Plastik əməliyyata tələsməyin

Plastik əməliyyata tələsməyin

17 İyun 2011 10:41
Bəyəndim (0) Bəyənmədim (0)
Yüz ölçüb-bir biçməsəniz...

Plastik cərrahiyyə günümüzün əsas sehrbazıdır. Onun vasitəsilə eybəcər gözəlləşir, nənə isə nəvə ilə yaşıd görünür. Bu əməliyyatı həyata keçirəcək "sehrbaz"ı naşıdan ayırmaq isə elə də asan deyil. Ona görə də əməliyyatı etdirməzdən qabaq gedəcəyiniz xəstəxana və həkim barədə mümkün qədər çox informasiya əldə etməyə çalışın. Həkimin təcrübəsi ən vacib şərtlərdən biridir. Daha çox məşhur olan insanlar barədə internetdə də məlumat olur. Bu, əsas nüanslardandır. Çünki professional həkimlə naşının etdiyi "operasiyanın" nəticələri tamamilə fərqli də ola bilər. Belə ki, yalnız dəridə aparılan əməliyyatın nəticələri cəmi yarım il effektli ola bilər. Daha dərin qatlara qədər edilən əməliyyatın nəticəsində isə 8-10 il "cavanlaşmaq" mümkündür. Əsl professional sizə edəcəyi əməliyyatın gedişi, metodikası, baş verə biləcək fəsadlar və sağalma dövrünün çətinlikləri barədə məlumat verməlidir. Məsələn, siz bilirsinizmi ki, əməliyyat olunmuş burun şaxtada dərinin ümumi tonuna nisbətən daha açıq rəngli görünür? Və yaxud sinədə aparılan əməliyyatdan sonra bir müddət qolu qaldırmaqda çətinlik yaranır. Ümumiyyətlə, həkimlə pasient arasında etibarlı bir münasibət əsas şərtlərdəndir. Əgər belə bir münasibətin alınmasına nail olmamısınızsa, onda yaxşı olar ki, başqa mütəxəssis axtarasınız. Klinikanın quruluşu, fəaliyyət prinsipi də mühüm rol oynayır. Məsələn, siz əməliyyat zamanı xəstəxanada nə kimi alətlərdən (birdəfəlik, yoxsa yox) istifadə olunduğunu bilməlisiniz. Estetik əməliyyatlar daha bahalı əməliyyatlardır. Ona görə də sizə olunacaq tibbi xidmətin səviyyəsi ilə maraqlanmaq hüququnuz var. Onu da qeyd edək ki, plastik cərrahiyyənin qızıl qanunu var: yaxşı həkim heç vaxt xəstəni əməliyyat etdirməyə meylləndirməməlidir. Əksinə, xəstə həkimi inandırmalıdır ki, bu xidmət onun üçün çox vacibdir. Heç də az təsadüf edilən hal deyil ki, cərrahların xəstələri psixi cəhətdən zəif və ya sadəcə özünə əmin olmayan insanlar olurlar. Bu insanların problemini bəzən cərrahi üsulla deyil, başqa yollarla həll etmək mümkündür. Ona görə də yaxşı həkim konsultasiyadan sonra xəstəyə fikirləşmək üçün və ya başqa bir mütəxəssislə də məsləhətləşmək üçün vaxt verməlidir.

Odur ki, plastik əməliyyatdan əvvəl 100 ölçün, 1 biçin. Yoxsa cərrah ölçüləri özü bildiyi kimi seçəcək...

Əfqanə Səhər

O.M.