Vətəndaşlığa qəbul edilənlər sədaqət andı içəcək

Vətəndaşlığa qəbul edilənlər sədaqət andı içəcək

30 Dekabr 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavələr müzakirəyə çıxarılıb.

Apa-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunda ölkə tarixində ilk dəfə olaraq Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içməsi təklif olunur.

Bununla bağlı qanuna yeni 15-1 maddəsi əlavə edilir. Yeni maddəyə görə, "Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: "Mən, (soyadı, adı, atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm".
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Layihə səsə qoyularaq qəbul olunub.

Mediainfo.az