Günəş şüaları ilə düzgün davranın

Günəş şüaları ilə düzgün davranın

18 İyun 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)
Günəş şüaları çox təhlükəlidir

Hal-hazırda hər kəs istirahətdədir. İnsanların əksəriyyəti üçün ən böyük istirahət dənizə getmək, "zaqar" qəbul etməkdir. Hamı bilir ki, ultrabənövşəyi şüaların dəriyə xeyri olduğu kimi zərəri də var. Belə ki, bu şüalar dərinin dərin qatlarına keçərək allergiya, vaxtından əvvəl qocalma və qırışların əmələ gəlməsinə səbəb olur. Ultrabənövşəyi şüalar dərinin üst qatının düşmənidir. Bu şüalar dəridə yanıqlar əmələ gətirir və dəri xərçəngi üçün potensial şərait yaradır.

Biz dənizə getməyin və gündə qaralmayın demirik. Lakin məsləhət görərdik ki, qaralan zaman SPF faktora malik kremlərdən istifadə edin. Çünki bu, sizi gələcəkdə dəri xərçəngi kimi dəhşətli xəstəlikdən xilas edə bilər. Kremlərin SPF-i müxtəlif ola bilər. Lakin SPF nə qədər aşağıdırsa, gündən qoruma qabiliyyəti də bir o qədər aşağı olur. Ona görə də SPF miqdarı mümkün olduğu qədər yüksək olan krem alın. Günəş şüalarının, əlbəttə ki, müsbət təsirləri də var. Məsələn, o, dəridə D vitamininin əmələ gəlməsinin əsas səbəbidir. Xüsusilə uşaqlar üçün bu çox gərəklidir. Lakin günəş şüalarından da düzgün istifadə edilməlidir. Əsasən 07:00-11:00 və 17:00-20:00 radələrində qəbul edilən günəş vannası orqanizm üçün faydalı olur. Günorta saatlarında "qaralmaq" isə bütün orqanizm üçün təhlükəlidir. Hər zaman dediyimiz kimi, yenə də təkrarlayırıq: hər şeyin azı xeyir, çoxu zərərdir. Bu ifadəni günəş şüalarına da tətbiq edə bilərik.

Elə qaralın ki, qara günləriniz başlamasın...

Əfqanə Səhər

O.M.