Əli Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşüb

9 Dekabr 2014 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.

Komitədən Apa-ya verilən məlumata görə, görüşdə əsasən İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Ə.Həsənovun 23-27 noyabr tarixlərində İrana gerçəkləşən səfərinin və bu səfər proqramı çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticəsi müzakirə olunub.

Səfərin və keçirilən bütün görüşlərin yüksək səviyyədə təşkilinə və göstərilən xoş münasibətlərə görə İran tərəfinə təşəkkürünü bildirən Ə.Həsənov bütün bunları İranla Azərbaycan arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi kimi dəyərləndirib. Ə.Həsənov əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsini vacib sayıb və səfər proqramı çərçivəsində bu məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb.

M.P.Ayin səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlandığını bildirib. Onun sözlərinə görə, İran tərəfində texniki, təhsil və sosial sahələrdə, ictimai təminat, humanitar, müştərək investisiyalar, əmək məsələləri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılması və müzakirə olunmuş digər məsələlərə və irəli sürülmüş təkliflərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq üçün hazırlıq işləri davam etdirilir və bunlar da özünün müsbət nəticəsini verəcək.

Görüşün sonunda əminlik ifadə olunub ki, Ə.Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək.

Mediainfo.az