Min bir dərdin dərmanı təbii şirələrdir

Min bir dərdin dərmanı təbii şirələrdir

18 May 2012 12:04
4 650
Bəyəndim (0) Bəyənmədim (0)
Ən yaxşı həkim özünsən

Əziz oxucular, gündəlik rasionumuzda istifadə etdiyimiz meyvə-tərəvəzlərin faydasından xəbəriniz varmı? Var deməyə tələsməyin. Belə ki, dünya dietoloqlarının və bioloqlarının sizlərə deyəcəyi sözləri çoxdur. Mövzunun aktuallığını nəzərə alaraq, bu gün meyvə və tərəvəz şirələri, onların insan sağlamlığında müstəsna rolu barədə danışacağıq. Ən azı ona görə ki, indi meyvə sezonunun başlanğıcıdır və qarşıdan gələn dövrü əldən vermək olmaz. Beləliklə...

Yerkökü şirəsi: onun tərkibində A, B, C, E, D vitaminləri boldur. O, həzm prosesini tənzimləyir. Şiş xəstəliklərində müalicəvi rola malik olur. Bundan başqa, göz, qaraciyər, dəri xəstəliklərinin qarşısını sipər kimi alır. Bu şirə əsasən uşaq və qocalara faydalıdır.

Kələm şirəsi: O orqanizmi təmizləməkdə müstəsna rola malikdir. Bu şirə onikibarmaq bağırsağın yarasına ən yaxşı məlhəmdir. Bundan başqa, şiş xəstəliklərinə və bağırsaq tutulmasına qarşı böyük zərbədir. Onun tərkibində çoxlu sayda vitamin, enzim, mineral duzlar var. Daha ləzzətli olması üçün yerkökü şirəsi ilə qatışdırılması məsləhət görülür.

Çuğundur şirəsi: O, qırmızı qan hüceyrələrini artırır və qanın tərkibini zənginləşdirir. Onunla böyrəkləri, qaraciyəri, dalağı təmizləyirlər. Bu şirə qan təzyiqini və ürək-damar xəstəliklərini də müalicə edir.

Qarpız və xiyar şirələri: Bu şirələr ən yaxşı sidikqovucu sayılırlar. Ona görə də sidik kisəsində və böyrəkdə daşın xaric edilməsində müstəsna rola malikdirlər. Eyni zamanda oynaqlarda duzlaşmanın qarşısını almaq üçün əvəzsiz vasitədirlər.

İndi isə meyvə şirələrindən danışaq.

Armud şirəsi: Ta qədim zamanlardan bu şirə ilə hərarəti aşağı salırdılar və mədə pozuntularını müalicə edirdilər. Son zamanlar məlum olub ki, kal armudun şirəsi stafilokok, bağırsaq-dizenteriya çöpləri və başqa mikrobları məhv edə bilir. O həm də sidikqovucu keyfiyyətə malikdir. Meyvə şirələrinin içərisində ən faydalısı məhz armud şirəsidir. Onun tərkibi faydalı mikroelementlərlə son dərəcə zəngindir.

Alma şirəsi: Onun tərkibində A və C vitaminləri boldur. Üzvi turşular, minerallar hədsiz dərəcədə çoxdur. Alma şirəsində olan minerallar dərini təravətləndirir, saçı və dırnaqları gücləndirir. Bu şirə ilə qripi və bağırsaq mikroblarını müalicə etmək olur. O, orqanizmin müdafiə sistemini gücləndirir. Nəticədə zərərli toksin maddələri bədəndən xaric edilir. Orqanların müalicəsində, qaraciyər və böyrəklərin güclənməsində, mədə-bağırsağın təmizlənməsində ən gözəl dərman alma şirəsidir.

