Ermənilər Kərkini tərk etdi - Kənd haqda MARAQLI MƏLUMATLAR...

Ermənilər Kərkini tərk etdi - Kənd haqda MARAQLI MƏLUMATLAR...

11 Sentyabr 2021 16:47
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənilərin işğalında olan Sədərəyin Kərki kəndi tam boşalıb.

Kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib.

İşğalçıların nümayəndəsi müxbirin: "Kənd Azərbaycana verilir?" sualına cavab vermir və onu çəkməməyi tələb edir.

Ermənistanın hakimiyyət dairələri baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və ya müvəqqəti yaşayışı yasaqlayıblar.

Ümumiyyətlə isə son günlər Ermənistan mediasında fasiləsiz yayılan məlumatlara və xəbərlərə görə, Kərki kəndi Azərbaycana təhvil veriləcək.

Sahəsi 19 kvadrat kilometr olan Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

Kərki kəndi ilə Qazax rayonu arasında da tarixi əlaqələr var.

Belə ki, Kərki oykonimi kərki tayfasının adı ilə bağlıdır.

Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir.

Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb.

Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ var.

Elçin Alıoğlu