‎25 il öncənin sadə cavabı

‎25 il öncənin sadə cavabı

8 Fevral 2013 02:11
Bəyəndim (0) Bəyənmədim (0)
Mübariz İbrahimov, Əkrəm Əylisli və lazım gələrsə...

Azərbaycanda baş verən nələr varsa hamısının altında düzünə və dolayı olaraq Qarabağ sancısı duyulur son 25 ildə. Hətta ana sancısı deyilən bir sancının da içinə qarışıb bu. Doğulanlarımızın da, ölənlərimizin də teleyinin içindən bir Qarabağ sancısı keçir. Hakimiyyətə gələnlər, gedənlər, qalanlar, qəhrəmanlar, qorxaqlar, biganələr- hamısının yerdəyişməsinin bu sancı ilə əlaqəsi var. Son Əkrəm Əylisli hadisəsi əslində nəyi göstərdi: Bu sancını kəsməyə əməli siyasət olmayanda hər tərəfdən partizansayağı təşəbbüsləri sürpriz olaraq qarşılamağa hazır olmalıyıq.

Kimisə susdurmaq, kimisə geri çəkmək, kimisə təltif etmək, kiminsə təltiflərini əlindən almaq olar. Fəqət dəyişməyən bir sual var ki, ona ya təsdiq, ya da inkar cavabı verilməlidir: "Qarabağı Azərbaycana qaytaracağıq?", yoxsa "Qarabağ bitdimi?" Lap şahın sevimli tutuquşusunun ölümü ilə bağlı pritçada olduğu kimi. Kimsə hansısa formada bu ölümü qəzəbə, şoka rağmən söyləməlidir. Əvvəl şaha söyləməlidir, sonra da xalqa.
Hər halda birinci sualın cavabına diplomatik ritorikaya uyğun olaraq hamımız hazırıq: "Qarabağ bizimdir, bizim olacaq!!!"
"Qarabağ bitdimi!" sualına isə gözü çıxmış qardaşlarının aqibətini görən kimsə indilik cavab verməyə haqlı olaraq tələsməz.
Ancaq bir reallıq var: Qarabağı qaytarmaq üçün əməli çalışmamız, Qarabağın bitməsi üçün əməlsiz sükunətimizdən heç də çox görünmür.
Və niyəsə Tərtərdəki bir ahıl nənənin "Qarabağ kimin olacaq?" sualına 25 il öncə verdiyi sadə cavabı illərdir sinəmdə bədənin ayrılmaz üzvünə çevrilmiş qəlpə kimi gəzdirirəm: "Kim daha çox çalışsa, onun olacaq, bala!"
Gerçəkləri görmək istərsək, "kimin daha çox çalışdığını" notarial qaydada təsdiqlətməyə ehtiyac qalırmı?
Bir-biri ilə fərqli üslubda ortaya qoyulan son illərin beş təşəbbüsünü xatırladacağam. Birincisi, iqtidarın Ermənistan içindəki siyasi güclərlə problemi çözmə səyləri, gizli diplomatiya çabaları və Ermənistan parlamentində bu sövdələşmənin əsas aktyorlarının güllələnməsi ilə vurulan yekun.
İkincisi, Türkiyənin sərhədləri açmaq istəməsi və Azərbaycanın etirazı fonunda geri çəkilişi.
Üçüncüsü, rəsmi Rusiyanın təşəbbüsü ilə Ermənistan və Azərbaycanın Rusiyadakı səfirlərinin və hər iki ölkə ziyalılarının barış havası yaratmaq məqsədilə hər iki tərəfə səfərləri və missiyanın nəticəsiz tamamlanması.
Dördüncüsü, Mübariz İbrahimov adında bir gizirin təkbaşına düşmən səngərinə girərək erməni əsgərlərini öldürməsi və şəhid olmasi.
Beşincisi isə Əkrəm Əylislinin erməni siyasi tezislərini bədii nəsrə gətirərək, qaş düzəltmək istədiyi yerdə göz çıxarması və mənəvi xarakirisi.
Ola bilsin düşünülsün ki, bu beş hadisədə ifadə olunan faktların bir-biri ilə nə əlaqəsi ola bilər? Əslində bunları bir-birinə bağlayan cəhət hər birinin rəsmi dövlət siyasətimizdən kənarda axtarılan çözüm yolları olmasıdır.
Hələ ki, həm şəxslər, həm də dövlətlər öncüllüyündə başlayan bütün partizansayağı gedişlər son nöqtədə uğurla yekunlaşmır. Ancaq bu gedişlərə son nöqtə də qoyulmayıb. Necə ki, deyirik, lazım gəlsə Qarabağı müharibə yolu ilə azad edəcəyik, eləcə də lazım gəlsə bu təşəbbüslərin bir neçəsini də yaxın zamanlarda görə biləcəyik.
"Lazım gəlsə" əslində siyasətin tükəndiyi nöqtədir. Artıq bu nöqtədən Partizanlıq başlayır. Mübariz İbrahimov başlayır. Ardınca Əkrəm Əylisli başlayır. Biri Allahın rizasını qazanmaq üçün düşmənin üstünə gedir, digəri düşmənin rizasını qazanmaq üçün öz üstümüzə gəlir. Hər ikisi mahiyyətcə çözüm axtaranlardır. Əkrəm Əylisli faciəsinin bəlkə də əsas səbəbini siyasətin qısır qalmasında axtarmalıyıq. Siyasətin qısır qalmasının bəlkə də əsas səbəbini çox, çox dar çənbər içində olmasında axtarmalıyıq. Yalnız çözüm yolu axtarmaq üçün deyil, cəmiyyəti real gələcəyə hazırlamaq üçün bu siyasətin çərçivəsi genişlənməlidir. Nəyi itirib, nəyi saxlaya biləcəyimizin ipucları müəyyənləşdirilməlidir. Hər şeyi itirib, heç nəyi saxlaya bilməyəcəyimizin ehtimalları dartışılmalıdır.
Dəyərli alimimiz Azad Mirzəcanzadə bir fikri çatdırmaq istəyəndə, bilgə şəxslərə aid bir üslübda "Deyə bildimmi?" ilə sözünü tamamlardı. Heç vaxt "Anladınızmı?" deyə məsuliyyəti dinləyənin üzərinə ötürməzdi.
Ancaq indi elə bir seçim məqamindayıq ki, Qarabağla bağlı məsuliyyəti necə deyə biməyimizdən asılı olmayaraq, hər bir azərbaycanlının "lazım gələrsə" anlaması lazım gələcək.

Fazil Mustafa

O.M.