Ramin Bayramlı niyə istefa verdi?

Ramin Bayramlı niyə istefa verdi?

13 Sentyabr 2021 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

İlk cümlədəcə qeyd etməliyik: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının vəzifədən istefa verməsi bir mədəniyyət nümunəsi oldu.

O, vəzifədən azad edilməzdən öncə istefa ərizəsi yazdığını sosial şəbəkə hesabında cəmiyyətə duyuran kadr və ya nadir kadrlardan biri kimi yadda qalacaq.

Amma maraqlı olan başqa məsələdir: Ramin Bayramlı niyə təyinatından 21 ay sonra istefa verdi və nə üçün məhz indi?

Ramin Bayramlının ilk təyinatında belə onun haqqında münasibətlər yekdil deyildi, bəziləri hətta onun haqqında Baş Prokurorluqda 2 cinayət işinin olduğu, “Kaspian” və Tibb Universitetinin klinikasında qeyri-şəffaf fəaliyyət göstərdiyi haqda iddialar səsləndirmişdi. Amma bu iddialar çox qısa müddətdə yaddan çıxdı: Ramin Bayramlı səlist və sərbəst danışığı, ictimaiyyətlə ünsiyyəti və gəncliyə məxsus enerji dolu ritorikası ilə qısa müddətdə rəğbət qazanmağı bacardı. Əksəriyyət elə düşünürdü ki, yeni kadr tibb sahəsində olan saysız-hesabsız problemlərin öhdəsindən gəlmək üçün nə lazımdırsa, edəcək.

Ramin Bayramlı nəyi bacarmadı?

TƏBİB yarandığı ilk gündən dövlətin siyasi rəhbərliyinin etimad göstərdiyi qurum olduğu təəssüratı yaranmışdı. Səhiyyə Nazirliyinin səlahiyyətlərinin bir hissəsinin TƏBİB-ə verilməsi, yeni qurumun əhatə dairəsini genişləndirməsi, xəstəxanaların ona tabe etdirilməsi və getdikcə publik hüquqi şəxsə çevrilməsi həm büdcədən sallaşan Səhiyyə Nazirliyinin yükünün azaldılacağı, tibbi sığorta probleminin nəhayət həll ediləcəyi, həmçinin bu gözdən yaş kimi çoxdan düşmüş nazirliyin imicinin heç vaxt düzəlməyəcəyini hökumətin də yaxşı bildiyi və buna görə də onun dəftərxanaya çevriləcəyi, əvəzində TƏBİB-in çevik siyasəti ilə ölən səhiyyəyə inam yaradılacağı düşünülürdü.

Ramin Bayramlıdan gözlənilən və umulan bu idi və ilk vaxtlar bu gənc kadr gözləntiləri doğruldurdu.

Ancaq qısa müddətdən sonra bəlli oldu ki, Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsündə ciddi problem var. Hələ SN-in vəzifəyə təyin etdiyi baş həkimlərin TƏBİB tərəfindən qəbul edilməməsi və ya əksinə proseslər iki qurum arasında uçurumu dərinləşdirməklə yanaşı, başlayan prosesin heç də ağrısız keçməyəcəyini göstərirdi.

İddiasız, iddiasız olduğu qədər də biganə və heç bir fəaliyyəti ilə yadda qalmayan, fəaliyyətsizliyi nəticəsində SN-də tam bir anarxiyanın çiçəklənməsinə misilsiz töhfə verən O.Şirəliyevin vəzifədən alınması və onun yerinə təyinatın indiyə qədər aparılmaması SN-in bir qurum kimi səlahiyyətlərinin məhdudlaşması anlamına, təəssüf ki, gəlmədi. SN yenə də bir neçə strukturu əlində saxlamağa çalışan “canavar” obrazında qalmağa və büdcəyə yük olmağa davam etdi. Bir çox hallarda isə TƏBİB-in daha sərbəst və aktiv fəaliyyətinin önündə kötük rolunu məharətlə oynadı. Hələ TƏBİB haqda mənfi imicin formalaşması istiqamətində çalışmaları bir ayrı aləmdir.

