MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ

MÜQƏDDƏS ŞƏHİDLİK ZİRVƏSİ

20 İyun 20:45
132
Bəyəndim (4) Bəyənmədim (0)
 

Şəhidlik ən uca müqəddəs bir zirvə, ən ali məqamdır. Bu zirvəyə və məqamə hər kəs yetişə bilmir. Lakin şəhidlik zirvəsinə ucalanlar isə tarixə qovuşaraq, tarixdə qalırlar. Şəhidlik zirvəsinə ucalaraq tarixə qovuşub xatirələrdə və könüllərdə əbədi yaşayanlardan biri də, barəsində bəhs edəcəyim şəhid Alı Nofəl oğlu Həsənli haqqındadır.

Alı Nofəl oğlu Həsənli 22 İyun1995-ci ildə Bakı şəhərində anadan olub. Ata-anası və 2 bacısı ilə birlikdə yaşayan Alıgilin ailəsi 5 nəfərdən ibarət olub. Evin tək oğul övladı olan Alı 1sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220-saylı məktəb-liseyin1-ci sinifinə qəbul olub və 2012-ci ildə həmin məktəbin11-ci sinfini bitirib. 2012-ci ildə TQDK-nın keçirdiyi qəbul imtanında iştirak edən Alı, 430 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub və 2016-cı ildə həmin ixtisas üzrə ali təhsilini başa vurub. Alı Həsənli 2016-cı ilin-20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə radio telefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci ilin iyul ayının 4-də hərbi xidməti tam başa vuraraq ordudan təxris olunib. Universiteti və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik İdarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb. 2020-ci ilin 21-sentyabr tarixində SHXÇDK-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. Ailəsinin yeganə oğlu olan Alı Nofəl oğlu Həsənli 21.09.2020-ci ildə könüllü olaraq işdə olan vaxtı telefonunu söndürərək, ailəsindən xəbərsiz təlimlərə qatılmışdır. Təlimlərdə N saylı hərbi hissənin 3-cü taborunda “Rabitəçi” kimi qulluq edib. 27 Sentyabr -2020-ci il tarixində Azərbaycan Respublikasının erməni təcavüzkarlarına qarşı başladığı əks hücum əməliyyatı “Vətən Müharibəsi”ndə iştirak etmişdir. Həmin gündən Alının döyüş yolu Füzuli rayonunun azad olunması uğrunda başlamışdır. Düşmənin çoxlu canlı qüvvəsini məhv edərək xeyli sayda ağır texnikasını, silah-sursatlarını qənimət kimi əldə etmişdilər. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının azadlığı uğrunda digər silahdaşları kimi o, da mübarizə aparmışdır. Hamının arzusu kimi Şuşanın azad olunmasını və zəfər bayramını görmək onun da arzusu idi. Lakin bu bayramı görmək ona qismət olmadı. Oktyabr ayının 20-si axşam saatlarında düşmənin 022 saylı desant qrupunun pusqusuna düşərək həmin döyüşdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Döyüş yoldaşlarının dediyinə görə, həmən günü 35-şəhid, 40-dan çox yaralı olub. Həmin taborun döyüş fədakarlığı Respublika da bəllidir.

Alının necə bir döyüşçü olması qazilərin verdiyi məlumatlar və mediada gedən döyüş vidolarından məlum olur. Öz şücaəti ilə haqqlı mübarizəmizin iştirakçılarından olan Alının döyüş yoldaşı Ayaz Allahverdiyevin Alı və Alının Şəhid olması haqqında olan xatirəsindən: “Hadisə, 20 oktyabr axşam saatlarında düşmənlə üzbəüz gəldikdə baş verdi. Onlar bizim formada olduqları üçün əvvəlcə çaşdıq. Sonra gördük bizimkilər deyil, onları vurduq. Daha sonra mövqeyi dəyişmək istədik ki, uşaqlar müdafiə xətti qura bilsin. Alını kürəyindən vurdular. Mən ağır yaralandım, qarnım və budumdan güllə dəydi. 5 nəfərlik qrupdan Əzizov Tərlan və mən sağ qaldıq”.

Qazi Süleymanın xatirələrindən: “Oktyabrın 19-u axşamı hava çox soyuq idi. Plaş palatkanın altında yatmışdıq. Alı dedi ki, nəfəsimizi nəfəsimizə verib yataq. Səhərəqədər hər ikimiz nəfəsimizi bir-birimizə verib yatmışıq”.

Onun döyüş yoldaşlarının dediklərinə əsasən, döyüş zamanı, Alı şəhid qardaşlarının neyrtral zonalardan çıxarılmasında komandir ad çəkməmiş, könüllü olaraq irəli atılarmış. Döyüşlərdə hücuma keçənlərdən birincisi də elə Alı idi. Həyatda hər zaman birinci olmaq istəyirdi. Ən uca zirvə olan Şəhidlik zirvəsində rahat uyu, Alı.

