Gələcək mütləq gələcək!

Gələcək mütləq gələcək!

20 Fevral 2013 20:41
Bəyəndim (0) Bəyənmədim (0)
Əkrəm Əylislinin ANS kanalında çıxışından sonra qələmə aldığım düşüncələrim...

Dünənimiz... Müharibə, ölüm, itkilər... Bu günümüz... Zaman-zaman xatırlanıb, anılan şəhidlər... Nə öldü, nə qaldı xəbəri olan itkinlər... Əlillər... Düşmənin rahat-rahat gəzdiyi, əsl sakinlərinin isə həsrət qaldığı işğal olunmuş Azərbaycan torpağı... Hər il söylənənsə eyni sözlərdir. Vətəni dildə geri almaq eşqi. Gərəkərsə müharibəyə gedəcəyini deyən, lakin o gün gələrsə, bəlkə də boyun qaçırmaq üçün min cür hiylə işlədə biləcək bəzi cavanlar... Ağızlarına çullu dovşan sığmayaraq hər il illəri ötürüb, "Bayrağımızı Dağlıq Qarabağda dalğalandıracağıq!" sözlərini söyləyən insanlar...Və dilə gətirilə bilməyən daha nələr-nələr. Bəs sonrası?

Hər il bir qayda olaraq şəhid məzarlarını ziyarətlə, hər tədbirdə Qarabağı geri almaq eşqi ilə ağızdolusu, bəzilərinin boğazdan yuxarı söylədiyi sözlərlə nə dəyişdi? Sonrası nə oldu? İllər öncə də bu günümüz sonraydı. Onda məhz bu günlər üçün ümidlə yaşanırdı. Amma illər öncənin sonrası zamanın axınında indi oldu. Ümidlərsə dəyişməz olaraq qaldı. Biz indi də sonralara ümidliyik. Zamana bel bağlayaraq, gələcəyimizin indi olmağını gözləyirik. Sabahlar nə çox. Zamansa axır. Bu axında məhv olan məfhumlar, dəyərlər, varlıqlar vardır. Məsələn, insan kimi. Biri doğularkən digəri ölür. Həyatın qanunu budur. Bəlkə də o ölən kəs doğma torpaqlarının həsrəti, yanğısı ilə, zamanında "gələcək" adlandırdığı indidə ölür. Yenilər isə işğalda olan torpaqlar barədə maarifləndirilərək böyüdülürlər. Və axının istiqaməti dəyişmir... Bəlkə uzun bir zaman keçəcək. Gələcək gələcək. Mənim "indi" deyib, mövcud ola bilməyəcəyim bir gələcək. Kim bilir, bəlkə mənim qanımdan, mənim canımdan olan biri, indi düşmən olub, adlarını belə dilimizə almaq istəmədiyimiz mənfurlarla eyni masa arxasında əyləşərək, keçmişi keçmişdə buraxıb, olanları sadəcə bir tarix olaraq xatırlayacaq. İllərlə araya qanla hörülmüş qalaq-qalaq daşlardan olan hasarları yıxıb keçəcək insanlar. Bəlkə hər kəs xoşbəxt olacaq. Sülh içində, hər gün cəbhədən bir əsgər ölümü xəbəri gəlmədən yaşanılan bir həyat mövcud olacaq. Bəlkə onlar səhvlərini anlayıb, biz də böyüklüyümüzü qoruyub bağışlamağı bacaracağıq. Hökm sürən ölüm, qan deyil, sülh olacaq. Xeyli zamandır, uzun illərdir əsəbləri tarıma çəkilmiş kaman teli kimi olub, ən kiçik təsirə qarşı belə əsəbi, həssas, həsrətli olan, torpaqlarından didərgin düşmüş insanlar daima ehtizaz içində deyil, rahat bir şəkildə, öz el-obalarında yaşayacaqlar. Bəlkə... Bəlkələr çoxdur... Amma bir şey dəqiqdir ki, gələcək mütləq gələcək!

Səltənət Arzudovum

O.M.