Portağal şirəsi: Təzə çəkilmiş portağal şirəsində çoxlu sayda vitaminlər, minerallar və 11 adda amin turşuları olur. Qreypfrut və limon şirəsi kimi o da mədəni təmizləməkdə əvəzsiz məlhəm sayılır. Bundan əlavə, portağal şirəsi damarların və kapillyarların divarlarını gücləndirir. Eyni zamanda üz dərisinin qan dövranını yaxşılaşdırır. Portağal şirəsinin mütəmadi qəbulu ürəyi və ağciyəri gücləndirir. Ən əsası isə odur ki, tərkibində olan C vitamini soyuqdəymənin qarşısını alır və bədənin müqavimətini artıraraq, iltihab xəstəliklərinə qarşı güclü müdafiə sistemi yaradır. Buna baxmayaraq, sitrus meyvələrindən çəkilmiş şirələrin həddən artıq qəbulu orqanizm üçün zərərli sayılır. Belə ki, mədədə turşuluğun dərəcəsini artırır və orqanizmdə kalsium maddəsini kəskin surətdə azaldır. Bu səbəbdən həftədə 3-6 stəkan içilməsi məsləhətdir.

Yaşıl tərəvəzlərdən hazırlanmış təbii şirələr maddələr mübadiləsini gücləndirir. Eyni zamanda insanı artıq çəkidən azad edir.

Nar şirəsi: Bağırsaq tıxaclarına və şlaklara ən gözəl məlhəmdir. O, orqanizmdə şişlərin yaranmasının qarşısını ala bilir. Sarı və narıncı rəngli meyvələrin şirəsi də şişlərin yaranma prosesini dayandıran vasitələrdən sayılırlar.

Yemiş şirəsi: Həzm sistemini təmizləyir. Böyrək və sidik kəsəsinin fəaliyyətini tənzimləyir.

Gavalı şirəsi: Bağırsaq tıxaclarının qarşısını alır. Qanda şəkərin dərəcəsini aşağı salır. Turş gavalının şirəsi şəkərli diabet xəstələrinə daha çox məsləhət görülür.

Gilas və ya albalı şirəsi: Bağırsaqların fəaliyyətini tənzimləyir. Yoğun bağırsağın işini yüngülləşdirir.

Kərəviz şirəsi: Şəkərli diabetin və osteoporozun müalicəsində faydalı məlhəmdir.

Cəfəri otunun şirəsi: Ayaqların şişməsinin qarşısını alır. Böyrək xəstəlikləri və artritdə əvəzsiz vasitə sayılır.

Müəllifdən: Qoca təbiət bizi təəccübləndirməkdə davam edir. Atalar nahaq yerə deməyiblər ki, min dərdin min bir dərmanı olur. Gördüyünüz kimi, meyvə-tərəvəz şirələri müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında ən gözəl dərmandan da təsirli ola bilirlər. Odur ki, kimyəvi dərmanlardansa təbii məlhəmlər olan meyvə-tərəvəz şirələrinə üstünlük verin. Orqanizminiz tələb etdiyi qədər, ağzınız ləzzət aldığı qədər için və sağlam olun. Şəxsən mən bu məqaləni hazırlayarkən özüm üçün bir neçə həqiqəti ayırd edə bildim. Sən demə, indiyədək düzgün qidalanmamışdım. Bu səhvimi gec də olsa, düzəltdim. Artıq təbii şirələr gündəlik rasionumun ayrılmaz tərkib hissəsinə çevriliblər. İnanın ki, bu yeniliyin mənim orqanizmimə müsbət təsiri olmuşdur. İndi özümü həmişəkindən də gümrah, sağlam və enerjili hiss edirəm. Çünki mağazalarda təbii şirə adı ilə satılan, lakin kimyəvi qarışığa malik olan şirələrdən və rəngli sulardan birdəfəlik imtina etmişəm. Sizə də bunun məsləhət görürəm. Mənimlə razılaşmayanlar bir anlıq fikirləşsinlər, axı istənilən meyvənin şirəsi bir qədər saxlandıqdan sonra şəraba və ya sirkəyə çevrilməlidir. Halbuki, qablarda satılan şirələrin üzərində bir neçə il saxlanılma müddəti qeyd olunub. Deməli, onları "keyfiyyətli" saxlamaq üçün tərkibinə "E" tərkibli kimyəvi maddə qatılır. Bu maddə isə orqanizmdə şiş xəstəlikləri və digər fəsadlar yarada biləcək qədər təhlükəlidir. Odur ki, reklama ehtiyacı olmayan təbiət məhsullarından istifadə edin. Necə deyərlər, nə tökərsən qarşına, o da çıxar qaşığına. Orqanizminizi düzgün qidalandırın ki, o da sizə uzun müddət və faydalı xidmət edə bilsin.

Əfqanə Səhər

O.M.