"Prezidentin bu açıqlaması Rusiyaya açıq mesajdır..." - Azərbaycana qarşı hansı qüvvələr birləşir?

"Prezidentin bu açıqlaması Rusiyaya açıq mesajdır..." - Azərbaycana qarşı hansı qüvvələr birləşir?

14 Aprel 11:12
264
Bəyəndim (0) Bəyənmədim (0)

"Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Prezident İlham Əliyev aprelin 12-də nazirlərlə bu ilin birinci rübününün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın valyuta gəlirlərinin artdığını, qeyri-neft sektorunun inkişafını vurğulamaqla yanaşı Qarabağdakı vəziyyət və Ermənistanla münasibətlərdən də danışdı, mesajlarını verdi.

Birincisi, İlham Əliyev ilk dəfə Qarabağda Fərrux kəndinin və Fərrux yüksəkliyinin nəzarətə götürülməsi barədə fikrini bildirdi. Prezident dedi ki, Azərbaycan ordusu Fərrux yüksəkliyini nəzarətə götürməsəydi, oradakı silahlı separatçılar daima azad olunan Ağdam şəhərinə və su anbarlarına təhlükə yaradacaqdı. Buna görə də Prezident Fərrux dağının Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu vurğuladı.

İkincisi, Prezident hərbi məsələlərin həlli üçün vəsaitin artırılacağını bildirdi. İlham Əliyev Ermənistanın silahlanmasına son qoyulmasını belə izah etdi: “Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.

Prezidentin açıqlamasının bu hissəsi Rusiyaya mesajdır. Çünki Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiyadır. İlham Əliyev Kremli xəbərdar edir ki, Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək.

Bu Kremli narahat etmir. İlham Əliyev müharibədən dərhal sonra Rusiyaya bir neçə dəfə belə bir sual ünvanladı: “İsgəndər-M raketləri Ermənistana niyə verilib?”

Rusiyanın heç bir rəsmisi və yüksək rütbəli hərbçisi bu məsələyə aydınlıq gətirmədi. “İsgəndər M” raketləri Ermənistana verilməməliydi. Rusiyanın Ermənistana verdiyi bu raketlərdən Azərbaycan əraziləri vuruldu, mülki insanlar həlak oldu.

Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi nöqteyi-nəzərdən zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcək. Bunu açıq və gizli yollarla həyata keçirəcək. Azərbaycan hərbi büdcəsini artırır, Ermənistanın Azərbaycanla bu sahədə yarışması mümkün deyil. Buna görə də Ermənistan Rusiyadan yardım istəyəcək. Kreml keçmişdə olduğu kimi Ermənistanı silahlandırmaqda davam edəcək.

Üçüncüsü, İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bəyanatda Minsk Qrupunun xatırlanmaması da xeyrimizədir. Prezidentin sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi qəbul edib. Bu o deməkdirmi ki, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və Azərbaycana qarşı ərazi iddiasından əl çəkir?

Bunu gələcək danışıqlar göstərəcək. Çünki Ermənistan rəsmiləri verdikləri açıqlamalarda yenə də Qarabağın “statusunun” müəyyənləşməsi məsələsini də qaldırırlar.

Əlbəttə, Ermənistan rəsmiləri bu açıqlamanı daxili auditoriyanı və separatçıları sakitləşdirmək üçün səsləndirirlər. Ancaq Ermənistan rəsmiləri qapalı görüş və müzakirələrdə verdikləri vədi yerinə yetirməyəcəklərsə, iki ölkə arasında sülh mümkün olmayacaq. Brüsseldə həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların yaradılması razılaşdırıldı. İndi əsas məsələ işçi qrupların fəaliyyətə başlamasını sürətləndirməkdir. Çünki bu prosesə mane olmaq istəyən qüvvələrin sayı çoxdur. Bunlar Ermənistanın Qarabağ klanının simasında radikal müxalifət, Qarabağdakı separatçılar, dünyadakı erməni lobbisi və Rusiyadakı mərkəzlərdir. Bu qüvvələr birləşərək Azərbaycanla Ermənistan arasında birbaşa dialoqa və müzakirələrə mane olmağa çalışacaqlar.

“Atlas” Araşdırmalar Mərkəzi