Yaddaşı zəif olan insanlara məsləhət

Yaddaşı zəif olan insanlara məsləhət

22 İyun 2011 22:01
Bəyəndim (0) Bəyənmədim (0)
Bunu yadınızda saxlasanız, yaddaşınız düzələcək

Yəqin sizin də başınıza belə işlər gəlib. Məsələn, iki gün ardıcıl olaraq fikirləşirsiniz ki, görəsən, ofisinizə gələn təzə işçinin adı nədir? Axırda isə bunu xatırlaya bilməyib digər iş yoldaşından onun adının nə olduğunu soruşursunuz. Və ya başqa bir hal. Rəis sizə çox da böyük olmayan bir məruzəni hazırlamağı tapşırıb. Çıxış zamanı siz rəqabət aparan firmanın adını unudursunuz. Bununla bərabər fikirlərinizi də dəqiq ifadə etməyi bacarmırsınız və məlumatınız qarışıq alınır. Hansı ki, dünənə kimi bütün mətni kağızsız da əzbər danışırdınız. İndi isə kiçik bir abzası oxumaq da sizin üçün çətinləşib. Bəs orijinal qərarlar çıxarmaq bacarığınız hara getdi? Artıq özünüzü itirmisiniz? Başa düşmürsünüz ki, sizə nə olub? Sakitləşin. Burada qorxulu heç nə yoxdur. Yəqin uzun müddət yorucu işlə məşğul olmusunuz. Həddindən artıq yüklənmələrdən yorulmusunuz, buna görə də depressiya halındasınız. Bəs bu haldan necə yaxa qurtarmaq və əvvəlki vəziyyətə qayıtmaq olar? Biz sizə bir neçə tapşırığı yerinə yetirməyi məsləhət görərdik. Hansı ki, onlar əqli fəaliyyətin normal inkişafına müsbət təsir göstərir. Bu tapşırıqları istənilən vaxt və istənilən yerdə yerinə yetirə bilərsiniz. Ancaq çalışın bunu mütəmadi edəsiniz. Beləliklə, başlayaq!

Həyatdan zövq alın

* Müsbət emosiyalar. Çoxdan sübut olunub ki, onlar möcüzə yaratmağa qadirdirlər. Nümunə üçün uzağa getmək lazım deyil. Yadınıza salın nə vaxt ki, sizin əhval-ruhiyyəniz yaxşıdır, çox asanlıqla, hətta oynaya-oynaya hər bir işin, bəzən çox mürəkkəb işlərin öhdəsindən gəlirsiniz. Özü də bu vaxt beyninizə nə qədər maraqlı və orijinal ideyalar gəlir. Buna görə də çalışın özünüzdə həyata qarşı müsbət münasibətləri bərpa edə biləsiniz. Hər şeydən əvvəl pis fikirləri başınızdan atın. Bir vəziyyəti beyninizdə dəfələrlə o tərəf-bu tərəfə çevirməyin. Nəyisə düzgün etmədiyinizi fikirləşirsiniz? Səhvinizin nədə olduğunu dəqiqləşdirin və birdəfəlik qərara alın ki, gələcəkdə belə hərəkətlərə yol verməyəcəksiniz. Özünüzü ağıllı hərəkətlərinizə görə tərifləyin, xoşagəlməz halları unutmağa çalışın. Dünyaya gülərüzlə baxın. İnsanları müzakirə etməyin, əksinə, onları olduğu kimi qəbul etməyə çalışın. Daha səmimi olmağa çalışın və sizdə nəyinsə başqalarına nisbətən zəif alınacağını düşünüb çəkinməyin.

Qartal baxışlı olun

* Müşahidə edin. Diqqətlə ətrafınıza baxın və nə görürsünüzsə, yadınızda saxlamağa çalışın. Əvvəlcə sadəliklərə fikir verin, sonra isə daha mürəkkəb müşahidələr aparın. Məsələn, işə gedərkən avtobusda sizin sağ tərəfinizdə oturan adamın nə geyindiyini və ya bazarda alma aldığınız satıcının sifətini xəyalınızda təsvir edin. Bir-bir qohumlarınızın gözlərinin rəngini yadınıza salmağa çalışın. Ofisinizdə neçə kompüterin, neçə qapının olduğunu xatırlayın. Sonra isə hər dəfə gördüklərinizi yadda saxlamağa çalışın.

"Yaddaş kitabçası"

* Rəqəmləri və tarixləri yaddaşınıza yazın. Yaxın dostlarınızın telefon nömrələrini yadınızda saxlayın. Baxın görün yaddaşınızda nə qədər çox adamın telefon nömrəsini saxlaya bilirsiniz. Ailə üzvlərinizə, dostlarınıza, rəfiqələrinizə, iş yoldaşlarınıza aid olan vacib tarixləri yadda saxlamağa çalışın. Görün nə qədər ad günlərini və ildönümlərini yadda saxlaya bilirsiniz. Öz şəxsi həyatınızın xronologiyasını da yaddaşınızda bərpa etməyə çalışın. Nə vaxt dostunla görüşmüsən? Hansı xəbər daha çox yadında qalıb? Həmin gün hava necə idi?

