Eşqdən yaranan acılar

Eşqdən yaranan acılar

19 Dekabr 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Dilimin sözünə baş əydi ürək,

Susdum, gözlərimə yaş dola-dola.

Gör mənim bəxtimə nə yazıb fələk,

Sənsiz yaşayıram sən ola-ola.

Ürək hər bir işdə ağılla məsləhətləşsə də, yeganə sevgi aləmidir ki , onda qərarı özü verir. Bu qərarın uğurlu və ya uğursuz olmağından asılı olmayaraq, ürək o sevginin əsirinə çevrilir. Sevgi sevən aşiqə gecələr yuxusuz qalmağı, həsrət çəkməyi, xəyal qurmağı, gülərkən ağlamağı, diqqət ayıraraq qayğı göstərməyi, xoş duyğular aləmində düşünməyi öyrədir, ancaq sevərkən baş tutmayan o sevgini unutmağı öyrətmir.

Mövzu ilə bağlı gələn müraciətlərə keçid alıram.

(070) ... -36-25 nömrəli mobil telefonun sahibi olan xanım yazır:

Salam. Mən sevdiyim oğlandan ayrılmışam. Onu unuda bilmədiyimdən özümü də ələ ala bilmirəm. Fikrimdə, beynimdə hər zaman onu düşünürəm. Onu unuda biləcəyimə də inanmıram. Onsuz qalmağıma çox qorxuram. O, məni tərk edib getdi. Məni əvvəllər istəsə də indi sevmədiyini bildirərək heç bir ümid də vermədi. İndi çarəsiz durumdayam, bilmirəm nə edim... Uzaqlara getdiyi üçün heç bir əlaqəmiz yoxdur.

İsa Rəvan: Ən fərdi, ən mənəvi əzab sevgi əzabıdır. Sevginin ürəyə gəlməyi asan, getməyi isə çətindir. Baş tutmayan sevginin yaşatdığı acılar insanı bir an belə rahat buraxmayır. Ən böyük acını da məhz elə ayrılıq yaşadır. Ayrılmaq asan, unutmaq isə çətindir. Unutmaq sevmək qədər asan deyil. Unutmaq ağılın ixtiyarında olsaydı bu qədər acılar çəkilməzdi. Fəqət, sevgini də, həsrəti də qəlb özü yaşayır. Sevgi nə qədər ülvi olsa da, birtərəfli sevginin sonu əzabdır. Sevgi və hörmət bərabər olaraq qarşılıqlı formada yaşamalıdır. Qarşılıqlı olmayan sevgi elə duyğu olaraq qəlbdə qalacaqdır. Qəlbdə qalan isə o sevginin özü yox, xatirəsi olacaq:

Unutmaq istədim ötən günləri,

Unuda bilmədim xatirələri.

Xəyallar nə qədər uzaq olsa da,

Ürək istəməsə unutmaq olmur.

Gün üstə gün gəlir, ömür qısalır,

Keçən hər xoş günü qaytarmaq olmur.

İsa Rəvan

Məcburi nə sevmək, nə də sevilmək olmur. Sevgi özü ürəyi fəth etməlidir. Əsl sevgidə biganəlik olmur. Lakin ötəri və ani sevgilər adları kimi də keçib gedir. Eyni sizin sevdiyiniz qarşı tərəfin sevgisi kimi, ötəri hissdə də elə bilirsən sevir. Lakin vaxt keçdikcə hisslər itəndə sevgi də azalır. Sevgi olmayanda əlaqə üçün heç bir maraq da olmayır. Defakto sevdiyiniz oğlan da sizə fikrini açıq deyərək sizi tərk edib. Düzdür, siz həqiqətən onu sevdiyiniz üçün bu ayrılığa dözə bilməyirsiniz. Ancaq reallıqla barışmalısınız. Çəkdiyiniz əzablar nə qədər dözülməz olsa da, müəyyən müddətdən sonra acılarınız keçib gedəcək. Hər bir ayrılığın əvvəlində dözülməz olur, sonra isə onsuzluğa öyrənilir. Sizin bu formada sevgi yaşamağınız əzab və acılardan başqa bir şey verməyəcək. Sonu hicran olan sevgiyə vüsal ümidi edib gözləməyiniz əbəsdir. Düşünməyin ki, onu unuda bilməyəcəksiniz. Unutmağın başlıca yolu elə bu haqda düşünməməkdir. Sizi unudanı siz də unudun. Sizə sevgisi olmayan qəlbə məcbur hakim ola bilməzsiniz. Bir halda ki o sizə heç bir ümid verməyib, niyə özünüzü ümidsizlik içində üzürsünüz?.. Yetər ki, qürurunuzu qoruyaraq bu acıları son qoyasınız. Rəfiqələriniz və yaxınlarınızla daim ünsiyyətdə olmağınız onu unutmaq üçün ən yaxşı köməkçiniz olacaq. Onun mesajlarını telefonunuzdan silməyiniz, şəkillərini yox etməyiniz elə o haqda düşünməmək deməkdir. Hər bir yara təzə ikən ağrı verir. Məlhəm sayəsində sonradan o da sağalır. Siz də bu gərgin anlarınızı səbir və öz iradənizlə, ağlınızın gücüylə yaxşılaşdıra bilərsiniz.

