Müharibə olmasa sülh olmazmı?  - Sülhdən qaçanı qovmaq lazımdır

Müharibə olmasa sülh olmazmı? - Sülhdən qaçanı qovmaq lazımdır

30 Avqust 2021 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Məğlub Ermənistan dövlətinin və bütün ermənilərin indiki siyasəti, davranışları, istədikləri heç də sülhə doğru deyil, açıq şəkildə müharibəyə hazırlaşmağa aparır və bu yolda tək olmadıqları da gizli hesab olunmaz. Bəlkə də deyəcəyimiz fikir təəccüblü görünəcək, amma hazırda Ermənistanda nisbətən praqmatik təfəkkürə malik və reallığı dərk edən yeganə adam baş nazir Nikol Paşinyandır. Onun son vaxtlar sərhədlərin müəyyənləşdirilməsinin sürətləndirilməsi haqqında dedikləri, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin Azərbaycana aid olması və yaşayış məntəqələrini bizim topnimlərlə səsləndirməsi, Türkiyədən pozitiv siqnallar gəldiyini bildirməsi göstərir ki, hökümət rəhbəri ölkəsinin gələcəyini qonşularla-konkret olaraq Azərbaycan və Türkiyə ilə normal münasibətlərdə görür. Amma, onun bu mövqeyini həm müxalif siyasi qüvvələr, həm də əksər media süngü ilə qarşılayıb. Ümumi rəy də belədir ki, problemin həllini maksimum uzatmalı, Ermənistan ordusunu silahlandırıb, guya “ Azərbaycanın iddialarına cavab olaraq” hərbi hazırlığa başlamalıdırlar. Yəni, müharibə olmadan sülh olmayacaq iddiası.

Müharibədən sonra bütün sülh variantlarından müxtəlif bəhanələrlə imtiuna edən Ermənistanın Rusiya ilə alt danışıqlarının olması zaman-zaman Kreml rəsmilərinin dilindən səslənməsə də, onlara yaxın olan siyasi şərhçilər son günlər tez-tez rəsmiləşməyən gizli danışıqların bəzi detallarını ictimailəşdirmək xəttini götürüblər. Bu xətt, əsasən “Dağlıq Qarabağın statusu” ilə bağlıdır. Rusiya yenə o siyasəti yürüdür ki, Qarabağ problemini dondurmaqla, uzatmaqla Cənubi Qafqazda hər iki ölkəni təsir və təzyiqi altında saxlaya bilsin. Amma, Rusiya bilir ki, mövcud status-kvo bir zamana qədər davam edə bilər və o bitəndə elə həll yolu tapılmalıdır ki, yenə də hər iki tərəf Rusiyadan asılı vəziyyətdə qalsın. Və guya hər iki tərəfi qane edəcək həll yolu - Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olmasına razılıq verməkdir. “Regnum” saytında Stanislav Tarasovun və nadir hallarda efirə çıxan Ermənistanın keçmiş baş diplomatı Vardan Oskanyanın da son günlər bu təkliflə çıxış etməsi təsadüfi sayılmamalıdır. Azərbaycanın statusla bağlı mövqeyi məlumdur - heç bir status olmayacaq. Amma, kompromiss variant kimi qlobal güclər çalışırlar ki, Azərbaycana təzyiq edib məhz bu formada status verilməsinə nail olsunlar. Azərbaycan status məsələsinə biryolluq nöqtə qoymaq üçün Rusiyadan 10 noyabr bəyanatına əməl edilməsini tələb etməlidir.

Yaxın günlərə Ermənistanın hansı xətti aparacağı rəsmilərin bəyanatlarında öz əksini tam olmasa da qismən tapacaq. Bu gün yeni XİN rəhbəri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yola düşüb.

Ermənistan nazirinin yeni vəzifəsində ilk xarici səfərinin Rusiyaya olması gözlənilən idi. Sabah Mirzoyanın RF XİN başçısı Sergey Lavrovla və daha sonra KTMT Baş katibi Stanislav Zasla görüşü olacaq. Diplomatiya və hərbi yol xəritələrinin əsas istiqamətləri erməni nazir üçün cızılacaq və tezliklə Ermənistan rəhbərliyinin öz bəyanatlarında hansı kursu götürdükləri bizə də məlum olacaq, baxmayaraq ki, fundamental olaraq heç nə dəyişiləsi deyil. Ermənistana yeni müdafiə naziri də təyin olunan kimi 10 gün ərzində iki dəfə Moskvaya səfər etmişdi və Moskvadan qayıdandan sonra ilk işi Azərbaycanı hədələmək oldu. İndi də Moskva səfərindən sonra Ararat Mirzoyandan konstruktiv mövqe gözləmək sadəlövhlük olar.

Azərbaycan düşmənin nə edəcəyini gözləməməli, əksinə qarşı tərəfi məcbur etmək lazımdır ki, bizim arxamızca sürünsün, apardığımız siyasətin əsirinə çevrilsin, necə ki, Gorus-Qafan yolunu kəsəndə çıxılmaz vəziyyətə düşüb nə edəcəklərini bilmirdilər. Ən təsirli vasitə isə 10 noyabr 2020 bəyanatıdır. Üçtərəfli razılaşmanın bütün bəndlərinə əməl etməyə yalnız çağırış deyil, əməl də nümayiş etdirmək lazımdır. Bu əməlin içərisində də ən təsirli və strateji addım qaçqınların keçmiş Dağlıq Qarabağdakı yurdlarına dönməsi məsələsinin rəsmən elan olunmasıdır.

Qarşıda zaman aparacaq xeyli problemlər dayanıb: erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tamamilə tərk etməsi; qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisindəki yurdlarına qaytarılması; Qarabağ daxili yollarının açılması və təhlükəsizliyinin təmin edilməsi; Azərbaycan və Ermənistan dövlət sərhədlərinin birdəfəlik delimitasiya və demarkasiya edilməsi və müasir tələblərə cavab verən mühəndis-sərhəd qurğularının 410 km. dövlət sərhədində yaradılması; Qazax rayonunun işğalda qalan anklav kəndlərinin azad edilməsi, Naxçıvanın Kərki və Gədəbəyin Başkənd kəndlərinin problemlərinin həlli və nəhayət, Xankəndi və ətrafında Azərbaycan dövlət nəzarətinin tam bərpası.

Əlbəttə, qeyd olunanların həlli həqiqətən zaman tələb edir, amma çətini ilk addımın atılmasıdır və bu zaman elə addım seçilməlidir ki, ondan sonra gələnlərin yolunu sürətlə açmış olsun. Düşmənin ən çox udmağa çalışdığı zamandır. O bu zamanı havadarının köməyi ilə revanş götürməyə, müharibəyə hazırlaşmağa hesablayıb, ona görə də sülhdən qaçır. Qaçanı qovmaq lazımdır. İlham İsmayıl