Məhəbbət sarsıntıları

Məhəbbət sarsıntıları

5 Dekabr 2014 18:06
Bəyəndim (0) Bəyənmədim (0)

Yoxdur bu dünyada bir gül tikansız,

Məhəbbət sevinci olmaz fəqansız.

Göylər ulduzların gərdiş yeridir,

Ürək məhəbbətin vərdiş yeridir.

Həyatı məhəbbətsiz təsəvvür etmək mümkün deyil. Məhəbbət həyata bağlılıq, yaşamaq stimuludur. Dalğasız dəniz olmadığı kimi, sevgisiz də insan yoxdur.

İnsan yaşadıqca onun sevgisi də olacaq. Sevgisi yoxdursa o insanın həyatı da yoxdur. Həyatın sevgisi, qəmi olduğu kimi, sevginin də vüsalı və hicranı qaçılmazdır. Bunların hər ikisi sevənlərin öz sevgilərinin qismətidir demək olar da, olmaz da. Məhəbbət sarsıntıları ilə bağlı keçid alıram gələn mesajlara.

(055) –72-59 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, İsa Rəvan. Bağışlayın, sizi narahat edirəm. Mən bu qəzetin 14 ildir oxucusuyam və sizin məsləhətinizə çox ehtiyacım var. Mən həyat yoldaşımdan ayrılmışam, çox stresslər keçirmişəm. Yoldaşım içki və narkotik aludəçisi olub, mənə çox əzab və əziyyətlər verib. Çoxlu psixoloji sarsıntılar keçirmişəm. Hal-hazırda da nevropatoloq müalicə edir. Çox pisəm, hər şeydən qorxuram. Hər kəsdən qaçıram, daha yorulmuşam hər kəsdən. Ancaq təkliyə qapanıb ağlayıram, özümü intihar etmək istəyirəm. Amma qızımı tənha qoymaq da istəmirəm. Onun məsum baxışlarını görəndə, bilmirəm nə edim. Mənə kömək edin. Məsləhətinizə çox ehtiyacım var.

İsa Rəvan: Yaşanmağa başlamış ömür kimi sevgi də həyatda sığortalanmayıbdır. Sevərkən və ya ailə həyatı qurarkən onun sonrakı taleyini bilmək olmur. Sevərkən heç nə haqqında düşünmürsən, o hisslərin əsirinə çevrilirsən. Ancaq unutmaq lazım deyil ki, sevmək hər şeyi həll etmir. İnam, qarşılıqlı hörmət və daha vacibi tanıyıb-bilməkdir. Ömür yoluna qədəm qoymamışdan əvvəl onu hərtərəfli tanımaq, xasiyyətinə bələd olmaq lazımdır ki, bu ömür yolunu birgə qət etməyə dəyər ya yox. Ən başlıca şeyi gözlə görmək mümkün deyil, onu yalnız ürək duya bilər. Xasiyyət dəyişməsə də, vərdişlər dəyişir. Ona görə də əsas xasiyyətin yaxşı olmasıdır. Sevgi və ailədə kobudluq yox, qayğı və diqqət olmalıdır. Nadan insanın hər bir hərəkət və danışığından onun nadanlığı bilinir. Nadanlıq ağılın aysız, ulduzsuz gecəsidir. Boş kisəni dik qoymaq çətin olduğu kimi, nadan insanla da bir yerdə səadət əldə etmək elə çətindir. Ailə nadanlıqla, kobudluqla, zorakılıqla deyil, qayğı, diqqət, sevgi və qarşılıqlı hörmətlə idarə olunmalıdır. Zorakılığa məruz qaldıqda ruhda daim dəyişikliklər olmadığından daxili sarsıntılar çoxalır. Güclü sarsıntılar da stresslə nəticələnir. Stress-sarsıntını bizim başımıza gələn hadisəni deyil, bu hadisəni necə qavramağımızın nəticəsidir. Ruh sarsılanda qorxu da əmələ gələcək. Qorxu və tənhalıq sağlam bədənə də mənfi təsir göstərən kəskin amildir. Tənhalıq, özünəqapanma insanı cəmiyyətdən təcrid eləyir.

Özünə inamı, güvəni itirərək insanı yaxın olan adamlardan da uzaqlaşdırır. Əsasən inanaraq sevdiyindən ayrıldıqda, onun xəyanətini görəndən sonra insan tənhalığa qapanır. Belə olduqda insan başqalarına da inanmayaraq şübhə ilə yaşayır. Bütün bunların mənfi təsirindən və daxili gərginlikdən qəlb və sarsılaraq şiddətli acılar yaşayır.

