Ramazanda nə olar, nə olmaz?

Ramazanda nə olar, nə olmaz?

2 Avqust 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)
Suallarınızın cavabını burada axtarın

1. Dodaq boyası orucu pozur?
Xeyr, dodaq boyası orucu pozmur. Amma diqqətli olmaq gərəkdir. Belə ki, bəzən boya ağız suyuna qarışıb boğazdan daxilə gedə bilər ki, bu da həmin günün orucunun batil olmasına səbəb olar.
2. Müalicə məqsədilə tibbi sistem qoşdurmaq olar?
Zəifliyin aradan qaldırılması, yaxud müalicə məqsədilə qoşulan sistemlər gündəlik qidanı əvəz etsə də, maye birbaşa mədəyə daxil olmur və qida kimi aclığı aradan qaldırmır və bu da orucun batil olmasına səbəb olmur (əgər şərait imkan verirsə, sistemin qoşulmasını iftardan sonraya saxlayın).
3. Oruclu ikən saqqız çeynəmək olar?
Olar. Amma diqqət yetirməlisiniz ki, saqqızın dadı (şirəsi) boğaz kanalından içəri daxil olmasın. Yoxsa bir saqqıza görə həmin günün orucunu bada vermiş olarsınız. Çalışın bu vərdişə qırsaqqız olmayasınız.
4. Ağız təravətləndiriciləri orucu batil edir?
Ağız təravətləndiriciləri orucu yalnız ağız boşluğundan boğaz kanalına düşdüyü zaman batil edə bilər. Odur ki, bir qədər diqqətli olun.
5. Orucluq yay fəslinə düşdüyündən susuzluğa dözmək çətin olur. Udmadan ağız boşluğunu yaxalayıb suyu yerə buraxmaq olar?
Bəli, ağzınızı yaxalaya bilərsiniz, amma suyun ağız boşluğundan boğaza düşməsinə imkan verməyin.
6. Orucluqda diş fırçalamaq olar?
Bəli, olar, amma yaxşı olar ki, sübh azanı verilənə qədər bütün işlərinizi qurtarıb dişlərinizi də fırçalayasınız. İmkan olmadıqda, sonra da fırçalamaq olar, bir şərtlə ki, diş məcununun dadı ağız suyuna qarışıb boğazdan içəri daxil olmasın.
7. Orucluq ayında vitaminli üz kremlərindən istifadə etmək olar?
Bəli, olar. Növündən asılı olmayaraq, əl və üz kremlərindən orucluq ayında istifadə etmək olar.
8. Gün ərzində qəbul edilməli olan dərmanlar iftardan sonra qəbul edilə bilər?
Bu məsələdə həkimlə məsləhətləşin. Əgər bunun sizin müalicənizə mənfi təsiri olmazsa, qəbul edin, əks təqdirdə, həkim məsləhətinə üstünlük verin, tuta bilmədiyiniz günlərin müqabilində Ramazan ayından sonra qəzasını tutun.

Orucluq həm ruha, həm sağlamlığa, ən əsası isə cibə xeyirdir. Onu batil etməyin...

Günel Həbib

O.M.