Yas mərasimlərinin xərci çox vaxt kredit və ya borcla ödənilir

Yas mərasimlərinin xərci çox vaxt kredit və ya borcla ödənilir

11 İyul 2016 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Dövlət Komitəsi hüquq-mühafizə orqanı deyil, onun cəzəlandırma, məcburetmə kimi səlahiyyətləri yoxdur və bu məsələ ilə bağlı irəli sürdüyü fikirlər yalnız tövsiyə xarakteri daşıyır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytının verdiyi məlumata görə, bunu Komitənin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova ölkədə yas mərasimlərinin keçirilməsi ilə bağlı bildirib.

O qeyd edib ki, Komitənin bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, vətəndaşlar hələ də vahid mövqe nümayiş etdirməyiblər: "Cəmiyyətimiz köhnəlmiş "camaat nə deyər?" düşüncəsinin təsirindən çıxa bilməyərək bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu - baxmayaraq ki, QMİ qeydiyyatdan keçmiş din xadiminin hər hansı məbləğ qarşılığında yaslarda iştirakını qadağan edib - altında "əzilir". İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən "qonaqlıq" və "banketlər"in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir".

Komitə rəsmisi bildirib ki, insanların yas mərasimlərində təmtəraq və israfdan çəkinməsi üçün ictimai qınağın formalaşması mühüm amildir: "Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür".

Mediainfo.az