Bir uşaq yollara baxıb ağlayır

Bir uşaq yollara baxıb ağlayır

2 May 2011 21:19
Bəyəndim (0) Bəyənmədim (0)
Südəmər körpələr evində gördüklərim

Bəlkə də heç əlimə qələm götürməzdim, dərdli insanların dərdini duymasaydım. Dərdlər də müxtəlif olur. Hər dərdi öz dilində danışdırmaq, hər dərdin növünü, ağırlığını, insana etdiyi təsirini bilmək lazımdır o dərdi duymaq üçün. Çox dərd görmüşəm, çox əzabla üzləşmişəm. Ancaq bu gül balaların dərdi qədər heç bir dərd məni ağrıtmayıb. Onları görəndə çəkdiyim əzab qədər heç vaxt əzab çəkməmişəm. Çox sual edirlər ki, necə dözürsən o uşaqlarla belə tez-tez görüşməyinə? Çətin olmağına çətindir, amma necə dözdüyümü heç özüm də bilmirəm. Onlarla görüşə gedəndə sevinə-sevinə gedirəm, ancaq elə ki uşaq evinin qapısına çatıram, ürəyim şiddətlə döyünməyə başlayır. Mənə tərəf qaçan o körpələri görəndə elə bilirəm ki, dünyanın ən qəmli yerindəyəm. Və sevinə-sevinə getdiyim bu yerdən çox vaxt pərişan halda qayıdıram. İstəyirəm ora həmişə bacardığım qədər çoxlu sevinc aparım, sevincimdən pay düşsün o fidan körpələrə də. İstəyirəm ordan həmişə çoxlu dərd-qəm götürüb qayıdım, dərdi-qəmi bir az azalsın onların. Az da olsa, buna nail ola bilirəmsə, həyatda mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Südəmər körpələr evində bu dəfə də valideynləri tərəfindən atılmış bir neçə uşaqla həmsöhbət ola bildim. "Dərdli deyingən olar", - deyiblər. Ancaq nədənsə bu uşaqlar susmağa daha çox üstünlük verirlər. Sanki onlar dərdlərini heç kimlə bölüşmək istəmirlər. Elə bil dərdlərinin kiməsə ağırlıq edəcəyindən, kiməsə ağır bir zərbə olacağından qorxur bu uşaqlar. Elə qorxduqları üçün də heç kimi öz dərdləri ilə yükləməmək üçün danışmamağı üstün tuturlar. Çətin də olsa, həmsöhbət olduğum uşaqlardan bəzi suallarıma cavab ala bildim. Onlardan ikisi ilə etdiyim söhbət mənim üçün daha maraqlı oldu. İndi həmin söhbətimi sizlərə təqdim etmək istəyirəm:


- Adın nədir sənin?


- Nigar.


- Familiyan nədir?


- Bilmirəm.


- Neçə yaşın var?


- Üç.


- Ananın adı nədir?


- Bilmirəm.


- Bəs atanın adı nədir?


- Əmi.


- Sən kimi çox istəyirsən?


- Sevinc xalanı (uşaq evinin həkimidir).


(Qardaşını göstərib soruşuram.)


- Bu kimdir?


- Ülvi.


- Sənin nəyindir?


- Qardaşım.


- Bir yerdə gəlmisiz bura?


- Bəli...


Nigarla bu qısa söhbətimdən sonra üzümü bayaqdan maraq dolu baxışlarını bizdən çəkməyən Ülviyə tutdum:


- Ülvi sənin neçə yaşın var?


- Beş.


- Familiyan nədir?


- Bilmirəm.

- Atanın adı nədir?

- Vüqar.


- Bəs ananın adını bilirsən?

- Yox.


- Harda anadan olmusan?

- ...


- Bacını çox istəyirsən?

- Başı ilə "bəli" deyir.

- Böyüyəndə kim olacaqsan?


- Cimi.


(Gərək sən Koroğluya oxşamağa çalışaydın, bala. Düşünmə ki, Kor kişinin oğlu deyilsən. Sənin kimi gül balaları atan və bununla da etdikləri böyük günahı görməyən ataların, anaların gözləri görsə də, kor kimidirlər.)


- Ata-anan heç bura gəlib?

- Yox.


- Sizi bura kim gətirib?

- Raziyə.


- Kimdir ki, o?

- Qonşumuz.

- Niyə gətirdi sizi?

- Bilmirəm.


- Ana-atanıza nə demək istəyirsiniz?


- ...


Axı nə desin bu uşaqlar?!. Desələr, eşidərmi o daşürəkli valideynləri onların səsini?! Əgər onlar öz vicdanlarının səsini eşitmirlərsə, körpə balalarının səsini haradan eşitsinlər? Axı onların səsini eşitmək üçün gərək əvvəlcə öz qəlbinin harayını eşidə biləsən. Əgər bu harayı eşidə bilmirsənsə, ən əziz adamlarının fəryadına da biganə qalacaqsan. Övladını atan valideynlər də məhz belə insanlardandır. Onlar ya vicdanlarının səsini eşitmir, ya da onlarda ümumiyyətlə vicdan hissi yoxdur. Olsaydı... Olsaydı yəqin ki, heç bir valideyn yenicə dünyaya gəlmiş övladını küçələrə, zibilliklərə, ən yaxşı halda isə uşaq evlərinə atmazdı. Bir anlığa dayanıb nə etdiyini fikirləşərdi. Özünün necə böyük bir günah edəcəyini dərk edəndən sonra yəqin ki, bu əməlindən əl çəkərdi.

Bir körpə yollardan ümid gözləyir,

Anam qayıdacaq, gələcək deyə.

Daşürək anasa gəlmir ki, gəlmir,

Körpə əllərini açaraq göyə

Yalvarır, anamı qaytar, ay Allah,

Yandırır qəlbləri bu fəryad, bu ah...

Emil Tahiroğlu

O.M.