SN – TƏBİB yaranana qədər heç bir sorğuya normal cavab verməyən, ictimai reaksiyanı saya salmayan, səhiyyəni darmadağın etmək siyasətindən dönməyən nazirlik adını qazanmışdı və bu adı qoruyur. Bu qurum yalnız həkimlərin təyinetməsi və ratifikasiyası bazarlığını aparmaqla, səhlənkarlıq nəticəsində ölümlərə bais olan tibb işçilərini qorumaqla və onları yüksəltməklə, xəstəxanaların açıq bazara çevrilməsinə imkan tanımaqla məşğul idi. Ancaq ədalət naminə TƏBİB haqda bu iddiaları səsləndirmək insafsızlıq olardı - yalnız pandemiya başlayana və R.Bayramlının müsbət imici sürətlə dağılana qədər...

Pandemiyanın başlamasının ilk günündən bu ağır, qlobal xəstəliklə mübarizədə ön sırada TƏBİB olub və dövlət bu qurumun məqsədəmüvafiq çalışması üçün bütün yardımları göstərib: Yeni Klinikanın açılmasından, qısa müddətdə 12 modul tipli xəstəxananın hazırlanmasından tutmuş, bir çox mərkəzi xəstəxananın koronavirus xəstələrinə ayrılmasına qədər.

Vaksinlərin alınması və vaksinasiya prosesində də dövlət iradəsi ortada olub. Bu iradə və külli miqdarda vəsait qarşılığında TƏBİB böyük uğurlara imza atmalı və ictimaiyyətin rəğbətini qazanmalı idi. Ancaq bunu bacarmadı!

Məlum oldu ki, pandemiya ilə mübarizə üçün ayrılan xəstəxanaların bəzilərində həkimlər ağır xəstələrin yerləşdirilməsi üçün külli miqdarda rüşvət alır, bir çox xəstələr xəstəxanalara yerləşdirilmir və onlar dərman və həkimlərlə təmin edilmir; vaksinasiyada saxtakarlıq da nə qədər desən...

Halbuki qonşu ölkələrdə belə evdə müalicə alan xəstələrin müayinəsi, dərmanla təminatı və digər məsələlər birbaşa dövlət nəzarətindədir və pulsuzdur.

Azərbaycan pandemiya başlayana qədər süni tənəffüs aparatları və digər zəruri cihazları alaraq, ağıllı və strateji siyasət həyata keçirən, pandemiya ilə mübarizə üçün böyük xəstəxananın açılışını tezləşdirən, modul xəstəxanalar tikən ölkələrin başında gəlirdi və bütün hazırlıqlar görülmüşdü ki, Azərbaycan bu prosesdən ən üzüağ çıxan ölkələr sırasına düşsün. İlk günlər bu istiqamətdə ciddi uğurlar da oldu. Ancaq ikinci və üçüncü dalğaların başlaması ilə “alver” də gücləndi: pandemiya xəstələri üçün dövlətin aldığı dərmanlar apteklərdə peyda olmağa başladı – həm də fantastik qiymətə. Test nümunələri götürülən xəstələrin cavabları bir günə hazır olmalı olduğu halda bir həftəyə qədər gecikdi; təcili yardımın işində gecikmələr başladı – o həddə ki, günlərlə təcili yardım gözləyənlər oldu.

Əvəzində bir neçə saata korona testinin cavabını hazır edən özəl klinikaların meydanı genişləndi, evdə müalicə alan insanlar əlini TƏBİB-dən üzüb, Allaha, apteklərə və fərdi həkimlərə üz tutdular...

Əgər bir il öncə - pandemiyanın yeni-yeni başladığı vaxtlarda TƏBİB-ə təşəkkürlər sosial şəbəkələri bəzəyirdisə, indi yalnız ən yaxşı halda tənqid, bir çox halda isə TƏBİB-ə lənətdən bütün platformalar aşıb-daşır.

Baş Prokurorluğun antikorrupsiya əməliyyatları ilə TƏBİB-in güvənilən kadrlarının içəri atılması isə Ramin Bayramlıya öldürücü zərbə oldu.

