Həzi Aslanov: “Məktəblərin, yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçiririk”

Həzi Aslanov: “Məktəblərin, yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçiririk”

8 Dekabr 2014 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Narkomanlıqla bağlı nazirliyə müraciət olsa da, bu hallar kütləvi deyil. İl ərzində DİN-ə maksimum 2-3 belə müraciət olur".

Aapa-nın məlumatına görə, bunu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

H.Aslanov bildirib ki, onlar narkocinayətkarlıqla əlaqədar məktəblərin, yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçirir: "Mütəmadi olaraq məktəblərin ətrafında olan narkopritonlar və narkotika ilə bağlı digər cəhdlərlə əlaqədar müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bizə müraciətlər də onunla bağlı olur ki, hansısa məktəbin həyətində istifadə olunmuş "şpris" var. Uşaqlar və valideynlər tərəfindən belə hallar olanda dərhal reaksiya verilir".

Nazirlik rəsmisi bildirib ki, bir sıra dövlətlərdə, o cümlədən qonşu Rusiyada şagirdlər narkomaniyaya qurşanma ilə bağlı narkokabinetlərdə məcburi qaydada müayinədən keçirilir və bununla bağlı qanunvericilik bazası var: "Bu istiqamətdə DİN təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu məsələyə baxılır və hazırda gündəmdədir. Rusiyada şagirdlər tam anonimliklə, valideynlərin icazəsi ilə testdən keçirilir. Həmçinin ali məktəblərin özlərinin nizamnamələri var və vaxtaşırı onlara müəyyən dəyişikliklər edilir. Əgər tələbə hər hansı bir ali təhsil ocağını seçirsə, təbii ki, həmin nizamnaməyə riayət etməlidir. Bu məsələnin çox müsbət tərəfi var. Bu, narkotikə yeni qurşanan şəxslərin müalicəsi və reabilitasiyası üçün effektivdir və bu prosesləri daha asanlıqla həyata keçirmək olur. Düşünürük ki, yaxın vaxtlarda bizdə də bu təcrübədən istifadə ediləcək".

Mediainfo.az