AZAL-dan dövlətin imicinə zərbə : Ən müasir təyyarələrə malik olduğu halda niyə Bakı-İstanbul reysinə köhnə təyyarələr buraxır?

AZAL-dan dövlətin imicinə zərbə : Ən müasir təyyarələrə malik olduğu halda niyə Bakı-İstanbul reysinə köhnə təyyarələr buraxır?

21 Sentyabr 2021 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda dövlət səviyyəsində hava nəqliyyatı xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət şirkəti olan AZAL-ın beynəlxalq tələblərə cavab verən səviyyədə sərnişin daşıması üçün adıçəkilən quruma milyardlarla manata ən müasir təyyarələr alınıb. Necə deyərlər sərnişindaşımada istifadə edilən müasir təyyarələrlə təchiz edilmə baxımından AZAL-a nəinki əksər qonşu ölkələr, hətta dünyanın inkişaf etmiş bir çox ölkələri belə həsəd apara bilər. Buna baxmayaraq AZAL-ın hansı səbəb və ya səbəblərdən Bakı-İstanbul və İstanbul-Bakı marşrutlarında köhnə təyyarədən istifadə etdiyi məlum deyil. Axı bütün hallarda hava limanı xaricdən gələnlər üçün vizit kartı hesab edilir və onlarda gəldikləri ölkə barədə müəyyən təsəvvür yaradır. İndi təsəvvür edin, köhnə sınıq-salxaq təyyarələrlə İstanbul-Bakı və geriyə Bakı-İstanbul reysi ilə uçan təyyarələrin sərnişinlərində ölkəmiz barədə hansı mənfi rəy formalaşacaq?

Aydın məsələdir ki, belə sınıq-salxaq təyyarələrlə ölkəmizə bir dəfə səfər edən xarici ölkə vətəndaşı növbəti dəfə respublikamıza gəlməyə tövbə edəcək. Yeri gəlmişkən qeyd edək ki, İstanbul-Bakı marşrutunda 2001-ci ildə istehsal edilən BOEİNG-757-200 təyyarəsindən istifadə edilir. Bu tip təyyarələr isə artıq sərnişindaşıma üçün köhnə hesab edilir. Təyyarədə sərnişin oturan oturacaqların çoxu üzun illərdir istifadə edildiyindən yararsız hala düşərək əyilib. Bu da sərnişinlərin narahatlığına səbəb olur. Belə ki, oturacaqların əyilməsi nəticəsində sərnişin ayaqlarını yığaraq oturmağa məcbur olur. 3 saat ərzində belə vəziyyətdə oturmaq isə həqiqətən də çox çətindir. Digər bir məsələ isə monitorların köhnə olması və dəqiq vaxtı göstərməməsi ilə əlaqədardır. Monitorlar Bakı ilə Istanbul vaxtını dəqiq göstərmir və bu da sərnişinlərdə əlavə narahatlığa səbəb olur. Eyni sözləri tualet, əlyuma yerləri barədə də demək olar və adı çəkilən yerlərdə natəmizlik hökm sürür. Bunlar hələ saydıqlarımızın bir qismidir. Aydın məsələdir ki, özünə hörmət edən, imkanı olan adam ikinci dəfə AZAL-ın xidmətindən istifadə etməyəcək. Ümumiyyətlə buraya qiymətlərin də dünya səviyyəsindən bir neçə dəfə baha olmasını əlavə edəndə AZAL-ın xidmətlərindən istifadə etmək istənilən sərnişin üçün məqsədəuyğun olmayacaq.

Bəs niyə AZAL sərnişindaşımada dünya səviyyəsindən daha baha olan qiymətlər tətbiq etməsinə baxmayaraq özünün tabeliyində olan müasir sərnişin təyyarələrindən istifadə etmir? Bəlkə AZAL sərnişindaşımada köhnə təyyarələrdən istifadə etməklə təzələrinin özəlləşdiriləcəyi günü gözləyir? Bu suala cavab tapmaqda isə biz acizik… Yeri gəlmişkən onu da xatırladaq ki, hazırda AZAL sərnişindaşıma üçün nəzərdə tutulan 2 ədəd Boeing 787-8, 2 ədəd Boeing 767-300ER, 3 ədəd Boeing 757-200, 2 ədəd Airbus A340-542, 7 ədəd Airbus A320-214, 4 ədəd Airbus A319-100–a malikdir. Amma onların əksəriyyətindən İstanbul-Bakı və Bakı-İstanbul reyslərində istifadə edilməməsi başa düşülən deyil. Yenə də çox təəssüflər olsun ki, AZAL-ın yarıtmaz fəaliyyətindən son illərdə dəfələrlə yazılmasına baxmayaraq adı çəkilən şirkətin rəhbərliyi bundan nəticə çıxarmağa tələsmir.

AZAL-ın belə bir yarıtmaz fəaliyyəti Prezident İlham Əliyevin də diqqətini cəlb edib. 2020-ci ilin avqust ayında Prezident çıxışında AZAL-ın bütün təyyarələrinin dövlət tərəfindən alındığını, bütün aeroportların dövlət tərəfindən tikildiyini və əvəzində AZAL-ın dövlətə heç bir mənfəət vermədiyini bildirərək şirkətin fəaliyyətini tənqid edib: “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? ( 6 avqust 2020. İlham Əliyev SOCAR, AZAL, ADY və Azərenerji-nin fəaliyyətini tənqid etdi)
Prezidentin məlum çıxışının üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq AZAL-ın fəaliyyətində müsbət istiqamətdə hər hansı bir irəliləyiş hiss edilmir. Amma nə vaxta kimi?

Emin Axund