Dini-elmi ensiklopediya-VI hissə

Dini-elmi ensiklopediya-VI hissə

18 İyun 2011 20:08
Bəyəndim (0) Bəyənmədim (0)
İslamın nuru və hərarəti

Cəmiyyətimizdə İslam dininə, eləcə də bütün dinlərə marağın artdığını nəzərə alaraq, 29 apreldən etibarən həftənin Şənbə günləri yeni bir rubrika ilə görüşünüzə gəlmişik. Məqsədimiz dinin, həmçinin fəlsəfənin incəlikləri ilə maraqlanan insanlara bu işdə yardımçı olmaqdır. Belə ki, yeni rubrikada əməkdaşımız Mərdan Qaraisayevin topladığı elmi məlumatlar əsasında dini terminlərin izahını əks etdirən ensiklopedik məlumatlarla tanış olacaqsınız. Ümidvarıq ki, sizə təqdim olunacaq məlumatlar marağınıza səbəb olacaq. Qoy gözlərimiz İslamın nuru ilə işıqlansın, qəlbimiz Allah məhəbbəti ilə hərarətlənsin. Amin!..

V hissə ilə tanış olmaq istəyirsinizsə, buraya kilik edin

Əshаbul-mәymәnә - nicat tapmış iman əhli.

Əsmaul-Husna - Allahın 99 gözəl adı:

1. ALLAH - gözəl sifətləri özündə ehtiva edən.

2. əl-VAHID - yeganə.

3. əl-ƏHƏD - bənzərsiz.

4. əs-SƏMƏD - ehtiyacsız.

5. əl-AXIR - hər şeydən sonra mövcud olacaq.

6. əs-SƏMI - hər şeyi eşidən.

7. əl-BƏSIR - hər şeyi görən (haqq-nahaq).

8. əl-QƏDIR - hər şeyə qüdrəti çatan.

9. əl-ƏVVƏL - hər şeydən əvvəl mövcud olmuş.

10. əl-QAHIR - zalımları qəhr edən.

11. əl-ƏLIYY - yüksək, uca.

12. əl-Ə'LA - ən yüksək.

13. əl-BAQI - əbədi.

14. əl-BƏDI - həmişə ixtira edən.

15. əl-BARI - yaradıcı.

16. əl-ƏKRƏM - ən kəramətli.

17. əz-ZAHIR - aşkarda olan.

18. əl-BATIN - gizlində olan.

19. əl-HƏYY - diri.

20. əl-HƏKIM - çox hikmətli.

21. əl-ƏLIM - hər şeyi bilən çox elmli.

22. əl-HƏLIM - çox mülayim.

23. əl-HAFIZ - ən yaxşı qoruyucu.

24. əl-HƏQQ - həqiqət.

25. əl-HƏSIB - hər şeyi hesaba alan.

26. əl-HƏMID - həmd edilən.

27. əl-HƏFIYY - öz yaratdıqlarını çox sevən.

28. ən-NUR - nur.

29. əl-RƏBB - bəsləyən.

30. əl-RƏHMAN - çox mərhəmətli.

31. əl-RƏHIM - həmişə mərhəmətli.

32. əl-RAUF - mehriban.

33. əl-RAI - hər şeyi görən.

34. əl-RƏQIB - nəzarətçi.

35. əz-ZARI - yaradan.

36. əl-SƏLAM - hər təhlükədən salamatlığa çıxaran.

37. əl-RƏZZAQ (əl-RAZIQ) - ruzi verən.

38. əl-MÖMIN - iman bəxş edən.

39. əl-MUHEYMIN - himayə edən.

40. əl-ƏZIZ - çox izzətli, çox əziz.

41. əl-CƏBBAR - zalımlara əziyyət verən.

42. əl-MUTƏKƏBBIR - məqamı uca tutulan.

43. əl-SEYYID - ağa, başçı.

44. əl-ALİM - hər şeyi bilən.

45. əş-ŞAHID - hər şeyə şahid olan.

46. əl-SADIQ - sədaqətli.

47. ət-TAHIR - pak, saf.

48. əl-ĞƏNIYY - ehtiyacsız, varlı.

49. əl-ĞIYAS - köməkçi.

50. əl-FATIR - yaradan, vücuda gətirən.

51. əl-FƏRD - tək.

52. əl-FƏTTAH - çətinlikləri həll edən.

53. əl-FALIQ - dan yerini yaran.

54. əl-QƏDIM - əzəli olmadığı zaman təsəvvürə gəlməyən.

55. əl-MƏLIK - mülk sahibi.

56. əl-QUDDUS - müqəddəs.

57. əl-QƏVIYY - çox qüvvətli.

58. əl-QƏRIB - çox yaxın.

59. əl-QƏYYUM - dayanıqlı, sarsılmaz.

60. əl-QABIZ - sıxan (canları alan).

61. əl-BASIT - açıb sərən.

62. QAZIYUL-HACAT - hökm verən, ehtiyacları həll edən.

63. əş-ŞAFI - şəfa verən.

64. əl-MƏCID - şan-şöhrətli.

65. əl-VƏLIYY (əl-MOVLA) - dost.

66. əl-LƏTIF - lütf edən.

67. əl-MƏNNAN - bəndələrinə çox ehsan edən.

68. əl-MUHIT - hər şeyi əhatə edən.

