Rusiya “Üç Qardaş” təlimini həyəcanla izləyir - Səbəbləri

Rusiya “Üç Qardaş” təlimini həyəcanla izləyir - Səbəbləri

12 Sentyabr 14:08
227
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün başlayan və sentyabrın 20-dək davam edəcək Türkiyə-Azərbaycan-Pakistan xüsusi təyinatlılarının “Üç Qardaş - 2021” təlimlərinə ən çox diqqət kəsilən Rusiyadır.

Çünki Rusiya bu üçlünün getdikcə möhkəmlənən hərbi-siyasi əməkdaşlığına, bir tərəfdən, Şimali Qafqaz və Orta Asiya üzərindən onun daxilinə nüfuz edə biləcək çox güclü bir rəqibin – “Müsəlman Bloku”nun ilkin formalaşma prosesi kimi baxır, o biri tərəfdən də bu bloku cənub sərhədlərinin təhlükəsizliyinin təminində zorən müttəfiq olaraq görür.

Xüsusən də Pakistan kəşfiyyatının idarə etdiyi “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişindən və radikal islamın Tacikistan-Özbəkistan-Türkmənistan üzərindən Qırğızıstana və Qazaxıstana yayılma riskinin artmasından sonra Rusiyanın bu "Müsəlman Bloku"na - Türkiyə-Azərbaycan-Pakistan ittifaqına ehtiyacı daha çox artmış olur.

İndi “Rus NATO-su” sayılan KTMT-nin də gələcək taleyi məhz Türkiyə-Azərbaycan-Pakistan ittifaqının mövqeyindən asılı hala düşməkdədir.

Xatırlayırsınızsa, iyulun 1-də Düşənbədə keçirilən KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclasında bloka tərəfdaş ölkələr institutu təsis edilməsi qərara alınmışdı və həmin vaxt açıqlama verən Rusiya rəsmiləri iddia edirdilər ki, iki ölkə - Pakistan və Azərbaycan KTMT-yə qoşulmağa böyük maraq göstərir.

Əgər rusların dedikləri həqiqətdirsə, yəni, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusunda təmsilçiliyə razıdırlarsa, deməli, Rusiya ən qısa müddətdə Paşinyan Ermənistanını Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məcbur etməli, Qarabağdakı hoqqabazlıqlarına da birdəfəlik son qoymalıdır.

Yox, Rusiya yenə də Qarabağdakı separatçıları himayə mövqeyi tutmaqla sülh prosesini uzatmağa çalışacaqsa, bu, Türkiyə-Azərbaycan-Pakistan ittifaqını artıq rəqib kimi görmək anlamına gələcək və bu üçlünün çox rahat şəkildə Qərbin başlatdığı antirus cəbhəsini Cənubi Qafqaz-Mərkəzi Asiya xətti boyu da genişləndirməsinə ciddi əsaslar yaratmış demək olacaq.

Əlbəttə, Azərbaycan hələ də Rusiya ilə münasibətlərində ehtiyatlı davranır, balansı gözləyir. Bu münasibətlərin qarşıdakı mərhələdə dost, yoxsa düşmən kimi inkişaf etdiriləcəyi isə artıq Rusiyadan, onun qarşıdakı aylarda tutacağı mövqedən asılı olacaq. Rusiya Azərbaycanla münasibətlərini yeni və daha sağlam mərhələyə keçirməklə “Altılıq” formatının regionda sabitləşdirici və işlək iqtisadi mexanizmə çevrilməsinə böyük töhfə verən əsas müttəfiq də ola bilər, öz imperialist arzularının dartıb saldığı bataqlıqda boğulan növbəti qurban da...

Elxan Şükürlü