Ali Baş Komandan İlham Əliyev tərəfindən Alı Nofəl oğlu Həsənlinin döyüş fəaliyyəti yüksək qiymətləndirilərək ölümündən sonra 15 dekabr 2020-ci il tarixində “Vətəni uğrunda”, 25 dekabr 2020-ci il tarixində “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunması” medalları ilə təltif edilib.

ALI HƏSƏNLİNİN ANASININ DİLİNDƏN

İmkan vermədi fələk, üzüm gülsün,

Balam xoş günlərin xoşbəxti olsun.

Gözümün işığı o, birdənəydi,

Alı istəkliydi, şirin tikəydi.

***

O, mənə hər kəsi edirdi əvəz,

Onsuz bu dünya da mənə dar qəfəs.

Boğuluram sanki, almıram nəfəs,

Allahım, səbr ver, səbrim tükəndi.

***

Ağlımda o qədər suallar var ki,

Özüm də cavabın tapa bilmirəm.

Allah özü üçün böyütmüş sanki,

O, qüsursuz insan, mükəmməl idi.

***

Görüşmədi bizimlə, o, işdən getdi,

Qanadlanıb uçurdu, çox sevinirdi,

Qarabağı alacağıq deyirdi.

Haqq davamız olduğunu bilirdi.

***

Döyüşdə olduğun qəti bilmədim,

Zəng etdi, son dəfə səsin eşitdim.

Saatlarla danışardım bilsəydim,

Alı dərdin demirdi, bildirmirdi.

***

Cəbrayılın Gecəgözlü kəndində,

Sübh namazı çəkilən vaxt ərzində.

Dostlarla qalır o mühasirədə,

O mənfur düşmənlər hiylə eylədi.

***

Onlar tələ qurub hədlərin aşıb,

Üç rəngli bayrağı göyə qaldırıb.

Aldanıb tələyə düşüblər orda,

Şəhidlik şərbətin içirlər onda.

***

Bəs edərdi düşmənin ordusuna,

Dönmüşdü ildırım alovlarına.

Alı sanki, alınmaz bir qalaydı,

Cəsarətli, cüssəli əjdahaydı.

***

Alı o qədər safdır, sadə təmizkar,

Könüllü getmişdi o bir xilaskar.

Cəbhədə rabitə işin bacarır,

Şəhid dostlarını neytraldan çıxarır.

***

Oğul yoxluğuna barışa bilmirəm,

İçimdə çəkirəm dərdi, demirəm.

Alı tay-tuşundan yaman seçildi,

Dumana, buluda dönmüşəm indi.

***

Ürəyimin şah damarı kəsildi,

Bu olanlar, nəfəsimi kəsibdi.

Sənin bu yoxluğun mənə qənimidir,

Düşmənə nifrətim, sonsuz kəsgindir.

Şəhid Alı Həsənlinin atası Nohəl müəllimin könlünün səssiz fəryadına ithaf edirəm.

DƏRDİMİN DƏRMANI

Bir ata tanıdım məğrur, dözümlü,

Ovuda bilmədim onun, könlünü.

Bitirə bilmədim o son sözümü,

Soruşdum mən ondan ata, necəsən?

***

- Gündüzü olmayan günəşi sönmüş.

Yaşayan ölüyəm, dünyadan köçmüş.

Elə bil Tanrının üzündə dönmüş,

Sanki bir gecəyəm, qara bürünmüş.

***

Bir ağır yük alıb çiyinlərinə,

Yer tapa bilməyir, ata özünə.

Söz deyə bilmədi, kövrək qəlbinə,

Köksündə sızlayan oğul dərdinə.

***

Hiss etdim qəlbinin yanğı odunu,

Ürəyi kövrəlmiş sözlə doluydu.

Ürək hökm eylədi, dedi ki, gözlə,

Atanı dinlədim məndə, diqqətlə.

***

Könlünün harayı əsla bitmədi,

Sanki uca göydən imdad istədi.

Danışmaq istədi oğlu Alıdan,

Gözünə pay aldı qəm karvanından.

Nə dərdi bitəndi, nə sözün sonu,

Danışdı, dinlədim yenidən onu.

***

-Dünyada yaşayan sanki ölüyəm,

Dərmanım Alıdı, mən xəstəsiyəm.

Dərdimin dərmanın çağırın gəlsin,

Yaramın üstünə məlhəmin çəksin.

***

İtirdim mən Alı adlı balamı,

Cəbrayılda ölüb şəhid qalanı.

Qayıtmayıb, qaytardılar torpağı,

Xarıbülbül vətəni Qarabağı.

***

Yurdumuzda torpağın haqq davası,

Könlümüzdə açdı oğul yarası.

Ay-ulduzlu gözəl parlaq sancağı,

Sərdik üzərinə deyərək ağı.

Məzarın üstünün o bəzəyidir,

Şəhidlik zirvəndə o əbədidir.

P.S: Haqq və şərəf savaşımız olan Vətən müharibəsində həlak olan şəhidlərimiz qədirbilən xalqımız və dövlətimiz tərəfinidən daim yad edilir və bundan sonra da əbədi olaraq xatırlanacaqlar. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayırıq!

Sevda İbrahimli