Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlanıb

Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlanıb

11 Dekabr 2014 15:01
393
Bəyəndim (0) Bəyənmədim (0)

"Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusunda keçirilən konfransda iştirakçılar adından Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlanıb.

Apa-nın xəbərinə görə, müraciətdə bildirilir ki, Türkiyə və Azərbaycan jurnalistləri arasındakı münasibətlərin sistemli əsası 2007-2009-cu illərdə Bakıda keçirilmiş "Türkiyə və Azərbaycan mediası: bənzərliklər və fərqliliklər" mövzusundakı konfranslarda qoyulub: "Qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi olaraq bütövlükdə türk dünyasının media quruluşları baxımından önəmli missiyanın gerçəkləşdirilməsi baş verdi - mərkəzi Ankara olmaqla Türkdilli Ölkələrin və Toplumların Media Birliyi formalaşdı. Birlik Türkdilli Ölkələrin və Toplumların indiyədək keçirilmiş dörd forumunda struktur olaraq təkmilləşdi. Hazırda o, türk dünyasının jurnalistika ilə bağlı aparıcı özəklərini birləşdirən işlək mexanizm kimi fəaliyyət göstərməkdədir. Hesab edirik ki, media birliyinin yaradılması və dünyanın dörd yanına səpələnmiş türk xalqlarını və toplumlarını eyni mərkəzdə birləşdirən forum Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlığın məhsuldarlığından xəbər verən ən böyük uğurdur. Uğuru şərtləndirən digər amillər içərisində Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə kütləvi informasiya vasitələri əməkdaşlarının mütəmadi səfərlərinin təşkilini, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsindən istifadə sahəsində görülən işləri də xüsusi vurğulamaq lazımdır. Əziz dostlar, qloballaşan dünyada ənənəvi medianın öz yerini onlayn mediaya verməsi qaçılmaz reallığa çevrilib. Dəyişikliklər özünü təkcə texnoloji proses kimi deyil, ümumən ictimai-siyasi münasibətlər sisteminə təsir göstərəcək önəmli faktor olaraq göstərməkdədir. Mövcud şəraitdə ortaq mənafelərimizə qarşı yönələn təhdidlərdən qorunmaq, proqnozlaşdırılan təhlükələrə qarşı müqaviməti gücləndirmək, həmçinin hər iki ölkə ilə bağlı reallıqları dünya ictimaiyyətinə daha çevik və obyektiv şəkildə çatdırımaq həyati əhəmiyyətli məsələlərdir. Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə, qondarma "erməni soyqırımı" ilə əlaqədar adekvat tədbirlərin görülməsinə ciddi ehtiyac duyulmaqdadır. 2014-cü il dekabr ayının 11-də keçirilmiş "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları hər iki vəzifənin icrasını önəmli hesab edir".

Müraciətdə qeyd olunur ki, saxta "erməni soyqırımı"nın 100 illiyinin yaxınlaşdığı nəzərə alınsa, erməni lobbi və diaspor təşkilatlarına yaxın media orqanlarının aktivləşəcəyi şübhəsizdir: "Gözlənilən aktivliyin heçə endirilməsi, beynəlxalq aləmə tarixi həqiqətlərlə bağlı konkret mesajların verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İndiyədək formalaşmış təcrübə və informasiya mübadiləsi prosesini bir qədər də dərinləşdirmək, ortaq prinsiplərin təbliğinə daha çox yer ayırmaq, hər iki ölkə jurnalistlərinin qarşılıqlı əlaqələrini daha da intensivləşdirmək lazımdır. "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid" mövzusundakı konfransın iştirakçıları olaraq bizlər Türkiyə və Azərbaycan jurnalistlərini qardaşlıq prinsiplərindən irəli gələn taleyüklü məsələlərin işıqlandırılmasına münasibətdə həssaslığı artırmağa çağırırıq. İnanırıq ki, onların xalqlarımızın mənafe yaxınlığından, dostluq və qardaşlıq dəyərlərindən irəli gələn məsələlərə münasibətdə ortaya qoyacaqları vahid mövqe bütövlükdə türk dünyasının tərəqqisi baxımından əhəmiyyətli rol oynayacaq".

Mediainfo.az