“Niyə bu vəziyyət yarandı” sualı, əlbəttə, aktualdır. Bunun üçün korona testi vermək istəyən şəxslərin yığdıqları nömrələrin siyahısına diqqət çəkmək gərəkdir.

Əvvəlcə poliklinika, sonra təcili yardım, sonra SN-nin qaynar xətti, sonra TƏBİB...

Müraciət etdiyin ünvanın kimə tabe olduğu əsas müzakirə mövzusudur. Qurumlar və onların tərkibindəki idarə-şöbələrin xeyli qaynar xətti yaradılıb. Son nəticədə müraciət edilən TƏBİB isə “filan qurum bizə tabe deyil” deyir və yaxud əksinə, SN-dən bu cavabı alırsan.

Bölgü və paylaşım, bir yerdən idarəetmə pozuldu. Bunun tək səbəbi isə TƏBİB-in idarəetməsində problemlərin yaranması, total müraciətləri qarşılamaq üçün hazır olmaması, SN-in yardımına möhtac olması və yaxud bu vəziyyətdən istifadə edənlərin SN-i dirilmək üçün dövriyyəyə girməsidir.

Bütün hallarda R.Bayramlı “köhnə qurdların” məngənəsində nəhayət istefaya məcbur olmasının səbəbini özündə axtarmalıdır: o, idarəetməni mükəmməl şəkildə qura bilmədi və yaxud bəxti gətirmədi. Əgər pandemiya dalğası və total müraciətlər olmasa, bəlkə də tədricən yığılan təcrübə və dövlətin dəstəyi ilə müəyyən uğurlara nail ola bilərdi.

R.Bayramlıya qarşı “özünə villa tikməsi” ittihamları və bunun geniş şəkildə yayılması antitəbliğatdır. Əvvəla, heç də böyük sahəsi olan əzəmətli villa deyil – adi evdir. Amma Ramin Bayramlı niyə o evi indi tikməyə cəhd etməliydi ki?

Yeri gəlmişkən, bu il siyasi karyerasını başa vuran Angela Merkel haqda olduqca maraqlı statistikalar yayılır: kansler iqamətgahdan imtina edərək, şəhərin mərkəzində uzun müddətdir yaşadığı kiçik evdə yaşamağa davam edib, 16 illik kanslerliyi dövründə 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təqdim edib və s. saymaqla bitməyən sadəlik.

R.Bayramlı da daxil olmaqla, yeni kadrlardan gözlənilən bu idi. R.Bayramlı isə nəinki bu cür imic formalaşdırdı, ona qarşı təbliğat aparmağa hazır olan “köhnə qurdlara” bir-birinin ardınca fürsətlər və şanslar verdi.

R.Bayramlının karyerası bitdimi-bitmədimi – bu, ayrı söhbətin mövzusudur və heç kəsi ilgiləndirməz. Ən pisi odur ki, R.Bayramlı gənc, təmiz, şəffaf kadrlarla yeni qurumlar yaradılması prosesinə balta çalanlardan birinə çevrildi. Təəssüf ki, bu kimi uğursuzluqlar hökumət daxilində “ənənəvi idarəetmə” tərəfdarlarının əlini gücləndirən faktora çevrilir və onlar qismən də haqlıdırlar.

Yeni, gənc, xarici təhsilli gənclərin uğursuzluğunun ölkəmizə vurduğu əsas zərbə budur və R.Bayramlı bu məsuliyyətini təəssüf ki, dərk etmədi.

İstefa verdi – hətta gecikmiş qərar olsa da, bunu bacardı. Ancaq maneələri, niyə işləyə bilmədiyini və nöqsanların hardan qaynaqlandığını açıqlamalıdır.

Bir də niyə ev tikməyə girişdiyinə, niyə oliqarxlaşmasına, niyə gözləntiləri doğrultmamasına, niyə nəfsinə qul olmasına aydınlıq gətirməlidir.

Heç olmasa, bununla yeni prosesə bir töhfə verərdi...Axar.az