Həyatın acıları

Həyatın acıları

19 Avqust 2014 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Xoş səadət nəsib olmur hər zaman,

Hər arzuya çatmağa da yox güman.

Həyat dəniz, dünya özü bir ümman,

Sahilinə üzməyi də biləsən.

İsa Rəvan

Həyat hamımızın ümumi sığınacağı, yaşayış məkanı və keçdiyimiz ömür yoludur. Bu ömür yolunun bələdçisi isə hər kəsin öz taleyidir. Talelər birmənalı olaraq eyni deyildir. Müəyyən qədər oxşarlıqları olsa da, ayrı-ayrılıqda tam halında başqadırlar. Həyat sevinc və qəm yaşatdığı halda nə qədər şirin olsa da, bir o qədər də mürəkkəb və ziddiyyətlidir. Məhz bu ziddiyyətlərdən irəli gələrək insan bəzən öz həyat yolunu sakit və öz axarında qət edə bilməyir. Sıxıntılar və gərginlik içində olan insan əvvəlki sakit həyat yoluna dönmək istəyir.

Həmişəki kimi gələn müraciətləri nəzərinizə çatdırıram.

(055) -00-53 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam, gözəl insan, bacarıqlı mütəxəssis İsa Rəvan. İnanın sizin ağıllı məsləhətləriniz insanın ruhunu sakitləşdirir. Məsləhətləriniz çox insanlara kömək edib. Tanrının yanında seçilən salehlərdən olasınız. Mənim də sizin məsləhətinizə çox ehtiyacım var. 53 yaşım var, hər şey məni sarsıdır, sıxıntı verir mənə. Həyatdan çox zərbələr almışam. Hər bir kiçik hadisə də mənə pis təsir edir, acizləşirəm. Öncədən təşəkkür edirəm.

İsa Rəvan: Haqımda yazdığınız fikirlərə görə mən də öz minnətdarlığımı bildirirəm. Yazdığımız yazı kimlərinsə həyatına yaxşı mənada təsir edirsə, nə xoş bizlərə.

Həyat ciddidir, lakin hər zaman ciddi yaşamaq mümkün deyil. Ümumiyyətlə, əvvəldən-sonadək birmənalı ömür yaşamaq olmur. Elə bir ömür yoxdur ki, orada sevinc də, kədər də olmasın. Həyat, yaşayış varsa, problemlər də qaçılmazdır. Yaranan problemləri dəf etmək üçünsə əzmkar olmaq lazımdır. Çünki həyat mübarizələrdən keçən gerçəklikdir. Tam halında xoşbəxtlik və ya bir ömür boyu bədbəxtlik olmur. Bunlar yaşanan həyat hadisələrindən irəli gəlir. İnsan da dərd çəkmək üçün deyil, yaşamaq üçün xəlq olunubdur. Elə yaşamaq lazımdır ki, hər yaşanan gün mənalı görünsün. Həyatın özü də xatırlanacaq günlərdən ibarətdir. İnsan məyusluq və iztirablarla yaşamamalıdır. Təbii ki, onda həyat da mənasız görünər. Həyatın enişinə-yoxuşuna, sevinc və qəminə həmişə hazır olmaq lazımdır:

Talelər müxtəlif, qismətlər fərqli,

Adam var sevincli, adam var dərdli.

Ömür də nə qədər olsa önəmli,

Həyatı əzabsız yaşamaq olmur.

İsa Rəvan

Ömür bizlərə verilən bir əmanətdir. Onu nə üçün yaşadığımızı dərk etsək, onun mənasını da dəyərləndirərik. Düzdür, fərəhli günlərlə yanaşı, istər-istəməz sıxıntılar və acılar da olur. Məhz buna görə də yaşamağa mübarizə tələb olunur. İnsanın dözümü onun köməkçisidir. Sabahkı günə doğru güclü inam olmalıdır. Lakin inamı öldürmək elə özünü öldürmək deməkdir. Günəşsiz-kainat, dalğasız-dəniz, arzusuz-ürək, sevgisiz-həyat olmadığı kimi, əzabsız da ömür yoxdur. Həyatın keşməkeşliyi də bundan ibarətdir. Ona görə də insan daim çarpışaraq sabahkı gününə doğru hərəkətdə olur.

