Ölkəmizdə sürətlə yayılan C hepatitindən özünüzü qoruyun

Ölkəmizdə sürətlə yayılan C hepatitindən özünüzü qoruyun

20 İyun 2011 22:06
Bəyəndim (0) Bəyənmədim (0)
Gözəllik çirkinliklə, hətta ölümlə də nəticələnə bilər

XATIRLATMA

Hələ 2006-cı gözəllik salonlarının birində müğənni İradə İbrahimova ilə qarşılaşmışdım. O, mənim qələm əhli olduğumu bilmədiyindən salonun rəhbəri ilə söhbət etməyə başladı. Bu zaman müdirə xanım onun son dərəcə solğun görünməsinin səbəbini soruşdu. İ.İbrahimova isə cavabında, "gecə demək olar ki, gözümü yummamışam, işçilərimdən biri manikür vasitəsilə C hepatitinə yoluxub. Yazığın bütün ümidləri puça çıxıb. Ürəyim dözmədi və min dollardan çox pul bağışladım ona ki, Moskvaya gedib müalicə olunsun", - deyə bildirmişdi. Əlbəttə, arxiv materiallarına nəzər salsaq, görərik ki, bu məlumat qəzetimizdə işıqlandırılıb.

Doğrudur, o hadisədən sonra mən gözəllik salonuna yenə də gedib-gəlirəm, amma dırnaqlarımı manikür etməmək şərti ilə. Nədənsə ürəyimdə bir xof yaranıb. Çox götür-qoydan sonra isə manikür-pedikür aləti almaq qərarına gəldim. Üç-dörd ədəd alətə o vaxt 30 "şirvan" verməli oldum. Peşmançılıq hissi çəkmirdim, əksinə. Sağlamlığımın naminə bu addımı atdığıma görə özümü alqışlayırdım.

Bu yaxınlarda isə bir yaxın qohumumun da (qeyd edim ki, bu xanım hal-hazırda tibb müəssisələrinin birində "mama" kimi çalışır) həmin alətlərdən aldığını eşitdim. Yay ərəfəsində o qadınla rastlaşanda ondan nəyə görə belə etdiyini soruşdum. Cavabı mənim kimi sizləri də təəccübləndirəcək: "Bilirsən, mən tibb işçisiyəm deyə rəhbərliyimizin göstərişi ilə ara-sıra qan analizi verməli oluruq. Belə olan halda bir həmkarımın C hepatitinə yoluxduğunu öyrəndim. Bu yaxınlarda gözəllik salonuna getdim, həmin xəstə həmkarımın manikür etdirdiyini görəndə gözlərim kəlləmə çıxdı. Və o gündən etibarən bir daha manikür etdirməyəcəyimə söz verdim. Aradan bir ay keçəndən sonra isə dözmədim. Nəticədə şəxsi alətlərimin olması üçün onları almalı oldum".

Əlbəttə, bugünkü mövzumuz nəinki kişilərə, həmçinin qadınlara, qızlara da aiddir. Hansılar ki, özlərinə bəzək-düzək verməyi, tez-tez gözəllik salonlarına getməyi xoşlayırlar. Doğrudur, hər bir qadın gözəlliyin vurğunudur. Geyimlə yanaşı üz-gözünə, saçına əl gəzdirməyi, əllərin, barmaqların gözəl görünməsi üçün manikür etdirməyi sevir. Amma gəlin o biri tərəfi də fikirləşək. Bu gözəllik özü ilə bərabər çirkinliklə, hətta ölümlə nəticələnə bilməzmi? Bəli...

C HEPATİTİ NƏDİR?

Ümumiyyətlə, hepatit xəstəliyinin bir çox növləri var ki, C hepatitini də onlara aid etmək olar. Əslinə qalsa, mütəxəssislərin söylədiklərindən görmək olur ki, məhz bu növ hepatit digərlərindən ağır cəhətlərinə və fəsadlarına görə xeyli fərqlənir. Həmin virusdan yaxa qurtarmaq olduqca müşkül məsələdir. Daha dəqiq desək, hələ tibbi aləmdə C hepatitini tam müalicə etmək üçün preparat icad edilməyib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin ən azı 4 faizi C hepatitinə yoluxub. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən çox insan var. Azərbaycanda bu virusun müayinəsi 1989-cu ildən başlansa da, 2001-ci ildən etibarən nəzarətə götürülüb.

C hepatiti qaraciyər xəstəliyidir. Törədici qan tərkibli, çox dəyişkən virusdur. Tez bir zamanda öz formasını və genotipini dəyişdiyinə görə diaqnostika və müalicədə müəyyən problemlər yaradır. Bu dəyişkən xasiyyətinə görə onun diaqnostik aparatlar vasitəsilə təyin edilməsi və müalicəsi çox bahalıdır. Eyni zamanda uzunmüddətlidir. Bu, həqiqətən də çoxlarının imkanı xaricində olan məsələdir. Xəstənin müalicəsi üçün istifadə olunan pegintron və rubavirin preparatları olduqca bahalıdır. Müalicənin fasiləsiz aparıldığını və əhalinin sosial durumunu nəzərə alsaq, həm maddi, həm də xəstəlik baxımından xəstələrə nə qədər psixi zərbə vurduğunu anlamaq olar. Ümumiyyətlə, bu xəstəliyin qarşısını almaq üçün xəstələrin pulsuz müalicəsi haqda qərar qəbul edilsə, əhalimizin gələcək sağlamlığı üçün müsbət addım atmış olarıq. Və ya yeni ucuz dərmanlar icad edilsə, nə qədər xəstələrin müalicəsi baş tutar.

XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ

Halsızlıq, zəiflik,

Baş ağrıları,

Qarın ağrıları,

Qaraciyərdə tutub-buraxan sancılar,

Tünd rəngli sidik və nəcis,

Sürətlə arıqlama,

Yağlı yeməklərdən iyrənmə halları...

GİZLİ DÜŞMƏN...

C hepatiti çox qorxulu bir xəstəlikdir. Çünki o, gizli şəkildə illərlə insanın orqanizmində yaşayıb qol-budaq atır. Virus yayıldıqca nəticədə qaraciyərin hüceyrələrini dağıdaraq məhv edir. Bu xəstəliyə bəzən "gizli düşmən" də deyirlər. Belə ki, xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Xəstəlik özünü büruzə vermədiyindən bunu sezmək çox çətindir. Amma illər ötdükcə xəstəliyə yoluxmuş insanın gözünün içi saralmağa başlayır. Ağzı acı olur. Yavaş-yavaş sağ qabırğasının altında narahatçılıq hiss olunmağa başlayır. Qarında ağrılarla bərabər halsızlıq özünü göstərir. Bütün günü canındakı narahatçılıq ona diskomfort yaradır. Bu da insanın əzginliyinə, halsızlığına, uzunmüddətli qripəoxşarlığına, burundan su gəlməsinə ciddi əhəmiyyət verməməyi ilə müşayiət olunur. Sonradan tamam başqa bir xəstəliyə görə həkimə müraciət olunmaq məqamı gəlib çatır. Əlbəttə, əgər həkim savadlıdırsa, ilk olaraq qan analizinin verilməsi haqda tapşırıq verir. Və yalnız düzgün qoyulmuş diaqnozdan sonra həmin şəxsin C hepatitinə yoluxması barədə məlumat əldə olunur.

C HEPATİTİNİN YAYILMA EHTİMALLARI...

Azərbaycanda C hepatitinin ayrı-ayrı genotiplərinin əhali arasında yayılma halları mövcuddur. Virusun genotiplərinin sayı 6-dan çoxdur. Lakin bunların hərəsinin 2 və ya 3 subtipi var.

C hepatitinə qarşı antigenləri olan donorlar və hamilə qadınlar əhalinin 1,5 faizini təşkil edir. Qadınlarda doğuş, abort zamanı sterilizə olunmamış tibbi alətlərdən istifadə olunur və donorların qanının düzgün aparılmayan analizi bu virusun daşıyıcılarının sayını günbəgün artırır. Donorun xəstə qanı ilə çirklənmiş alətlər yoluxmaya daha çox səbəb olur. Bəzən bu xəstəlik qanköçürmə yolu ilə də yayılır. Ümumiyyətlə, bu virus qandan kənarda yaşaya bilmir.

Son zamanlar narkomaniya yolu ilə C hepatitinin daşıyıcılarının sürətlə artımı müəyyən edilib. Belə ki, birdəfəlik şprisdən istifadə edən hər hansı bir narkoman sonradan onu bir başqasına ötürür. O da birinə, o da dəstədən olan digər dostuna. Beləcə, nəticə etibarilə C hepatiti yayılır. Onu da qeyd edək ki, C hepatitinin cinsi əlaqə yolu ilə ötürülməsi də istisna deyil. Hətta bu virusa yoluxmuş anadan xəstəliyin təzəcə doğulmuş körpəyə keçmə ehtimalı da var. Diş fırçası, qayçı, tatuirovka, gözəllik salonlarındakı manikür-pedikürdən də yoluxma mümkündür. C hepatiti virusu +60 dərəcə temperaturda 30 dəqiqəyə, 100 dərəcə temperaturda isə 2 dəqiqəyə tələf olur. O, illərlə qaraciyərdə yaşasa, qaraciyərin serrozu ilə nəticələnə bilər.

QEYD

Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona görə də tibbi aləmdə təhlükəli sayılan virusdan yalnız insanın özü özünü qorumalıdır. Belə ki, elementar gigiyena qaydalarına riayət etmək vacibdir. Başqasının diş fırçasından, ülgücündən istifadə etməyin! Xanımlar isə daha ciddi olmalıdırlar. Gözəllik salonlarına gedərkən manikür-pedikür alətlərindən qorunmalıdırlar. Əgər dırnaqlarının eybəcər görünməsini istəmirlərsə, hansı yolla olursa-olsun manikür üçün nəzərdə tutulmuş alətləri alsınlar. Və gözəllik salonuna gedərkən özləri ilə aparsınlar. Qayıdanda yenə də həmin alətləri özünüzlə bərabər götürməyi unutmayın. Bir sözlə, son zamanlar manikür vasitəsilə yayılan C hepatitindən qorunmağa çalışın, əziz xanımlarımız. Unutmayın ki, evdə bütün işlər məhz sizin əlinizin altından keçir.

SON SÖZ ƏVƏZİ:

Gözləməyin ki, təhlükəli virus sizin orqanizminizi məhv etsin. Siz onu əvvəlcədən məhv edin...

Könül Aypara

O.M.