Qanuni oğrular - Masallı Mamed

Qanuni oğrular - Masallı Mamed

2 May 2011 15:44
Bəyəndim (0) Bəyənmədim (0)
Onların əksəriyyəti cavan yaşlarında haqq dünyasına qovuşurlar

Müasir kriminalistika üçün aydınlaşdırılması müstəsna əhəmiyyət kəsb edən "qanuni oğru" anlayışının tarixini bütün dəqiqliyi və təfərrüatı ilə bağlı heç kəs əsaslı mühakimə yürüdə bilməz. Lakin cinayət aləmində bu ali titulun yaranması haqqında bir neçə versiya dolaşmaqdadır. Deyilənləri araşdırdıqdan sonra belə qənaətə gəlmək olar ki, "qanuni oğru" institutu sovet hakimiyyətinin ilk illərində yaranmış və qırxıncı illərin sonlarına yaxın SSRİ-dəki kriminal aləmi əsaslı surətdə ələ keçirmişdi. Həmin dövrdə oğurluq, cibgirlik və fırıldaqçılıq yolu ilə ələ keçirilən vəsaitin böyük hissəsi dəstələrə başçılıq edən "obşak"a, yəni ümumi "fond"a yığılır, cəza evlərindəki dustaqların adi tələbatına sərf olunurdu. Titula layiq görülən "vor"lar vaxtaşırı məşvərət məclisi - "sxodka" çağırır, hesabat verir, təcrübə mübadiləsi keçirir, daim ehtiyacda olan məhkumların problemlərinin həllini axtarır, sıralarına əqidəli zekləri cəlb edirdilər. Qanuni oğruların fəaliyyəti hər üç tərəfə - həm hökumət, həm zərərçəkən, həm də zakonniklər üçün faydalı idi. Hökumət adamları sakitlik və yüksək əmək məhsuldarlığı əldə edir, məhbuslar işləyib yaxşı məvacib alır, vorlar isə mujiklərin qazandıqlarından kiçik bir hissəni "obşak"a ötürməklə problemlərini aradan qaldırırdılar. İttifaqda taleyüklü dəyişikliklər baş verməsəydi, İsveçrə saatı dəqiqliyi ilə işləyən bu mexanizm hələ uzun müddət həbsxanalardakı stabilliyin qarantı ola bilərdi. Zakonniklərin tərəfdarı olan Stalinin ölümü onun adı ilə bağlı olan bir çox məfhumlarla yanaşı "vorlar"ın da işini çətinə saldı. Bilavasitə "El Atası"nın təşəbbüsündən və şəxsi təcrübəsindən bəhrələnən cəza maşını da öz mahiyyətini dəyişməyə başladı. Və cəmi bir neçə il öncə son dərəcə lazımlı sayılan "qanuni oğru"ların repressiyası, preslənmə mexanizmi işə düşdü.

N.S. Xruşşovun dövründə təhlükəsizlik orqanları vorlara qarşı mübarizədə ən iyrənc metodlara əl atdılar. Bu qarşıdurmada əvvəllər "oğru" titulu daşıyan, lakin müxtəlif günahları ucbatından adları alınmış satqınlardan - "qnutıy" və "ssuçennı"lərdən istifadə olunurdu. Sındırılanlar "vor"ları həbsxana və zonlarda fiziki məhv etməyə can atır, bu işdə həbsxana rəhbərliyi onlara lazımi şərait yaradır, köməklik göstərirdi.

NKVD və dustaqlar arasındakı satqınların fəaliyyəti nəticəsində qısa bir zamanda "Zakonniklər"dən cəmi 10 faizi öz adını qoruya bildi. Qalanlar ya fiziki cəhətdən məhv edildi, ya da öz əqidələrindən dönmək zorunda qaldılar. Ən dözümlü "oğrular" yalnız onlar üçün yaradılmış "Belıy Lebed" kimi xüsusi həbsxanalara salınır, qeyri-insani şəraitdə neçə illər dözəsi olurdular. Titulunu ən kritik hallarda belə gizlətmək "oğru" üçün günah, yolverilməz sayılırdı. İdeyalı vorlar adını danmaqdansa, ölümü üstün tuturdular.

İttifaq dağıldıqdan sonra yüzlərlə azəri "qanuni oğru" fiziki cəhətdən aradan götürüldü. Dağlı Cavanşir, Malış Söhbət, Lotu Bəxtiyar, Mirseymur, Sabirabadlı Hikmət, Ağbaş Çingiz, Qorbatıy Ramiz, Masallı Mamed ...

