Üç maraqlı adam – şən yəhudi, türkçü fransız, poliqlot alban

Üç maraqlı adam – şən yəhudi, türkçü fransız, poliqlot alban

19 Sentyabr 09:39
137
Bəyəndim (0) Bəyənmədim (0)

Xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə təmsil olunan həmvətənlərimiz istər-istəməz müxtəlif ölkələrdən gəlmiş, fərqli millətlərdən olan onlarla adamla ünsiyyətdə olur, onların ölkəmiz haqqında fikirlərini öyrənir. Bu söhbətlər çox vaxt səmimi atmosferlərdə baş tutduğundan hər kəs düşündüyünü dilə gətirir, söz açdığı ölkəylə bağlı başqa fikirləri varsa, çəkinmədən deyir.

Daşkənddə təşkil olunan beynəlxalq mədəniyyət tədbirlərinin (“Özbəkistanın mədəni miras həftəsi – yeni intibahın fundamenti” 5-ci beynəlxalq konfrans, “Xivə - Türk dünyasının mədəniyyət paytaxtı – 2020”) açıq hava restoranlarında keçirilən bədii-kulinarıya hissəsində hər dəfə bir masa arxasında oturduğumuz müxtəlif ölkə təmsilçilərinin Azərbaycana dair pozitiv fikirlərini eşitmək çox xoş idi. İndi o bizə simpatiyası olan maraqlı adamların bir neçəsini təqdim edirəm.

Kasada konyak içən şən yəhudi

Bu şəkildə gördüyünüz şəxs Rafael Nektaldır. Özünü “sadəcə Rafik, sizin Rafik” kimi təqdim edən cənab Nektal Buxara yəhudisidir, etnomusiqi bilicisidir, ABŞ-da yaşayır və Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatorudur.

18ea8019-9f94-448c-9372-5b3f2cf3a84e.jpg (63 KB)

Rafik olduqca şən, ünsiyyətcil adamdır, hər ciddi sözünün arxasını mütləq səviyyəli zarafatla bitirir. O, masamıza təşrif buyuran kimi, azərbaycanlı olduğumuzu bildi, yerindən qalxıb gəldi, mehribancasına bizimlə tanış oldu, dövlət başçımızı təriflədi, 44 günlük müharibədə hər gün, hər saat yanımızda olduğunu, buna görə erməni dostlarının ondan incidiyini dedi, daha sonra bütün masa iştirakçılarına elan etdi ki, Azərbaycan elə bir ölkədir, orada yəhudiləri heç vaxt qısqanmayıb, incitməyiblər. Mən cənab Nektalın bu sözünə qarşılıq verərək, 2-3 il əvvəl Eldar Namazovun ingilislər və yəhudilərin münasibəti barədə dediyi sözü perefraz edib zarafatla dedim ki, azərbaycanlılar yəhudiləri ona görə qısqanmırlar ki, onları özləri qədər ağıllı hesab edirlər.

Sonra Rafael Nektal bir neçə yəhudi lətifəsi danışdı, yəhudilərin və azərbaycanlıların heç vaxt yalan danışmadığını bildirən Rafik sözünün arxasını zarafatla gətirdi: “Sadəcə, onların fantaziyası genişdir, bəzən arzuladıqlarını gerçəklik kimi təqdim edirlər”. Qəfildən o, ayağa qalxaraq Azərbaycanın mədəniyyət nazirinin məclisdə olduğunu bildirdi və onunla tanış olmağın vacib olduğu deyərək getdi. 15-20 dəqiqədən sonra o, gəlib yerində oturdu və onunla tanış olmaq istəyən iki nəfər masamıza yaxınlaşdı. Biri Kalmıkiyadan, o biri Xakasiyadan olan kişilər idi. Elə oldu ki, dördlükdə söhbət edəsi olduq. Xakasiyalı Timur şaman idi və Ankarada yaşayırdı. Rafael Nektal dedi ki, bax, burada hərəmiz bir dinə tapınırıq, amma necə də gözəl anlaşırıq. Mən ona dindar olmadığımı dedim və o cavab verdi ki, özü də dindar deyil. Fikir verdim ki, o, bayaqdan özbək kasasında heç də yaşıl çay içmir, konyak içir. Rafik gülə-gülə danışır ki, axırıncı prezident seçkisi vaxtı Qubada müşahidəçi olarkən yeyib-içirmiş, axırda yerli yəhudilərin acığı tutub ki, biz hamımız burada adət-ənənələrimizə hörmət edirik, amma sən “otdıxat” edirsən.

Mən bu maraqlı adamdan müsahibə almaq istədiyimi demək istərkən, birdən-birə o özü dedi: “Mister, bəlkə məndən müsahibə alasan. Axırıncı dəfə keçən il müharibə vaxtı sizin rusdilli qəzetə müsahibə vermişəm, başlığı beləydi ki, “Mən buraya sevgimi etiraf etməyə gəlmişəm”. Yenə danışa bilərəm”. Razılaşdıq ki, bunu o, Bakıya növbəti dəfə gələndə edərik. Amma bizim Rafik vizit kartı vermədən, sağollaşmadan qəfildən aradan çıxdı, güman ki, kiminləsə tanış olmağa getdi.