69. əl-MUBIN - hər şeyi bəyan edən.

70. əl-MUQIT (əl-MUĞIS) - ruzi verən (dada yetişən).

71.əl-MUSƏVVIN - hər şeyi formaya salan.

72. əl-KƏRIM - çox kəramətli.

73. əl-KƏBIR - çox böyük.

74. əl-KAFI - kifayət edən.

75. KAŞIFUZ-ZURR - zərərin üstünü açıb ifşa edən.

76. əl-VITR - tək-tənha.

77.əl-ƏZIM - əzəmətli.

78. əl-VƏHHAB - nemət bağışlayan.

79. ƏN-NASIR - köməkçi, yardımçı.

80. əl-VASƏ - çox əhatəli.

81. əl-VƏDUD - bəndələrini çox sevən.

82. əl-HADI - hidayət edən, doğru yol göstərən.

83. əl-VƏFIYY - vəfalı.

84. əl-VƏKIL - himayəçi.

85. əl-VARIS - qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud.

86. əl-BIRR - yaxşı sifətlərin sahibi.

87. əl-BAIS - qiyamətdə ölüləri dirildəcək zat.

88. əl-TƏVVAB - tövbələri qəbul edən.

89. əl-CƏLIL - cəlallı.

90. əl-CƏVAD - səxavətli.

91. əl-XƏBIR - hər şeydən xəbərdar olan.

92. əl-XALIQ - xəlq edən, yaradan.

93. XƏYRUN-NASIRIN - ən yaxşı yardımçı.

94. əd-DƏYYAN - hesabat gününün sahibi.

95. əş-ŞÜKÜR - şükür edilən.

96. əl-SANİ - yaradıcı.

97. əl-ƏDL - ədalətli.

98. əl-ƏFUVV - əfv edən.

99. əl-ĞAFUR - günahları bağışlayan.

Əsnaf - xırda ticarətlə məşğul olanlar.

Əstәğfirullah - yəni Allahdan әfv diləyirəm.

Əşəri məzhəbi - Əbul Həsən Əli ibni İsmail Əşəriyə mənsubdur. O, Siffeyn müharibəsində həkəmiyyətin qarşı tərəfini öhdəsinə alan Əbu Musa Əşərinin nəvələrindəndir. Əbul Həsən Əşəri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud 330-cu Hicri ilində vəfat etmişdir. Atası Əbi Bişr adı ilə tanınan İsmail ibni İshaq əhli-hədisin məşhur tərəfdarlarından idi.

Özünü mötəzilə və əhli-hədis məzhəblərindən ayıran əşəri firqəsinin əqidəvi əsasları aşağıdakılardır:

1. Allah və ilahi sifətlər məsələsi;

2. İnsanın ixtiyarı;

3. Əqli gözəllik və qəbahət; (ağlın yaxşı və pisi ayırd etmək qüdrətinə malik olması)

4. Allahın gözlə görünməsinin mümkün olub-olmamağı;

5. Quranın məxluq olub-olmamağı;

6. İnsanın bacarığından artıq işlərə mükəlləf olub-olmamağı;

7. Vədə və vəid;

8. Allahın işlərinin əqli, yaxud qeyri-əqli üsullar əsasında olub-olmamağı;

9. Allah tərəfindən bəndələrlə əlaqədar ən səlahiyyətli işə riayət etməyin vacib olub-olmamağı.

Əşqiya peyğəmbərin səhifəsi - peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.

ət-Tih - Bəni İsrail çölü.

Əyyam - mәrһәlәlәr, mövsümlәr mәnasını ifadә edir

Əyyubun səbri - Allah-təala öz peyğəmbəri barədə buyurur: "Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən." ("Ənbiya" surəsi, ayə 83.)
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükür etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükür etməsini nemətə qərq olması ilə əlaqələndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: "Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükür edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur."
Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükürünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub şükürünü davam etdirirdi. İblis bu böyük insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların "axı nə günah etmisən ki, belə bəlaya düşmüsən" kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şüküründən əl çəkmədi. Beləcə, "Əyyub səbri" zərbi-məsələ çevrildi.

Əzariqə firqəsi - bu firqə ardıcılları Əbi Raşid Nafe ibni Əzrəq Hənəfinin ardıcıllarıdır. Onlar öz müxaliflərini kafir deyil, müşrik hesab edirdilər. İbni Əzrəq hətta bitərəflik mövqeyini də qəbul etmir və inanırdı ki, bu qrup ya müsəlman olmalı, ya da İslam ölkəsindən (yəni, xəvaricin yerləşdiyi yerdən) çıxarılmalı, əks halda isə öldürülməlidir.

Әzhәr - Dаhа аçıq-аydın оlаn fәtvаdır ki, mükәllәf оnа müvаfiq оlаrаq әmәl еtmәlidir.

Əzlam - İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

Əzra kitabı - Əhdi-ətiqin sonrakı bölməsi. Bu, Yerusəlimin (Beytül-müqəddəsin) yenidən abadlaşdırılması, Yəhuyanın azad edilməsi və onun Üzeyirlə birlikdə Yerusəlimə qayıtmasını bəyan edir.

Allah oxuyan gözlərinizi nurlu, qəlbinizi imanlı, zehninizi açıq etsin! Amin!..

(ardı var)