Siz bütün bu acılardan sarsılaraq son hədd olan intihar haqqında düşünürsünüz. Unutmayın, intihar Allah qarşısında da böyük günahdır. İntihar zəiflik və iradəsiz olaraq hadisələrdən qaçmaq əlamətidir. Həm də intihar süstlük göstərərək olanlarla barışıb həyatına son qoymaq deməkdir. Həyat isə yaşamaq, yaşamaq üçünsə mübarizə tələb edir. Siz özünüzdən əlavə qızınızı da, onun gələcək taleyini də düşünün. Bir ana kimi buna məsuliyyət daşıyırsınız. Keçmiş həyat yoldaşınızın sizə etdikləri zülmlərə görə siz intihar etməklə ona acıq verib və ya qisas almış kimi heç nə əldə etməyəcəksiniz. Əksinə, düşünün ki, mən nə üçün və kimə görə intihar edirəm... Həyat insana Allahın bəxş etdiyi ən böyük nemət və bir möcüzə dolu aləmdir. Problemsiz həyat və çarəsiz də problem yoxdur. Problemin özünə yox, onun həllinə intiharla deyil, başqa sağlam düşüncələrlə diqqət ayırmalısınız. Siz nə qədər acılar çəksəniz belə, keçmiş həyat yoldaşınızın vecinə olmayacaq. Əgər belə olsaydı vaxtında sizə və övladına dəyər verərdi. Siz kimin peşman olduğunu ona sübut etməlisiniz. İlk növbədə xanım və ana olduğunu nəzərə alın. Həyatınızda baş verənləri unudub özünüzdə nikbin ruh və duyğular yaradaraq sabahın xoş ümidi ilə yaşayın. Mübariz və əzmkar olub ayaq üstə möhkəm duraraq qızınıza əsl ana qayğısını göstərin. Siz üzünüzdə təbəssümlə nə qədər nikbin

ruhda olsanız, sizə acılar çəkdirənə siz də acılar çəkdirmiş olacaqsınız. Elə bir formada həyatınızı yaşayın ki, qoy o, sizə dəyər vermədiyinə görə peşman olsun. Olanları keçən günlər kimi unudun getsin. Acılarla həyatınızı zillətə çevirməməkçün özünüz mübariz olmalısınız. Bunun üçün iradənizi gücləndirməli, özünə inam yaratmalı, təkcə özünüzü deyil, doğma və yaxınlarınızı da düşünməlisiniz. Başınızı nə iləsə qatmalı, hansısa bir işlə məşğul olmalı, çoxlu ünsiyyət qurmalı, təmiz havada gəzintiyə çıxmalı, evdə çox oturmamalı, idmanla məşğul olmalısınız. Bunları edən zaman fikirləriniz həmin istiqamətlərə yönələcək və bununla da daxili gərginlik və sıxıntılardan azad olmuş olacaqsınız. Məndə heç nə yoxdur deyərək özünüzə inam və güvənc yaradın. Bütün mənfi fikirləri isə birdəfəlik yaddan çıxardın. Həyatdan zövq alaraq yaşamağa çalışın. Qarşı tərəfə və ətrafa əsl xanım olduğunuzu sübut edin.

Tədricən həyatınızda hər şey normal olacaq.

(050) 26-12 nömrəli mobil telefonun sahibi olan başqa bir xanım yazır: Salam. Haqsızlığı sevmədiyim üçün, düz olmayan hər şeyə əsəbiləşirəm. Əsəbiləşəndə də qarşımdakı insana fikirlərimi çatdıra bilmədiyim üçün sonradan ağlayıram. Demək olar ki, hər şey mənə əsəb verir. 22 yaşım var, ancaq özümü illərin yorğunu və tənha hiss edirəm. Mənə deyin, nə etməliyəm? Sağ olun.

İsa Rəvan: Nə qədər istəsək də tam halında həyatı istədiyimiz kimi yaşamaq olmur. Həyat hadisələri və şəraitdən asılı olaraq gözlənilməz anlar yaşanır. Həyatda doğru, yalan olduğu kimi, haqq-nahaq da bərabər olubdur. Siz istəsəniz də bu mövcud olanları dəyişə bilməzsiniz. Pifaqorun deyimi ilə desək: "Həqiqəti çılpaq görmək də kifayətdir, yalan qoy libaslara bürünsün". Hər şeyə reaksiya verməyiniz sizə daxilən sıxıntılar yaşadacaq. Beyinin sinir sistemində əsəb hüceyrəsi oyaq olanda, digər sinir hüceyrələrinə də təsir göstərir. Daxili gərginlik və sinir sisteminizin həssas olması sizi affekt vəziyyətinə gətirib çıxarır. Bu da sizin ünsiyyət zamanı qarşı tərəflə olan fikirlərinizdə disbalans yaradır. Ağlamağınız gərginliyinizi bir qədər azaldır. Ancaq buna alidə olmayın. Siz ilk növbədə əsəb həkiminə müraciət etməlisiniz. Özünüzə qarşı tələbkar olaraq baş verən hadisələrə reaksiya verməməlisiniz. Düşünün ki, siz öz hərəkətlərinizə cavabdehsiniz və sizin kimi düz insanlar çoxdur. Hələlik kimlərdən ki mənfi enerji alıb əsəbiləşirsiniz, onlardan uzaq olun. Çalışın digər ətrafınızda olan insanlarla xoş ünsiyyətdə olasınız. Hər şey özümdən asılıdır – deyə hamı ilə xoş rəftar olun. Gənclik dövrünüzün şux və şən çağlarını yaşayın. Bunlar sizin öz ixtiyarınızdadır. Onda özünüzü illərin yorğunu yox, əsl öz yaşınızdakı kimi hiss edəcəksiniz.

Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək: (055) 785-84-83

İsa Rəvan