Çox hərəkət edin

* Fəal həyat tərzi keçirin. İdmanla məşğul olmaq stressi aradan qaldırır və əqli fəaliyyətə müsbət təsir göstərir. İdmanın sağlamlığa və qamətə müsbət təsirindən danışmağa dəyməz. Amma nədənsə yenə çoxları bununla məşğul olmur. Əgər siz idman zallarına getmək, idmanla məşğul olmaq istəmirsinizsə, heç olmasa hər gün gəzintiyə çıxın. Sən demə, həmişə formada olmaq üçün heç də təkcə trenajorla məşğul olmaq lazım deyilmiş. Hər gün iyirmi dəqiqə gəzintiyə çıxsanız, bu, təkcə sizin əzələlərinizin durumunu qaydaya salmayacaq, həm də beynin damarlarını möhkəmləndirəcək. Buna görə də mütləq sağlam həyat tərzi keçirməyə çalışın. Nə qədər yorğun olsanız da, axşamlar gəzintiyə çıxın.

Duyğularınızı gücləndirin

* İnanın ki, dünya rəngarəngdir. İnsanın hissiyyat orqanlarının hər biri müşahidə etməkdə özünəməxsus rol oynayır ki, bu da sonradan gördüklərinizin yaddaşınıza hopmasına gətirib çıxarır. Bütün beş duyğudan - iybilmə, lamisə, eşitmə, dadbilmə və görmədən tam istifadə etməyə çalışın. Onlardan nə qədər düzgün istifadə edə bildiyinizi aydınlaşdırmaq üçün özünüzə bir neçə sual verin. Görün bir neçə oxşar qoxunun içərisindən daha çox sizin xoşunuza gələni seçə biləcəksinizmi? Telefonda danışdığınız adamı səsindən tanıya bilirsinizmi? Xarici filmi tərcümə edən aktyorun kimliyini o dəqiqə müəyyənləşdirə bilirsinizmi? Əgər sualların çoxuna mənfi cavab verirsinizsə, onda öz üzərinizdə işləməlisiniz.

Yeniliyi öyrənin

* "Yeriyən ensiklopediya"ya çevrilin. İşinizlə, həyatda tutduğunuz mövqeyinizlə və ümumiyyətlə, sizi maraqlandıran mövzularla bağlı çox şeyləri oxumağa çalışın. Oxuduqlarınızı dost-tanışlarınızla, yaxınlarınızla müzakirə edin. Yəqin yaşadığınız şəhərdə elə insanlar var ki, onlar da sizin maraqlandığınız mövzularla maraqlanırlar. Bəlkə də siz bir-birinizi tapandan sonra ümumi maraqları olan insanları bir yerə toplamaq üçün hansısa klubu açmaq qərarına gələcəksiniz. Tək qalanda çoxlu məntiqi məsələlər, krossvordlar (bunların hamısı "Super Krossvord" qəzetində var) həll edin. Yeni sözlərə rast gəldikdə isə, mənasını aydınlaşdırmaq üçün ensiklopediyalara baxın, dostlarınıza zəng vurun, çalışın hər gün yeni nəsə öyrənəsiniz.

Hər gün ən azı bir sətir

* Əzbərləməyə çalışın. Bu yaddaş üçün əla məşqdir. Onu əzbərləyin ki, o, sizin xoşunuza gəlir. Məsələn, nəğmə, kitabdan bir parça, şer və s. Öyrəndiyiniz informasiyanı mütləq başqa insanlarla bölüşməyə çalışın. Bir tərəfdən ola bilər ki, siz ona onun bilmədiyini öyrətmiş olarsınız, ikinci tərəfdən isə bu sizin ünsiyyət bacarığınızı məşq etdirmək deməkdir.

Nəticə çıxarın

Yorulmaq bilmədən hər gün məşq edin və qarşınıza yeni tapşırıqlar qoyun. Onlar nə qədər müxtəlif olsalar, beyin üçün bir o qədər yaxşıdır. Bir qədər vaxt keçdikdən sonra görəcəksiniz ki, sizin iş qabiliyyətiniz kifayət qədər yaxşılaşıb, yaddaşınız möhkəmlənib, həyat isə əvvəlkindən maraqlı görünür. Deməli, təklif etdiyimiz məşqlər heç də nəticəsiz olmayıb. Elə isə siz də yoxlayın. Bəlkə elə həqiqətən də beyninizin normal fəaliyyət göstərməsi üçün məhz bunlar çatışmır.

Əgər verdiyimiz məsləhətlər yadınızda qaldısa, deməli, artıq nə isə alındı...

Əfqanə Səhər

O.M.