Masallı Mamedin də özünəməxsus yeri vardı onlar arasında.

Masallı Mamed 2011-ci il martın 20-də 1 saylı həbsxanada haqq dünyasına qovuşdu. Rəsmi versiyaya görə, Məmməd İsgəndər oğlu Hüseynov qaraciyər serrozu və şəkər xəstəliyindən əziyyət çəkirmiş və Novruz bayramına bir gün qalmış beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Mərhumun qohum-əqrəbası, dost-tanışları isə bu versiyanın düzgün olmadığını bildirirlər. Məmməd vəfatından bir neçə gün əvvəl çox sağlam görünürdü. "Oğru" onunla görüşə gələn qardaşına deyibmiş ki, qohum-əqrəbanı yığın, gedin bayram tonqalını anamla bir yerdə yandırın. Ona deyin ki, Mamed də məhbəsdəki tale qardaşlarıyla birlikdə bayram keçirəcək...

Qismətində deyilmiş.


Masallı Mamedin tanışlarından birinin söhbətindən


- Mehdi bəy, neçə dəfə həbs olunmusunuz?- soruşdum.


- Hardasa, yeddi-səkkiz dəfə...Görmədiyim bir kiçman, lager, etap qalıbmı? Bayıl, Şüvəlan təcridxanaları, Şuşa türməsi, Sibir, Vorkuta, Saxalin zonları... Rəhmətlik Bəxtiyarla bir həftə Stolıpində "səyahətə" çıxmışıq, Sabirabadski Hikmətlə Vorkuta "snatoriya"sında kömür tozu udmuşuq. İki dəfə rəhmətlik Masallı Mamedlə qısa müddətdə də olsa bir xatada oturmuşuq.. Mamed bizim kameraya girdiyi gündən hamımızın sevimlisinə çevrildi. Ponyatkalı patsan idi, rəhmətlik.


Qocanın gözləri yaşardı.


- İndi isə sizə 1993 - 94-ci illərdə başıma gələn hadisələrdən danışım, - Mehdi kişi yandırdığı "Kent"dən dərin bir qullab vuraraq söhbətini davam etdirdi:



MAMEDİ LOTU SÖHBƏTİN TOYUNDA GÖRDÜM


1993-cü ildə bərk xəstələnmişdim. Tubdispanserdə ikiaylıq kurs keçməli idim. Amma əlim aşağı olduğundan iki dəfə lazaretdəki lepilanı razı sala bilmədiyimdən oraya düzəlməyim müşkülə çevrildi. Çor - peşiman dispanserdən çıxıb evə getmək istəyirdim ki, qapıda Masallı Mamedlə Ağbaş Çingizlə rastlaşdım.


- Burda neynirsən, Zolotoy? - deyə görüşdükdən sonra Mamed sakitcə soruşdu.


- Səncə on səkkiz il Sibir zonlarında çifir vurub, balanda yeyən tubikdə neynər? - suala sualla cavab verib salamatlaşmaq üçün əlimi uzadanda məni buraxmadılar.


Masallınski ehmalca qoluma girib:


- Gedək, bratvaya baş çəkək, sonra səni haraya istəsən ötürərəm, - qulağıma pıçıldadı.


Bombeyski palatada xeyli adam vardı, hamısı da yaxşı uşaqlar. Malış Söhbət, Vosmoski Vaqif, Fred Asif, Rəmiş...Vosmoyski Vaqifin vəziyyəti onda ağır idi, yataqdan qalxmırdı. Amma Masallınski ilə biz bunların otağına girəndə durdular ayağa. Stolun üstündə də quş iliyi, can dərmanı, vərəmli xəstə üçün nə lazımdırsa hamısı... Nə başınızı ağrıdım, bunlarla danışdıqca görürdüm ki, canlara dəyən patsanlardır. Mən də adamtanıyanam axı. Yüz il qala qəlp pulu həqiqisindən ayıra bilmərəm, amma qəlp adamı da görkəmindən oxuyuram. Mamed Lotu Söbəti bir azacıq kənara çəkib pıçıldaşmağa başladılar. Danışıq qurtaranda başa düşdüm ki, söhbət mənim haqqımda gedib. Malış Söhbət məni tanıyırdı, ancaq bu vaxtacan aramızda yaxın ünsiyyətimiz olmamışdı.