(050) --83-77 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır.

Salam, hörmətli İsa Rəvan. Mənim də sizin məsləhətinizə ehtiyacım var. Ailəliyəm, bir övladım da var. Yoldaşım pis adam deyil, ancaq içkili olub evə gələndə bizə qarşı kobud olur. Bu barədə dəfələrlə özünə desəm də, xeyri olmayıb. Artıq o, içkili olanda özüm də qorxuram. Axırı necə olacağını düşünürəm. Xahiş edirəm bir yol göstərəsiniz, kömək edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

İsa Rəvan: Ailə elə bir müqəddəs ittifaqdır ki, orada heç bir zorakılıq və ya kobudluqdan söhbət gedə bilməz. Ailə hər zaman diqqət və qayğı tələb edir. Çünki ailəni ömür yolunu birgə qət edən doğma və könül sirdaşı əhatə edir. Əgər ailə daxilində hər hansı bir xoşagəlməz hallar baş verirsə və bu haqq bilərəkdən təkrarlanırsa, onda ailə də öz mücərrəd anlamından çıxaraq sarsılacaq. Bu kiçik cəmiyyətdə də qarşılıqlı hörmət mütləqdir. Bir ailə başçısı olaraq kişi bu hörməti aradan götürməməli və öz məsuliyyətini dərk etməlidir.

Yoldaşınız pis adam olmaya bilər, ancaq öz hərəkətlərinə görə ailəsinə dəyər vermirsə yaxşı adam kimi də hesab etmək olmaz . Onu pis edən içkini ailəsindən üstün tutursa burada heç bir hörmətdən söhbət gedə bilməz. Əgər hərəkətlərinə cavabdeh olmayacaqsa heç özünü o vəziyyətə salmamalıdır da. Onun hərəkətlərinin qorxusu sizdən əlavə övladınıza da təsir edəcək. Psixoloji travma alaraq digər fəsadlar da yarada bilər. Yoldaşınız özünə və sizə hörmətlə yanaşaraq həyat tərzində dəyişikliklər etməlidir. Bunun üçün iradəsini möhkəm edərək qətiyyətli olmalıdır. Siz də bir həyat yoldaşı kimi bu davranışlarına son qoymağını tələb edin. Unutmayın ki, siz o evin köləsi yox, xanımısınız. Ailəniz hamılıqla uçuruma doğru gedirsə, o uçurumdan uzaqlaşmalısınız. Bunu onun özünə də bildirin. Qoy düşünsün ki, bir içkiyə görə ailəni dağıtmaq olmaz. Yaxşı olardı ki, bu barədə onun valideynləri və doğmaları ilə söhbət edəsiniz. Artıq bunun dözülməz hala çatdığını onlara deyin. Onların da müdaxiləsindən sonra bu məsələ öz həllini tapmalıdır.

(055) ...- 21-78 nömrəli mobil telefonun sahibi olan xanım yazır:

Salam, İsa Rəvan. Dəyərli fikirlərinizə mənim də ehtiyacım var. Türk vətəndaşı olan oğlanla bir-birimizi sevirik. Onun fikri ciddidir. Ancaq məndən başqa 2 böyük bacım olduğuna görə bilirəm ki, ailəm razı olmayacaq. Bunu oğlana deməmişəm, bilmirəm necə olacaq. Xahiş edirəm bu barədə məsləhət verəsiniz. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: Sevgi elə bir ülvi duyğudur ki, heç bir sərhəd tanımır. Sevgi insanlara bəxş olunan nemət kimi sərhədlər aşaraq qəlbləri fəth eləyən duyğudur. Qəlbə yaxın olanı uzaq məsafələr ayırmır. Qəlb bəyəndiyini sevərək əziz də tutur. Təbiətdən bəxş olunan saf sevgiyə heç bir qadağa yoxdur. Nə də buna günah, nə də ki, qəbahətli bir iş kimi də baxmaq olmaz. Sizin də öz sevginizdən ötrü narahat olmağınıza dəyməz. Ailənin razılığı və valideynlərin xeyir-duası mütləqdir. Ən başlıcası ailədə olan tərbiyədir. Bunlardan irəli gələrək sizin də çəkinməyiniz başa düşüləndir. Ancaq nəzərə alın ki, siz qız övladısınız. Əsasən böyük qardaş ailə həyatı qurmayana qədər, kiçik qardaş evlənə bilməyir. Ancaq bu adət qızlara aid deyil. Və bu cür hallar çox olubdur, hazırda da vardır. Siz haqda bacılarınıza və ananıza da deyə bilərsiniz. Türk-Azərbaycan elə bir millətdir, bunun heç bir fərqi yoxdur. Bu əsl sevgidirsə əminəm ki, ailəniz də razı olacaq. Sadəcə olaraq bu haqda ilkin halda bacılarınızın və ananızın bilməyi daha yaxşıdır. Ona görə də bu məsələ ilə bağlı çəkinməyinizə dəyməz. Sizə səadət arzusu ilə.

Qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan. (055) 785-84-83