FHN –dən vətəndaşlara xəbərdarlıq

FHN –dən vətəndaşlara xəbərdarlıq

29 Dekabr 2014 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

FHN-in mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, xəbərdarlıqda qeyd olunub ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən vətəndaşlar bəzi təhlükəsizlik qaydalarını bilməlidir

FHN bildirir ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməli, ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalı, küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Bayram şənlikləri ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməli, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı, məkanın iki çıxış qapısı olmalıdır. Bundan başqa, şənlik məkanlarında ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı, otağın qapıları mütləq bayıra açılmalıdır. Dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməli, şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalı, işıq tam söndürülməməli, şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməli, şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Mediainfo.az