Nə isə, orda yeyib-içdik, keçmişdən danışdıq, başıma gələn xata-bəlalardan danışdım, ünsiyyət yarandı. Yanımda əyləşən Rəmiş elə bir ucdan qabağımdakı nimçəni doldurur, "kentim mənim, yaxşıca yeginən ki, rəngin-ruhun açılsın" - deyərək böyrümü dümsükləyirdi. Elə orda Masallınski mənə bir dəvətnamə verdi ki, inşallah üç gündən sonra Söhbətin toyu olacaq, sən də ora dəvətlisən.


Dağılışanda Mamedlə Söhbət mənimlə dispanserin baş həkiminin yanına getdilər. Lepila bir saat əvvəl mənə "heç koridorlarda da yerimiz yoxdur" demişdi, amma Mamedin tapşırığından sonra məni dörd nəfərlik palatada yerləşdirəcəyinə söz verdi:


- Sabah tezdən gələrsən, nə lazımdırsa təşkil edəcəklər.


Qara Qarayev metrosunun yanında Masallınski də maşından düşdü, əlini ehmalca cibimə salıb:


- Bratan, bunları xərcləginən, sonrasına da, nə lazımın olarsa, utanma, Söhbətə deyərsən, - pıçıldadı.


Ondan iki gün sonra da Söhbətin toyuna getdim. "Qaya" restoranı ilə üzbəüz iri mağar qurmuşdular. Qəşəng də toy keçdi. Söhbəti ortaya gətirəndə lotular hərəsi cibindən bir dənə "puşka" çıxarıb partaparta başladılar. Mən heç orda tapança atmayan adam görmədim. Onu deyim ki, toyda hökumət tapançası gəzdirən oğlanlar da az deyildi. O toyda indi vəzifədə olan elə adamlar vardı ki, adlarını desəm, qulağına inanmazsan.


Söhbəti toyxanaya Mirseymur, Bülbüləli Tahir və başqa yaxşı oğlanlar gətirdilər. Musiqiçilər də növbənöv. Bir tərəfdə Rəmişin, bir tərəfdə Niyaməddinin dəstəsi, başqa yerdə Ağadaşın ansamblı, bir tərəfdə də Bərdəli Vidadinin. Çalıb-oxuyan çox idi. Düzü, hamısı yadımda qalmayıb, amma onu bilirəm ki, elə bir musiqi aləti yox idi ki, onun kamil sənətkarı həmin toyda iştirak eləməsin.


Barıt tüstüsündən adamın az qalırdı boğazı qovuşa. Lotular da oynamazlar axı. Rəmiş "Beşatılan"ı çalanda vorlar qol-qola girib ayağa durmuşdular. Bəxtiyar, Meyranquluoğlu Ənvər, Gülağa, Masallınski Mamed, Ağbaş Çingiz... Yəni oynamaq-fason bir şey eləyirdilər. Onlar ayağa duranda çalançıların başına göydən pul yağmağa başladı. Toy dağılanda Masallınski Rəmişi kənara çəkib əlini cibinə salanda eşitdim:


- Qardaşım, iki gün əvvəl axı sizinlə də, Söhbət bəylə də dispanserdə duz-çörək kəsmişəm, utandırarsan məni, - Rəmiş dilləndi. - Siz mənə hörmətinizi eləmisiniz. Mənə elədiyiniz ən böyük hörmət sizlərlə bir məclisdə əyləşib çörək yemək idi, o da qismətim oldu. Artıq heç nə lazım deyil"...


Zolotoy Mehdi dərindən nəfəs alıb yenədə "Kent" yandırdı.


Şəkidən Çinqaçquk qardaşları deyirlər, Natiqgil gəlmişdi. Ağsaqqallıq eləyənləri Yetim Hüseyn idi, NZS Ağa idi. Mən onlarla da çörək də kəsdim. Hikmətlə mən Mirseymurun toyunda, Nardaranda görüşə bildim. Bu görüşün də səbəbkarı Masallı Mamed oldu. Hikmətə dedi ki, Mehdi kişi Moskvaya gəlsə, ona bazarların birində çax-çux eləməyə şərait yarat. Rəhmətlik Hikmət də bir söz demədən əlini gözünün üstünə apardı. Bütün ömrüm boyu Masallınski Mamedə rəhmət oxuyacaq, duaçı olacağam. Allah ona qəni-qəni rəhmət eləsin. Amin!


Rəhmətlik Mamed məzlumların çörək ağacı, dayağı idi...

(ardı var)

B. Çələbi