Əli Nağıyev: Peşəkar kəşfiyyatçı və mahir strateq

Əli Nağıyev: Peşəkar kəşfiyyatçı və mahir strateq

9 Noyabr 12:34
709
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan xüsusi xidmət orqanlarının 44 günlük müharibə zamanı fəaliyyəti haqda Ermənistan mediası və ekspertləri indiyə qədər əfsanələr danışırlar.

Hansı dəqiqliklə işləyib, düşmənin içinə necə sızıb və ən məxfi informasiyalarla ordumuzu necə təmin edib?

Bunların açılması üçün yəqin ki, bir neçə onillik lazım gələcək. Ancaq müharibə illərində erməni hərbi-siyasi ekspertlərinin “Azərbaycan kəşfiyyatı nəinki Ermənistanda, hətta İrəvanda da çox aktiv işləyir” deyə xoflanırcasına verdiyi açıqlamalar bir daha Əli Nağıyevi gündəm etdi.

Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri gətirildiyi ilk günlərdə də istisnasız olaraq bütün müstəqil ekspertlər, hətta müxalif kəsim belə onu peşəkar olaraq xarakterizə edirdi. Xüsusilə Eldar Mahmudovun kor qoyub, darmadağın etdiyi və hüquq-mühafizə orqanlarının elitası sayılan qurumu sahibkarları şərləyib, haqq alan subyektə çevirməsindən sonra Milli Qəhrəman Mədət Quliyevin başladığı təmizləmə prosesinin dərhal ardından peşəkar kəşfiyyatçının DTX-ya rəhbər gətirilməsindən gözləntilər həddən artıq çox idi.

Əli Nağıyevin də üzərinə olduqca böyük məsuliyyət düşürdü: illərlə çalışdığı və pillə-pillə qalxdığı bu strukturun imicini qısa müddətdə özünə qaytarmalı, Mahmudovçuların başı adam şərləyib, pul qazanmağa və milyardlar ələ keçirməyə qarışan vaxt ölkəni bürüyən agentlərin əl-qolunu yığmalı, Azərbaycanı xarici kəşfiyyatçıların torundan xilas etməli idi.

Əli Nağıyevin gəlişi ilə DTX-ya peşəkarların geridönüşü başladı. Bu qurumda ömrünü xərcləyən, Eldar Mahmudovun fırıldaqçılığında və şəbəkəsində heç vaxt adı hallanmayan və buna görə də bir müddət qurumdan uzaqlaşan Əli Nağıyev kiminlə işləyəcəyini də, nələr edəcəyini də çox yaxşı bilirdi.

Hər şey isə ilk gündən başladı: DTX-çıların dəvət etdiyi və ya müraciət etdiyi insanlara münasibəti dəyişdi. İstintaq, yaxud şahid kimi dəvət edilənlər bu qurumdan ancaq yüksək nəzakət, mədəniyyət və peşəkar yanaşma gördülər.

VİP-çi Əli Əliyev “nümanəsi” cəmi iki gün öncənin olayıdır: bu şəxs özü onunla qurumda yüksək nəzakətlə rəftar edildiyini deməkdən çəkinmədi.

Eynilə Heydər Əliyevin zamanında, Namiq Abbasovun rəhbərlik etdiyi MTN kimi... Çünki Əli Nağıyev Heydər Əliyev məktəbini keçən peşəkar əməliyyatçıdır. Bu əməliyyatçının işi isə tam fərqlidir və bunu Eldar Mahmudov və onun indi içəridə olan komandası təsəvvür belə edə bilməz.

İndi DTX - ən iri “akulaları”, korrupsionerləri, rüşvət alan və dövlət büdcəsini talayan yüksək vəzifəliləri dəqiq, videolu-faktlı, yəni təkzibedilməz faktlarla ifşa edən qurumdur;

İndi DTX – xarici xüsusi xidmət orqanlarının şəbəkəsini darmadağın edən, prosesi daim nəzarətdə saxlayan, məqamı çatanda casusları təmizləməyi bacaran peşəkarlar ocağıdır;

İndi DTX – mollaların bu ölkənin din damarına yeritməyə çalışdığı zəhərə qarşı ən aktiv zərdabdır;

İndi DTX – xüsusi təyinatlıları ilə yağı düşmənin canına qorxu salan igidlər yeridir;

İndi DTX - hətta müharibədən sonra cəmi ikicə saata iki kəndə nəzarəti və onlarla qanunsuz silahlı ermənini ələ keçirməyə qadir və yeni mövqeyindən bircə sm geri çəkilməyən GÜCdür.

İndi DTX – düşmən casuslarını “informasiya manipulyasiyası” ilə əlində tutmağı və düşmənin ən dərin yerlərinə sızmağı bacaran əsl çekistlər birliyidir;

İndi DTX adı gələndə doğrudan da vətəndaşlar güvədə olur...

Bu, Əli Nağıyevin peşəkarlığı, peşəsinə sədaqətidir.

Əli Nağıyevin xoşbəxtliyi isə... 8 noyabrda doğulmasıdır.

Bəli, artıq tariximizə qızıl hərflərlə yazılan 8 Noyabrda ad gününü də keçirmək həm də ikiqat qürurdur.

Əli Nağıyev: 1958-ci il noyabrın 8-də Naxçıvanda, Babək rayonunda anadan olub, 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

General-polkovnikdir.

Çoxsaylı mükafatları, təltifləri var: “Azərbaycan Bayrağı” ordenindən, “Vətən uğrunda” medalından tutmuş “Zəfər” ordeninə qədər.

Ancaq onun ən yüksək mükafatı DTX-nin bugünkü imicidir!

DTX-nın ən böyük mükafatı Qələbəmizdə, Zəfərimizdəki müstəsna xidmətləridir!

Prezident İlham Əliyev də 44 günlük savaşla bağlı danışarkən DTX-nın xüsusi fəaliyyətini və peşəkarlığını bir neçə dəfə vurğulayıb.

DTX haqda ictimai rəy də artıq budur: Ordumuzdan sonra güvənilən qurum!

Əgər bu gün media qurumları, siyasi partiya rəhbərləri, sosial şəbəkə istifadəçiləri ürəklə Əli Nağıyevin xidmətləri haqda yazırlarsa, demək, DTX rəhbəri bacarır!

DTX Laçın dəhlizində quş səkməyini də görür!

DTX Xankəndi və ətrafında neçə erməninin qaldığını da sayına, yaşına qədər bilir!

DTX Xankəndiyə gələn yük maşınının yükünə də bələddir.

Bu, artıq nəticədir və bu nəticələrin davamlı olmasını arzulayırıq.Axar.az