"Bu oyunu elə Qarabağda pozmaq lazımdır..."

"Bu oyunu elə Qarabağda pozmaq lazımdır..."

19 Aprel 10:17
207
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan baş naziri Nikol Paşinyanın bu günkü Moskva səfərinin proqramı kifayət dərəcədə zəngindir. Yalnız Vladimir Putinlə deyil, baş nazir Mişustin, Dumanın spikeri Volodin, RF Şurasının sədri Matviyenko ilə görüşlər də nəzərdə tutulur, hətta Nijni Novqorod şəhərinə getmək də səfər proqramına salınıb. Əgər Paşinyan yalnız Kreml sahibi ilə görüşüb geri dönmüş olsaydı, bu səfər proqramının detallarına diqqət yetirməmək də olardı. Brüssel görüşünün və Azərbaycanla sülh müqaviləsi bağlanmasının zəruriliyi haqqında Paşinyanın verdiyi açıqlamaların Moskvada yaratdığı sərt reaksiya fonunda soyuq bir görüşün gözlənilməsi təbiidir. Amma, elan olunan səfər proqramından hiss olunur ki, Ermənistan baş nazirinin üzünə monoloq söyləyib yola salmaq indiki yaranmış situasiyada Rusiya üçün istənilən nəticəni verməyə bilər. Rusiyanın istəyinin önündə açıq şəkildə sülhdən imtina etmək olmasa da, hələlik, zamanı uzatmaq dayanır. Bu amil Ermənistanın da maraqlarına uyğundur. Zamanı uzatmaqla dünyada dəyişikliyin baş verəcəyinə və beynəlxalq şəraitin onların maraqlarına cavab verəcəyinə inanan ermənilər bu məsələdə daha çox Rusiyaya güvənirlər və elə ona görə də dövlət və cəmiyyət olaraq Ukraynaya qarşı müharibədə birmənalı olaraq Rusiyanın mövqeyini dəstəkləyirlər. Təsadüfi deyil ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan: “beynəlxalq şəraitin indi əlverişsiz olduğunu fərz etsək belə, dünya o qədər sürətlə dəyişir ki, Artsaxın statusunu Azərbaycanın xeyrinə möhkəmləndirmək son dərəcə sadəlövhlük olardı”-deyib, nəyin bahasına olur-olsun hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçmağa çağırır.

Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina etdiyini açıq bildirməyəcəyi məlumdur, amma müharibədən sonra verdiyi bütün vədlərin heç birini reallaşdırmadığı kimi, sülh müqaviləsini də mümkün qədər uzatmağa çalışacağı istisna olunmur. Bəhanələr nə ola bilər və belə bir situasiyada Azərbaycan nə etməlidir?

Ermənistan siyasi müxalifəti, erməni cəmiyyətinin müəyyən bir kəsimi indiki şəraitdə Bakı ilə sülh müqaviləsindən bütün vasitələrlə qaçmaq üçün Paşinyana təzyiq edir, artıq onu hakimiyyətdən uzaqlaşdırmaq fəaliyyətinə başlayıb. Nikol Paşinyanın rəqiblərini neytrallaşdırmaq üçün əlində birinci bəhanəsi Ermənistan Konstitusiyasıdır. 5 iyul 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə müddəası əksini tapıb və uyğun olaraq, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu inkar edən hər hansı müqavilə Ermənistan Konstitusiyasının preambulasına və Ermənistanın Müstəqillik Bəyannaməsinə zidd olacaq. Ermənistan Konstitusiyasının 116-cı maddəsinin 3-cü hissəsinə əsasən isə, “Konstitusiyaya zidd olan beynəlxalq müqavilələr ratifikasiya edilə bilməz”. Bu, ilk baxışda Paşinyan tərəfindən inandırıcı bir arqument kimi irəli sürülə bilər. Təsəvvür edin ki, Paşinyan Konstitusiyada dəyişiklik etmək təklifi ilə çıxış edir və bunun üçün referendum keçirilməlidir. Parlamentdə, bütövlükdə erməni cəmiyyətində diskussiyalar başalayır və referendum keçirilməsi müzakirələri aylarla davam edir. Bu gün “statusun plankasının aşağı salınmasından” danışan Paşinyanın sabah ona olan təsir və təzyiqlərin nəticəsində əks fikir bildirməyəcəyinə zəmanət yoxdur. Yəni, qeyd etdiklərimiz bu gün ehtimal kimi, həm də çox böyük ehtimal kimi görsənir, amma sabah reallıq olaraq qarşımızda dayananda Ermənistanın və havadarının “zamanı uzatmaq” oyunun arxasınca gedə bilmərik.

