Rusiyalı kəşfiyyatçı-diplomatın müəmmalı ölümü

Rusiyalı kəşfiyyatçı-diplomatın müəmmalı ölümü

8 Noyabr 00:09
98
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın “Der Spiegel” nəşrinin məlumatına görə, oktyabrın 19-unda, təxminən saat 7:20-də Berlin polisi Rusiya səfirliyinin binasının yuxarı mərtəbəsinin pəncərəsindən yerə düşmüş kişinin cəsədini aşkarlayıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb: həmin şəxsin Rusiya diplomatı olduğu bəllidir və səfirliyin nümayəndələri alman istintaqının xidmətlərindən imtina edərək, hadisəni isə bədbəxt təsadüf adlandıraraq cəsədi özləri ilə aparıblar. Səhərisi gün mərhumun cənazəsi Rusiyaya yola salınıb.

Kirill Jalonun internetdə tapılan yeganə fotosu

Jurnalistlərin bilgilərinə görə, həlak olan şəxs səfirliyin ikinci katibi olub və 2019-cu ilin yayında Berlinə akkreditasiya olunub. Söhbət 35 yaşlı Kirill Jalodan gedir. O, Rusiya diplomatik xidmətində sıravi birisi deyil, FTX-nin konstitusiya quruluşunu müdafiə İdarəsinin rəisi, general-leytenant Aleksey Jalonun oğludur. Həmin idarə Rusiya FTX-sinin İkinci xidmətinin struktur bölməsidir və konstitusion quruluşun müdafiəsi, terrorizmlə mübarizə sahələrinə məsuldur, yəni İŞİD-ə qarşı mübarizədən başlamış müxalifəti ram etməyə qədər çeşidli fəaliyyət göstərir. Böyük ehtimalla, Rusiyanın Almaniyadakı səfirliyinin ikinci katibi də FTX-nin peşəkar kadrı olub - XİN-də də, bənzər ailələrdə də bu cür qəbul olunub. Hər halda, Der Spiegel-in məlumatına görə, alman təhlükəsizlik xidmətində bu qənaətdədirlər.

KİV-lər diqqəti ona yönəldir ki, Kirill Jalo Berlindən əvvəl Rusiyanın Müdafiə nazirliyinin Vyanadakı nümayəndəliyinin üçüncü katibi olub. Almaniyaya 2019-cu ilin yayında təyinat alıb. İki ay sonra burada Rusiya xüsusi xidmətlərinin təqibindən gizlənən keçmiş çeçen səhra komandiri, Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili qətlə yetirilib. Ona qarşı əvvəl də sui-qəsd olub - o vaxt Xanqoşvili hələ Gürcüstanda yaşayırdı. Bundan sonra bir neçə ölkə dəyişir, nəhayət Almaniyada məskunlaşır. 2019-cu ilin 23 avqustunda qatil arxadan ona velosipeddə yaxınlaşaraq bir neçə dəfə atəş edir. Killer çox tez ələ keçir və onun ad-soyadının Vadim Krasikov olduğu müəyyənləşir. Almaniya federal prokuroru 2020-ci ilin iyununda Krasikova qarşı sifarişli qətllə bağlı ittiham irəli sürür, Rusiya hakimiyyəti isə “sifarişli qətlin əsas faktoru” adlandırılır.

Cinayəti analiz edən müstəntiqlər bu nəticəyə gəlirlər ki, killerin yardımçısı da olmalıdır: Krasikov Berlinə qətldən cəmisi bir neçə saat əvvəl gəlib və kimsə ona qurbanlığın marşrutunu xəbər verməli və hadisə yerini tərk etmək üçün nəqliyyat vasitəsi - velosiped və ya elektrik samokatı ilə təmin etməliydi. O da bəlli olub ki, Vadim Krasikov Almaniyaya səfərindən əvvəl dəfələrlə FTX-nin antiterror mərkəzinin ofisinə baş çəkib və həmin mərkəz məhz İkinci xidmətə tabedir.

Zəlimxan Xanqoşvilinin öldürülməsi əməliyyatında Kirilli Jalonun rolunun olub-olmadığı dəqiq məlum deyil, ancaq onun ölümünün təfərrüatları olduqca şübhəlidir və böyük ehtimalla diplomatın fəaliyyətinin sirli tərəfləri ilə bağlı hansısa problemlərdən xəbər verir. Bu cür adamlar ehtiyatsızlıqdan pəncərədən yıxılmırlar. Yuliya Medvedeva, Haqqın.az