Azərbaycanda koronavirus biabırçılığı: Evdə koronavirusdan ölən xəstəyə TƏBİB yaxın durmur

Azərbaycanda koronavirus biabırçılığı: Evdə koronavirusdan ölən xəstəyə TƏBİB yaxın durmur

21 Sentyabr 14:14
167
Bəyəndim (0) Bəyənmədim (0)

Müvafiq qurumların, o cümlədən TƏBİB-ın Azərbaycanda koronavirusun yoluxmasına qarşı mübarizə apardıqlarını iddia etmələrinə baxmayaraq adı çəkilən sahədə özbaşınalıq və xaos baş götürüb getməkdədir. TƏBİB-in yarıtmaz fəaliyyətini və koronavirusla mübarizəni özbaşına buraxdıqlarını vətəndaşlarımızın adı çəkilən qurumun tabeliyində olan müalicə ocaqlarına müraciət etməkdən imtina edərək evdə müalicəyə üstünlük vermələri də bir daha sübut etməkdədir. Əhali arasında müalicə deyil, “ölüm ocaqları” adı ilə tanınan TƏBİB-in tabeliyində olan əksər xəstəxanalarda neqativ halların baş verdiyini, korrupsiyanın baş götürüb getdiyini bu yaxınlarda bir neçə tibb müəssisənin rəhbərlərinə qarşı cinayət işinin başladılması da sübut edir. Buna baxmayaraq hadisələrin gedişi göstərir ki, TƏBİB bu məsələni özbaşına buraxaraq adı çəkilən sahədə hər hansı qanun-qayda yaratmaq niyyətində deyil. Bunu bir neçə gün əvvəl evdə koronavirusdan müalicə olunan vətəndaşın vəfat etməsi ilə bağlı baş verən hadisə də təsdiq edir. Evdə koronavirusdan vəfat edən mərhumənin yaxınları müvafiq qurumlara, o cümlədən TƏBİB-in nəzdindəki xəstəxanalara müraciət edərək onun yuyulması və dəfni üçün köməklik göstərmələrini xahiş ediblər. Çünki koronavirusdan vəfat edənə qorxudan heç kim yaxın durmur. Məsələ ilə bağlı dəfələrlə TƏBİB-ə və müvafiq qurumlara, o cümlədən Operativ qərargaha zəng edilsə də telefona cavab verən yoxdur. Nəticədə meyit ortada qalıb. Vəfat edəni 9-cu mərtəbədən birinci mərtəbəyə kim düşürməlidir, onu kim yumalıdır? Uzun axtarışlardan sonra məlum olub ki, koronavirusdan ölənləri Sabunçuda xüsusi yerdə yuyurlar. Lakin heç bir sürücü xəstələnəcəyindən qorxaraq meyiti oraya aparmaq istəmir. Bu isə əsl biabırçılıqdır. Nəhayət minbir çətinliklə də olsa vəfat edənlərin yaxınları vəfat edəni özləri dəfn edə biliblər. Əslində TƏBİB bununla bağlı müvafiq təhlükəsizlik qaydalarının tətbiq edilməsi barədə hansısa addımlar atmalı və və daha çox insanın yoluxmasına səbəb olan problemin aradan qaldırılmasına xidmət edən qaydalar hazırlamalı idi. Amma TƏBİB qeyd etdiyimiz kimi bu işi özbaşına buraxaraq xəstəliyin daha da geniş yayılmasında katalizator rolunu oynayır. Bir sözlə TƏBİB problem aradan qaldırmamaqla koronavirusun ölkəmizdə daha da geniş şəkildə yayılmasına rəvac verməkdədir. Görəsən belə vəziyyətdə koronavirusdan ölən şəxsin yaxınları nə etməldirlər, meyit nə vaxta kimi yerdə qalmalıdır? Meyiti yumağa aparmaq üçün həyatını risqə atacaq sürücünü, cənazərni maşına yükləməyə razılıq verəcək adamları haradan tapmalı, onu məzarlığa aparıb necə dəfn etməlidir? Bu suala hələləik cavab verən yoxdur və nəticədə TƏBİB-in günahı üzündən əsl biabırçı vəziyyət əmələ gəlib. Görəsən bu biabırçılığa haçansa son qoyan tapılacaqmı? Nəhayət əgər TƏBİB həqiqətən də ölkəmizdə koronavirusa yoluxmanın qarşısını almaq istəyirsə, onda evdə müalicə olunaraq vəfat edən şəxsin meyitinin yuyulması, məscidə aparılması, məzar qazılması və dəfn edilməsi üçün müvafiq tədbirlər planı hazırlamalıdır. Zənnimizcə koronavirusdan ölənin dəfni TƏBİB nəzdindəki xəstəxanalarda çalışan həkimlərin, həmçinin təcili yardım maşınlarının vasitəsi ilə həyata keçirilməlidir. Əks halda xəstəliyin daha da geniş yayılmasına yol açan problemlər qalmaqda davam edəcək…

Emin Axund