Onun həqiqətənmi, gilas almağa pulu yoxdur?

Onun həqiqətənmi, gilas almağa pulu yoxdur?

23 İyun 2022 10:55
Bəyəndim (0) Bəyənmədim (1)

Allah haqqı, bizə yaxşılıq yoxdur. Xeyrimizə danışana da vedrə qoşuruq, ziyanımıza danışana da...

Millət vəkili Fəzail Ağamalı mövsüm meyvələrinin bahalığından gileylənib. Əslində, hər kəsin dediyi sözü deyib. İndi hamı bahalıqdan şikayətlənir.

Möcüzə kimidir. Kənddə həyətlərdə 1 manata satılan meyvələrə Bakıda satış mərkəzlərində, marketlərdə 5 qat bahasına qiymət qoyulub. İnsanlar sözün əsl mənasında tamarzı qalıblar. Bu niyə belə olur, araşdırılmalıdır. Kəndlinin alın təri ilə becərdiyi məhsulu ondan 1 manata alıb paytaxtda 7-8 manata satışa çıxaranın hansı şəbəkə olduğu müəyyən edilməlidir. Bunun qarşısı təcili alınmalıdır. Çünki məsələ artıq sosial narazılığın pik həddinə çatmaq ərəfəsindədir. Tərəvəzlərlə bağlı durum da təxminən eyni vəziyyətdədir.

Bunu Fəzail Ağamalı da görür. Bəlkə də səbəbini bilir və problemi ictimailəşdirmək üçün açıqlama ilə çıxış edir. Deyir ki, bu vaxta qədər imkan edib mövsüm meyvələrindən ala bilməyib. Çünki qiymətləri bahadır: “Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”.

İndi iki gündür sosial şəbəkələrdə deputatı hoydu-hoyduya götürüblər. Onun gilasla “caps”ları düzəldilib paylaşılır. Biri deyir ki, maaş vaxtı deputata 1 kilo gilas alıb hədiyyə göndərəcək. O biri deputatın manipulyasiya etdiyini bildirir. Başqası da Ağamalının əmlaklarının siyahısını paylaşır ki, bəs, onun milyonları var, niyə belə danışır?!

Danışanda da vay, danışmayanda da...

Ağamalı bu problemi özünəməxsus şəkildə ictimailəşdirib. Bahalığa etirazını bildirib. Hər kəsin demək istədiyini, hətta çoxlarının deyə bilmədiyini deyib. Mən əminəm ki, bunu başqa bir adam - məsələn, doktor Rəşid Mahmudov desəydi, alqışın biri bir qəpikdən olacaqdı. Bəs, Fəzail Ağamalı deyəndə reaksiya niyə belə olur? Bu sualın cavabı uzun ola bilər. Ona görə də uzunçuluğa ehtiyac yoxdur: Burada şəxsiyyətə münasibət həlledicidir.

İndi gələk məsələnin digər tərəfinə: Həqiqətənmi, Fəzail Ağamalının 8 manatı yoxdur ki, bir kiloqram gilas alsın?! Məzə tutmağı dayandırın! Əminəm ki, o istəsə, 8 yox, lap 18 manatdan da yeşiklərlə gilas alar. Buna maddi imkanı çatır.

Problemi dilə gətirərkən alt qatda hansı niyyətinin olduğundan xəbərsizəm. Amma səslənən problem hamımızı narahat edir. Lap dəqiq ifadə etsəm, deputat kasıb təbəqə ilə empatiya quraraq belə bir açıqlamayla çıxış edib. Həqiqəti deyib. Haqq danışıb. Etirazını bildirib...

Bəs, bunun qarşılığında nə alır? Elə onun səsləndirdiyi problemdən əziyyət çəkən təbəqə, biz deputat haqda lətifələr qoşuruq. Əsl anektod da elə budur.

Özüm özümə sual edirəm: Görəsən, növbəti dəfə Fəzail Ağamalı hər hansı sosial problem haqda danışmaq istəyərkən hazırkı situasiyanı yada salıb tərəddüd edəcəkmi? Onu bilmirəm, amma bu reaksiya ilə qarşılaşan çox adam “nəyimə lazımdır?!” deyib keçərdi.

P.S. Son illər qəribə olmuşuq. Deputat susanda da söyürük, danışanda da. Biz nə istəyirik?

Gilası bildim. Başqa nə istəyirik?..

Elnur Məmmədli, Yenisabah.az