Toyunu Özbəkistanda edən fransız

Bu şəkildəki oğlan isə fransız Mark Tutandır. Markla tanış olanda adını soruşdum, “Mağk” dedi. Bir də soruşdum, kağıza yazıb verdi. Mark türkcə, rusca, özbəkcə, farsca, ingiliscə və təbii ki, fransızca bildiyindən hamıyla söhbət edə bilirdi. Söhbətimiz zamanı anlaşıldı ki, o, Nəvaişünasdır, lap gəncliyindən Özbəkistanda ciddi araşdırmalar aparır, hətta o, öz fransız sevgilisi ilə toyunu məhz Özbəkistanda edib, indi 43 yaşı, iki övladı var və həmişə bu ölkədə keçirilən mədəniyyət tədbirlərinə qatılır.

8de9766d-f0b6-417f-9ae1-d36d0ef393a7.jpg (56 KB)

Markdan Nizamini tanıyıb-tanımadığını soruşdum, cavab verdi ki, Nizami Gəncəvini də tanıyır, Məhəmməd Füzulini də, hər ikisinin əsərləri ilə tanışdır, amma hələ Azərbaycanda olmayıb.

Ağlıma gəldi ki, belə adamların adlarını dəftərin bir küncünə qeyd etmək, hansısa beynəlxalaq tədbir keçirəndə mütləq dəvət etmək, dost qazanmaq lazımdır. Oturub-durub “fransızlar bizi sevmir” deməklə iş aşmaz.

Biz söhbət edərkən, xarəzmli koordinatorumuz yanaşdı, ana dilimizə yaxın dildə sözlər dedi və Ürgençdən olduğunu bildirdi. Mark dərhal ona belə reaksiya verdi: “Sizin dillərinizin yaxın olması təbiidir. Çünki xarəzmlilər də oğuz türküdür, siz də”. Adam regionun incəliklərini bu qədər bilir, yəni.

Udinləri xəbər alan müsəlman alban

Bu kişi isə albaniyalı Ermal Begadır. Onunla da qeyri-rəsmi atmosferdə tanış olduq, söhbətləşdik. Ermal (mən ona əvvəlcə Elmar deyirdim) vaxtilə 4 il İranda oxuyub, farsca əla, türkcə isə, özü demişkən, az-maz konuşur. Bundan başqa, o, italyanca, ingiliscə, fransızca, yunanca da bilir. Özü deyir ki, bu dillərdə hər gün nəsə oxuduğundan, yazışmalar apardığından onları yaxşı bilir, amma türkcəni işlətmədiyindən yavaş-yavaş lazımi sözləri də unudur.

1720abf6-a521-47e8-9267-6c311d14196b.jpg (39 KB)

Ermal Bega Azərbaycandan olduğumu biləndə İranda çox sayda azərbaycanlının yaşadığı bildirdi və onların məskunlaşdıqları şəhərləri saydl: Tehran, Təbriz, Urmu, Ərdəbil, Astara, Culfa, digər sərhədyanı rayonlar. “Musiqiniz də əladır”, - dedi Ermal.

Daha sonra o, Azərbaycanda bir kənddə 400 albanın yaşadığını bildiyini dedi və fikirləşərək kəndin adını tapmağa çalışdı. Nəhayət, o dedi ki, kəndin adı yadına düşmür, amma Azərbaycandakı albanlar özlərini udin adlandırır. Dedim ki, udinlər Qəbələnin Nic kəndində yaşayırlar və xrisitandırlar. Özü müsəlman olan, amma Azərbaycandakı udin-albanların xristian olduqlarını öyrənən Bega bir balaca təəccübləndi. Mən ona dedim ki, bizim tarixən heç kəsin dini inancıyla işimiz olmayıb, heç kimi dinindən döndərməyə çalışmamışıq. Ermal Bega soruşdu ki, bəs sizin albanlarınız hansı dildə danışır, öz dillərini qoruyub saxlaya biliblərmi. Dedim ki, onlar Azərbaycan türkcəsini bilirlər və öz dillərində danışırlar, amma bu dilin müasir alban dili olduğuna əmin deyiləm. (Gerçəkdən də maraqlıdır, udinlərin dili alban dilinə yaxındırmı, eynidirmi).

Daha sonra o, alban olduğu ilə qürur duyduğunu, albanların qoçaq, cəsur və sadiq insanlar olduğunu, buna görə Osmanlı sultanlarının 36 albana vəzir vəzifəsi, paşa rütbəsi verdiyini qeyd etdi. Ermal Bega lap axırda dedi: “Biz serblər, yunanlar və ermənilər kimi deyilik. Onlar adamı yarıyolda qoya, xəyanət edə bilərlər, biz - əsla”.

Bu adamı da bir dəvətlə ölkəmizin dostuna çevirmək, onun əngin biliklərindən dövlətimizin faydası üçün yararlanmaq olar.

Bizim dost itirən vaxtımız deyil, dost qazanan vaxtımızdır. Musavat.com