İran Azərbaycanı müharibə ilə təhdid edir, Türkiyə bəs niyə susur?

İran Azərbaycanı müharibə ilə təhdid edir, Türkiyə bəs niyə susur?

19 Oktyabr 2021 00:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yayında imzalanan Şuşa bəyannaməsinə əsasən Azərbaycana təcavüz Türkiyəyə təcavüz hesab ediləcək və Ankara dərhal Bakının köməyinə gələcək. Bu baxımdan son vaxtlar İranın müxtəlif bəhanələrlə Azərbaycanı təhdid etməsi diqqəti cəlb edir. Lakin nə qədər qəribə olsa da Qarabağ müharibəsində Azərbaycana ən yüksək səviyyədə dəstək verən qardaş Türkiyənin yüksək səviyyəli rəsmiləri birgə hərbi təlimlər istisna olmaqla susmaqda davam edirlər. Halbuki biz hamımız gözləyirdik ki, Türkiyə rəsmi şəkildə, ən yüksək səviyyədə hər hansı müdaxilə baş verəcəyi təqdirdə bunun Türkiyə-İran müharibəsi olacağı və dərhal Azərbaycanın köməyinə gələcəkləri barədə Tehrana sərt şəkildə xəbərdarlıq edəcəklər. Amma hələlik biz bunun şahidi olmuruq. Sanki Türkiyənin yüksək səviyyəli rəsmiləri Şuşa bəyannaməsində əksini tapanları unudublar...

Bu baxımdan Azərbaycanın İranın təhdidləri qarşısında tək qalması təəssüratı yaranıb. İstənilən halda Prezident İlham Əliyevin Füzuliyə son səfəri zamanı yerli sakinlərlə görüşündə “qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq” deməsini də təsadüfi hesab etmək olmaz. Yenə də qeyd edək ki, İranın təhdidləri ilə bağlı Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlər qarşı tərəfə cavab olsa da, qardaş ölkənin yüksək səviyyəli rəsmilərinin ən azından hər hansı təcavüz baş verəcəyi təqdirdə Azərbaycanı tək qoymayacaqlarını bəyan etməsinə və qarşı tərəfə xəbərdarıq etməsinə ciddi ehtiyac duyulur. Hələliksə Türkiyənin yüksək səviyyəli dövlət rəsmilər, o cümlədən Prezident və ya ən azından Xarici işlər naziri səviyyəsində belə xəbərdarlıq edilmir... Niyə və nə üçün? Bunu başa düşməkdə sözün düzü çətinlik çəkirik... Türkiyə rəsmilərinin susmasından istifadə edən İran isə tək və köməksiz olduğunu düşünərək Azərbaycanı təhdud etməkdə davam edir. Belə bir vəziyyətdə İranın təhdidlərinin və ölkəmizə müdaxiləsi təhlükəsinin qarşısını yalnız Türkiyənin öncədən Tehrana etdiyi xəbərdarlığı ala bilər. Əks halda, yəni İranın müdaxiləsi baş verəcəyi halda Türkiyənin gecikmiş xəbərdarlığı heç bir əhəmiyyət daşımayacaq...

Əziz Nustafa