Məni adam yerinə qoymur, qulağım eşidə-eşidə məşuqəsiylə danışır...

Məni adam yerinə qoymur, qulağım eşidə-eşidə məşuqəsiylə danışır...

13 İyun 17:16
316
Bəyəndim (0) Bəyənmədim (0)

İmkanım olsaydı xəyanət sözünü ümumiyyətlə lüğətdən silərdim. Çünki, insan oğlu yaranandan bu andıra qalmış xəyanətdən şikayət edə-edə üzübəri gəliblər. Günah Adəmlə Həvvadadır. Gül kimi xəyanətsiz bir həyatı əl-ələ verib yaşayırdılar da, niyə artıb-törədilər axı? Nə isə...

Keçək əsas məsələyə. Yəni, qadın xəyanətinə. Vallah, desəm ki, Xəyanətin tam mərkəzində kişi durur, onda hamı "bəs qadının abrına, ismətinə nə gəlib?" deyib, məni daş-qalaq edərlər. Ona görə deməmiş olum.

Görən, qadın niyə xəyanət edir? Elə-belə, özüm özümdən soruşuram. Axı qadın durduğu yerdə niyə xəyanət etsin ki? Deyirəm bəlkə, qayğıya, sevgiyə ehtiyacı var? Bəlkə, ərinin məşuqələrinin artdığını görüncə, qisas hissindən yanıb-tökülür? Bəlkə, başına-gözünə vurub sevmədiyi, hətta iyrəndiyi birinə ərə veriblər? Hə, tapdım, yəqin ərinin kişiliyi, mənliyi o qədər aşağıdır ki, qadın üstündən rahatlıqla o tərəf - bu tərəfə tullana bilir. Nə bilim... Mən onlara haqq qazandırmıram. Əsla! İstənilən halda xəyanət iyrəclikdir! İllah da ki, ortada uşaq varkən. Bu kişi xəyanətinə də aiddir. Nə olsun ki, tibbdə qeyd olunur ki, kişilərin xəyanət etməsi onlarda baş verən hormonal dəyişiklikdən irəli gəlir, ay nə bilim, İslamda deyilir, kişilər 4 arvad ala bilər və s. Ümumiyyətlə, ailə qurarkən, ailənin müqəddəsliyini dərk edilməlidir. Edilmədisə, bir tərəfi mütləq faciəyə gəlib dirənəcəkdi. Mən öz şəxsi müşahidələrimdən bir-neçəsini qeyd edim; Qonşuluqda bir qadın ərinin xəyanətlərindən o qədər bezdi ki, intihar elədi. Çünki, o, ərini sevirdi, nə boşanıb ondan ayrı qala bildi, nə xəyanətlə barışmağı bacardı, nə də qisas ala bildi.

Tanıdığım bir qadın da danışırdı ki, ərim xəyanətiylə məni o qədər bezdirdi ki, getdim mən də ona xəyanət etdim. Amma o qədər peşmanam ki. Axı, mənə bu lazım deyildi. Indi özüm-özümdən iyrənirəm, elə bilirəm dünyanın ən çirkli insanıyam.

Hələ qohumluğumda biri var, gördüm o qədər ağlayıb ki, gözü-başı şişib. Deyir, həyatımdan bezmişəm, insan nə qədər alçalar? Hər gün yedizdirirəm-içizdirirəm, əynini-başını yuyuram, ütüləyirəm, bir sözlə nazıyla oynayıram, yenə iynə ucu qədər qayğı, sevgi görmürəm. Məni adam yerinə qoymur, qulağım eşidə-eşidə məşuqəsiylə danışır, elə qəşəng sözlər deyir ki, ona. Boşanmaq da istəmirəm, axı iki balamız var. Danışdıqca, bədəni əsirdi. Yazığım gəldi ona. Dedim, belə olmaz, xəstəlik taparsan, istəyirsən, səni psixoloqa aparım? Bıy dədə, elə bil gəlinin yanğısının üstünə benzin tökdün. Necə coşdusa, qorxdum. Dedi, elə ərimin məşuqəsi psixoloqdur. Hələ, əri də var.

Dediyimə peşman oldum.

Nə isə... uzun sözün qısası, xəyanət faciədir. Amma mənə bilirsiniz nə maraqlıdır? Normal kişi ailəli qadına niyə tamah salsın ki? Axı kişi öz payını yeyər, başqasının payına tamah salmaz... Bax görürsünüz, ailəli qadınların xəyanətinə başqa tərəfdən baxanda da, yenə gözə kişilər dəyir.

Hə, bir də bunu deyim, fikrimi bitirim. Ay kişilər, var-yox bircə erogen zonanız var, ona da yiyəlik edə bilmirsiniz. Amma qadınlar dırnaqdan təpəyə erogendir, ehtiyatlı olun!

İlhamə NASİR