“Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə...”

“Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə...”

22 İyun 11:36
150
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər. İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir.

Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk Qrupunda fəaliyyət göstərə bilməyəcək. Bunun qarşılığında Azərbaycana və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk Qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir. Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, yox e “birgə çalışmalıyıq”. Səbəb nədir?

Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk Qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda – enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur.

Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir. Aydındır ki, Vaşinqton rəsmən Minsk Qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə Minsk Qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq.

Elxan Şahinoğlu, politoloq