Üçüncü dəfə Rusiya nazirinin ipi çəkiləcəkmi?

Üçüncü dəfə Rusiya nazirinin ipi çəkiləcəkmi?

10 İyun 09:53
107
Bəyəndim (0) Bəyənmədim (0)

Delimitasiyanın Fərruxa nə dəxli var?

Rəvayətlərin birində deyilir ki, bir ölkənin padşahı heç danışığını bilən deyilmiş və o qədər səhvlər edirmiş ki, hər dəfə vəzir, vəkil güc bəla ilə bu səhvləri düzəldirmiş. Bir dəfə başqa ölkənin nümayəndələri ilə danışıqlardan əvvəl belə qərara alınır ki, padşahın ayağına ip bağlasınlar və səhv söz deyəndə ipi çəkib xəbərdar etsinlər. Danışıqlar başlayır və padşah iki dəfə yanlış danışmağa başlayanda vəzir ipi çəkib padşahın səhvlərini düzəldir. Üçüncü dəfə padşah fildən danışmaq əvəzinə milçəkdən söhbət salır, amma bu dəfə vəzir ipi çəkmir və padşah bir xeyli səfeh sözlər danışır və gələn qonaqlar narazı qalıb məclisi tərk edirlər. Görüş bitəndən sonra padşah vəzirdən niyə ipi çəkmədiyini soruşur. Vəzir: “möhtərəm padşah, iki dəfə etdiyin səhvi birtəhər oxşadıb düzəltdim, amma milçəyi fil edə bilməyəcəyimi görüb ipi çəkmədim”.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna prezidentinin yəhudi olmasını Hitlerin də bir tərəfinin yəhudi olması ilə müqayisə edib paralellik aparmışdı. Bu müqayisə ciddi rezonans yaratdı və bu dəfə padşah-prezident Putin, vəzir-nazir Lavrovun “ipini çəkdi” və qarşı tərəfdən üzr istəməyə məcbur oldu. Bu gün də Sergey Lavrov İrəvanda mətbuat konfransı zamanı Azərbaycanla Ermənistan arasında delimitasiyadan danışanda Fərrux dağını da delimitasiyaya qatıb və delimitasiya məsələləri müzakirə ediləndə bu problemlə də məşğul olacaqlarını bildirib. Mətbuat konfransı zamanı “ipçəkən” olmadığı üçün Lavrovun dövlət sərhədini təmas xətti ilə qarışdırması yayıldı və Azərbaycan tərəfdən haqlı narazılıqla qarşılandı. İrəvanda buraxılan səhv bir neçə saatdan sonra Moskvada düzəldildi, yəni “ip çəkildi”və Rusiya XİN-in rəsmi saytında Lavrov və Mirzoyanın mətbuat konfransının stenoqramı belə yayıldı: “ Biz gözləyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Sergey Lavrov kifayət dərəcədə təcrübəli bir diplomatdır və rəvayətdəki padşah kimi səhv danışan biri deyil. Lavrov Rusiya siyasəti nəyi nəzərdə tuturdusa onu söyləmişdi, sadəcə Azərbaycanda bu incə məqamın necə reaksiya veriləcəyinin nəbz yoxlanışını aparırdılar. Sergey Lavrov bir həftədən çoxdur ki, xarici səfərlərdədir. Hava məkanları Balkanlarda üzünə bağlı oldu və görünür Serbiyaya gedə bilməməsi onsuz da aqressiv xarakteri olan Rusiyanın baş diplomatını daha da aqressivləşdirib. İrəvandakı mətbuat konfransında söylənilmiş yanlış ifadə siyasətlə yanaşı həm də aqressivliyin nəticəsi ola bilərmi?

İki ölkə arasında sülhün yaranmasına münasibət bildirən Sergey Lavrov daha çox nəqliyyat infrastrukturuna diqqət yönəldib. Lavrov: “Biz bilirik ki, bu, erməni xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bütün nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması istiqamətində görülən işlər ölkənizin inkişafı, ticarət-iqtisadi əlaqələrimizin, sırf insani münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bizim ümumi evimiz, Cənubi Qafqaz evi üçün çox faydalıdır. Biz kömək etmək üçün əlimizdən gələni edəcəyik”.

Əgər erməni xalqı üçün Lavrovun dediyi kimi “xüsusi əhəmiyyət kəsb edir”sə, ardınca erməni kolleqası Ararat Mirzoyan niyə həmin yol infrastrukturuna aid olan Zəngəzur dəhlizinin perspektivini qəbul edilmədiyini söyləyir? Mirzoyan:“Təbii ki, dəhliz məntiqinin yeri yoxdur və vurğulamaq istəyirəm ki, bu, ümumi bir qavrayışdır”. Erməni tərəf bir daha açıq şəkildə bildirir ki, Zəngəzurdan açılan yol dəhliz statusunda tranzit yol olmaycaq.

Ümumiyyətlə, Ararat Mirzoyan da Ermənistandan çox Azərbaycandan danışıb, müharibə bitəndən bəri dilinə gətirmədiyi ittihamları Azərbaycanın ünvanına söyləyib. Xüsusilə, mart ayında Fərrux dağı ətrafında baş vermiş hadisələri vurğulayaraq Azərbaycanı “Dağlıq Qarabağ ərazisinə” daxil olmaqda ittiham edib.

İstər Rusiyanın, istərsə də Ermənistanın Brüssel prosesindən sonra siyasi gedişlərində və ritorikalarında Azərbaycana qarşı həm kəskin dəyişiklik, həm də aqressivlik açıq hiss olunur. Məğlub Ermənistana ruh verən təbii ki, Rusiyadır. Paşinyan iqidarına olan təzyiqin dolayısı təsiri Azərbaycana qarşı yönəlib. Ermənistan iqtidarına qarşı küçə etirazları iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşı yönəldiyi açıq şüarlarla bildirilir və qaynağın Rusiyadan gəldiyi şübhə doğurmur. Bu əvvəllər də belə olub, indi isə hədəf birbaşa Qarabağdır. Rusiya siyasi prosesləri İrəvandan çəkib birbaşa Xankəndinə yönəldir. RİA Novostinin Beqlaryan reklamı, Konstantin Zatulinin keçmiş Dağlıq Qarabağın keçmiş rəhbərləri, saxta “rus icması” və Qarabağdakı hərbi kontingentin komandanı general Volkovla görüşü, Ermənistan baş prokurorunun Xankəndinə nümayişkənarə səfəri və nəhayət Fərruxun delimitasiyaya aid edilməsi son 10 günün hadisələridi. Qarşıda Rusiyanın Qarabağda nə deyəcəyi, nə edəcəyi böyük sual yaratmır. Üçüncü dəfə ip çəkilməyə bilər. Milçək əvəzinə qarşımıza FİL çıxmasına hazır olmalıyıq.

İlham İsmayıl