmədikləri, yaşaya bilmədikləri yeniyetmə və gəncik çağları oldu. Bunu yaşamaq üçün onların sadəcə zamanı qalmadı...

Elmin Nuri

O.M.