DİN Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb

DİN Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb

30 Dekabr 2014 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Bakı şəhərində yerləşən hərbi hissələrdən birində əsgər valideynləri ilə görüşüb.

Daxili Qoşunlar mətbuat xidmətindən verilən məlumata görə, şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olan Ş. Məmmədov əsgər valideynlərinin müraciətlərini dinləyib.

Görüş zamanı general-mayor Ş.Məmmədov Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların ötən illərdə, xüsusilə də 2014-cü ildə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib. 2014-cü ilin Daxili Qoşunların həyatında yaddaqalan hadisələrlə əlamətdar olduğunu qeyd edən Ş.Məmmədov sentyabrın 22-də dövlət başçısının Daxili Qoşunların Qəbələ rayonunda yeni inşa olunan hərbi şəhərciyin açılışında iştirakını ilin ən əsas hadisəsi kimi diqqətə çatdırıb.

"Yola saldığımız ildə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də çox böyük addımlar atılıb. Nərimanov rayonu ərazisində hər bir zəruri avadanlıqlarla təchiz edilmiş 12 mərtəbəli 102 mənzilli müasir yaşayış kompleksi zabit və gizirlərin istifadəsinə verilib. Eyni zamanda 2 beş mərtəbəli xidməti yaşayış binaları Binəqədi rayonu ərazisində inşa olunub", - deyə komandan bildirib.

Ş. Məmmədov may ayından etibarən ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması, o cümlədən əsgər valideynlərinin mütəmadi olaraq məlumatlandırılması məqsədilə Daxili Qoşunların rəsmi internet səhifəsinin fəaliyyətə başladığını, Daxili Qoşunlar Komandanlığının əsgər valideynləri ilə görüşünün artıq ənənəyə çevrildiyini bildirib. Komandan bu kimi tədbirlərin keçirilməsini cəmiyyətlə Qoşunların əlaqələrində müsbət hal kimi qiymətləndirib.

Əsgər valideynləri də öz növbəsində Daxili Qoşunlarda övladları üçün yaradılmış hərtərəfli şəraitə görə dövlət başçısına, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Daxili Qoşunlar Komandanlığına minnətdarlıqlarını bildiriblər.

Sonda valideynlərin müraciətləri, arzu və istəkləri dinlənilib. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması istiqamətində konkret göstərişlər verilib. Həlli mümkün olan məsələlər isə dərhal yerinə yetirilib.

Mediainfo.az