Tikinti qurbanları

Tikinti qurbanları

2 May 2011 20:43
Bəyəndim (0) Bəyənmədim (0)

Tikmək, qurub-yaratmaq xeyirxah iş sayılır. Ancaq son dövrlər Bakıda baş alıb gedən tikintiləri görəndə adam istər-istəməz fikirləşir ki, xeyirxahlığın da bir ölçüsü, əndazəsi olmalıdır. Əks-təqdirdə...

Tikmək nə qədər yaxşı iş olsa da, gərək nəyisə ona qurban verməyəsən. Daha doğrusu, adam qurban verəndə də bilməlidir ki, nəyi nəyə görə qurban verir. Daha bizdəki kimi yox. Biz tikintilərə həddindən artıq çox şeyi qurban veririk və bu artıq neçə müddətdir ki, məni qorxudur.

Son vaxtlar tikinti meydançalarında baş verən qəzaların sayı artmaqdadır. Hər bir halda isə belə qəzaların olması orada çalışan fəhlələrin həyatını təhlükə altına almış olur. Çörəkpulu qazanmaqdan ötrü tikintilərə üz tutan fəhlələr həyatlarının risk altında olduğunu bilə-bilə işləyirlər. Onlar işləməyə məcburdurlar. Bəs bu biçarələri işlədənlər? Niyə fəhlələrin təhlükəsizliyi barədə düşünmürlər? Yəni insan həyatı bu qədər ucuzlaşıb? Niyə insanların ölümü bu qədər adiləşib? Daşı daş üstünə qoymaq yaxşı işdir, ancaq gərək bu daşları elə düzəsən ki, yuxarı qalxdıqca başına uçmaq ehtimalı olmasın. Bizdə isə əksinədir. Aşağıdan yuxarı, keçmişdən gələcəyə doğru irəlilədikcə özümüzə qəbir qazırıq elə bil...

İçəri şəhərin yüz illərin, min illərin şahidi olan abidələrini heç bir məsuliyyət hissi duymadan sökdürüb yerində binalar tikdirənlər, görəsən, tariximizə belə biganə münasibətə görə nə vaxtsa cavab verəcəklərmi? Biz yeni tariximizi qədim tariximizin üzərində yaratmırıq, əksinə, qədim tariximizi məhv edərək, yeni tarix yaratmaq iddiasında olduğumuzu bildiririk. Yaratdığımız isə bəzi hallarda keçmişimizin heç bir daşına da dəymir. Mənim üçün bu gün tikilən ən hündür və gözəl bina belə Azıx mağarasından tapılan çənə sümüyü qədər qiymətli deyil. Mənim üçün bu bəzəkli, rəngli daşlarla bəzədilən binaların hamısı bir yerdə qədim İçəri şəhərin divarından qopub düşən bir daş qədər qiymətli deyil. Biz yeri gəlsə, tariximizi qorumaq üçün canımızı qurban verməliyik, daha tariximizi qurban verməməliyik. Buna haqqımız yoxdur. Çünki tariximizi qurban versək, gələcəyimiz də olmayacaq.


Emil Tahiroğlu


O.M.