Siz öz həyatınızı yaşasanız da, başqaları kimi olmağa da çalışın. Baş verən hər bir hadisəyə reaksiya verməyin, olanları dərd edib ürəyinizə salmayın. Nə qədər acizlik göstərsəniz, bir o qədər də acılar çəkəcəksiniz. Hər bir hadisəyə nə ürəkdən yanmayın, nə də ki, laqeyd olmayın. Dözümlü, əzmli, iradəli və səbirli olun. Səbirlilərin əldə etdiklərini, səbirsizlər sonradan baha qiymətə əldə etməli olurlar. Hər kəsin daxili inamı və daxili gücü vardır. Siz öz daxili inamınızla nəyəsə qadir olmağa çalışın. Onsuz da həyat hadisələrinə siz təsir edib qarşısını ala bilməzsiniz. Təklikdən qaçaraq ürəyinizdə öz-özünüzə çox danışmayın. Yaxınlarınız ilə çoxlu ünsiyyətdə olun. Belə anlarda ünsiyyət ən yaxşı köməkçi vasitədir. Öz-özünüzə və qərarlarınıza həmişə hörmətlə yanaşın. Gəzintilərə çıxaraq ətrafdan .müsbət enerji alın. Acılarla yox, həyatdan zövq ala-ala yaşayın ki, hər gün də sizə təzə görünsün. İradə zəif olanda ən güclü ağıl da rol oynamır. Ona görə də möhkəm iradə və sağlam ruhunuzla gələcək həyatınızda dəyişikliklər edin. Tədricən həyatınız öz axarına düşəcək. Bütün bunlar sizin öz əlinizdədir. Və düşünün ki, siz bunları doğrudan da bacaracaqsınız.

(055) –63-18 nömrəli mobil telefonun sahibi olan bəy yazır: Salam, İsa Rəvan. Çox çətin andayam. İllərdir mənim pulumla yaşayan, münasibət müqabilində mənimlə yalnız pula görə görüşən bir insan, mənim ona görə bankdan pul götürdüyüm insan indi mənə pul qaytarmaq istəmir. Ona dedim ki, heç olmasa sən mənə 300 manat tap ver, aparım banka verim. Onun cavabı isə "mənim də borclarım var, mənə başqa heç yerdən pul gəlmir" – oldu. İndi çox pisəm. Ona görə 3000 min manat borcdayam. Sizcə nə edim? Ayrıla bilmirəm, pullarım ona getdiyinə görə yanıram. O pulu necə alım? Mənə kömək edin. Allah sizi qorusun.

İsa Rəvan: Allah cümləmizi qorusun.

Düz danışsam şər bəndədən qorxuram,

Yalan desəm İlahidən qorxuram.

Batilində namərd olan bir kəsin,

Zahirində əməlindən qorxuram.

Abırsızlar abrını ar etməz,

Nadanlara öyüd versən kar etməz.

Yaxşı insan insanlığı xar etməz,

Riyakarın bəd şərindən qorxuram.

İsa Rəvan

Qorx Allahdan qorxmayan insandan. O insandan ki, bütün yaxşılıqları bir anın içində unudub, öz pis xislətindən əl çəkməyir. Pul üstündə yaranan dostluğun və sevginin ömrü çox az olur. Güclü külək əsəndə zərif yarpaq kimi budağından qopub düşəcək. Zamanın sınaqlarından keçməyən insana qəlb sirdaşı demək olmaz. Hər kəsin daxilindəki vicdanı hakimə ehtiyacı olmayan məhkəməsidir. O insan vicdan əzabı çəksəydi, siz bu qədər iztirab çəkməzdiniz. Onsuz da o özü bilir ki, düz etməyibdir, ancaq bunu büruzə verməyir. Sadəcə sizin ona olan inamınızdan istifadə edibdir. O da nə vaxtsa bunun cəzasını çəkəcək. Burada sizin özünüzdə də səhv çoxdur. Bilirdiniz ki, illərlə sizin pulnan yaşayıb, pula görə sizinlə münasibət quran insan bir gün sizi pis vəziyyətdə qoya bilər. Və yaxud da onun bu pulu qaytarmaq imkanı olmayacaq. O başdan pis olub o riskə getməzdiniz ki, indi də bu aqibətlə üzləşməyəydiniz. Onsuz da olan olub. O pulu ödəmək sizin öhdənizdə qalır. O özü də bunu yaxşı bilir. Çünki bank sizi tanıyır. Onunla ancaq öz aranızda danışıqlarınızı davam etdirərək sözünüzün kəsəri gücünə pulunuzu almağa çalıçın. Onunla sizi tanıyan digər yaxınlarınıza da bu haqda deyin ki, qoy onlar da onu qınasınlar. Sizə bu işdə tezliklə sevinmək arzusuyla.

Müəllifdən: Qalan mesajlarla gələn cümə günü görüşənədək.

İsa Rəvan: (055) 785-84-83.