Azərbaycan öz maraqlarına uyğun olan siyasətinin zaman kəsimini diqtə etməli, şərtlərini sərtləşdirməlidir. Azərbaycan aprelin sonunadək sərhədlərin delimitasiyası üçün yaranması nəzərdə tutulan ikitərəfli komissiyanın tərkibini elan edib, qarşı tərəfin də adekvat addım atmasını tələb etməli və komissiya ləngimədən fəaliyyətə başlamalıdır. Sərhədlərin delimitasiya və ardınca demarkasiya işlərinin praktikada uzun müddət apardığını nəzərə alaraq, Brüssel görüşündə xarici işlər nazirliklərinə tapşırılmış sülh müqaviləsinin hazırlığı barədə diplomatik hesabatlar gündəmə gəlməli, ikitərəfli görüşlər intensivləşməli və ən əsası, konkret vaxtı müəyyənləşməlidir. Qarşı tərəfin pozucu fəaliyyəti olduğu halda, Avropa İttifaqına, Rusiyaya, ABŞ-a məlumatlar təqdim edilməlidir.

Ermənistan sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə qaçarsa, bu o demək deyil ki, biz Ermənistanın şıltaqlığı ilə oynayıb, onun ardınca sürünməliyik. Sülh müqaviləsi olmadan da biz öz işimizlə məşğul olmalıyıq. Bu oyunu, elə Qarabağda pozmaq lazımdır. Erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının konkret vaxtı təyin edilməlidir. Rusiya ilə martın 22-də başlamış bu məsələnin rəsmi müzakirəsi yaxın vaxtlarda davam etməlidir. Nəzərə alaq ki, Ermənistan silahlı qüvvələrinə aid hərbi çağırışçıların may ayında vaxtı tamamlanır. Ermənistanın onları yeniləri ilə əvəz etməsinə imkan vermək olmaz. Yeni Laçın yolu istifadəyə verildiyi gündən sərhəd nəzarət məntəqəmizin yaradılması və müvəqqəti olaraq Rusiya hərbi kontingenti ilə birlikdə fəaliyyət göstərməsi həll edilməlidir.

10 noyabr 2020 üçtərəfli razılaşmasına əsasən azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisinə qayıtmasının və nəticədə birgəyaşayışın sülh üçün ən yaxşı səbəb olduğunu ilk növbədə Rusiya Federasiyasına, paralel olaraq Avropa İttifaqına bildirməli və ləngimədən məskunlaşma işlərinə start verilməsi tərəflər qarşısında qaldırılmalıdır.

Qarşı tərəf( lər) real hərəkətlər görmədikcə canlarına istilik keçmir. Real hərəkət isə Fərruxdur, real hərəkət erməni deputatların sərhəddən buraxılmamasıdır.

Ermənistan bilməlidir ki, sülh müqaviləsi olmadan da Azərbaycan ərazi bütövlüyünü tezliklə həll etmək iqtidarındadır və prosesi ləngitmək nə Qarabağın qalan hissəsində dövlət nəzarətimizin bərpasının, nə də dövlət sərhədimizin tam müəyyənləşməsinin qarşısını ala bilməz.

İlham İsmayıl