Görmək, eşitmək, hamısını yadda saxlamaq

Görmək, eşitmək, hamısını yadda saxlamaq

11 İyun 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Yaddaş tövsiyələri

Ömrün hər anını yadda saxlamağın mümkünsüzlüyünü hamımız yaxşı başa düşürük. Amma yaddaşın həcmini və ora yığılan informasiyaları artırmaq tam mümkündür. Bunun bir sıra yolları var.

Təşkilatçılığı bacaran insanlar digərlərinə nisbətən daha çox şeyi yadda saxlamaq qabiliyyətinə malikdirlər. Burada qeyri-adi heç nə yoxdur. Çünki onların təkcə iş stollarında, kompüterlərində deyil, həm də başlarında hər şey səliqə ilə yığılmışdır. Buradan belə bir nəticə çıxarmaq olar: Əgər yaddaşında bacardıqca çox informasiya saxlamaq istəyirsənsə, onları "xəzinə"yə necə gəldi atma.

Yəqin ki, belə bir hal çoxlarınızın başına gəlib. Televiziyada maraqlı veriliş gedir. Bir qədər sonra siz eşitdiklərinizi kiməsə danışmaq istəyirsiniz və həmin an başa düşürsünüz ki, deyilən vacib faktları yadınıza sala bilmirsiniz. Yalnız həmin faktları eşidərkən sizi təsirləndirən emosiyalar qalıb. Əgər siz hansısa maraqlı informasiyanı yadınızda saxlamaq istəyirsinizsə, onda eşitdiyiniz zaman həmin informasiyanı başqasına necə çatdıracağınızı fikrinizdə canlandırın. İndi eşitdiyinizi bir azdan öz sözlərinizlə dostunuza və ya iş yoldaşınıza necə çatdıracağınızı fikirləşin.

Əsəbiləşməyin, sakitləşməyə çalışın və nəsə başqa bir şey haqqında fikirləşin.

Axtardığınızı tapmayınca əlifba sırası ilə bütün hərfləri yadınıza salmağa çalışın.

Hər hansı bir abzası oxuyursunuz və sonra belə qənaətə gəlirsiniz ki, yadınızda heç nə qalmayıb. Bu, nədir - yaddaşınız korlanıbmı? Yox. Sadəcə siz diqqətinizi oxuduğunuza yönəltməmisiniz. Gözləriniz səhifəni oxuyarkən beyniniz nəsə başqa bir işlə məşğul olub, ya da dincəlib. Hər hansı bir mətni yadda saxlamaq üçün aktiv oxucu olmaq lazımdır. Mətndəki emosiyaları yaşamaq, əsas fikri tutmaq, əsərin ideyasını anlamağa çalışmaq vacibdir. Əgər oxuduğunuz bədii kitab deyilsə, onda əlinizin altında mütləq qələm və dəftərçə olmalıdır ki, qeydlər aparasınız.

Adətən ilk dəfə gördüyünüz insanın sifətini çətin yadda saxlayırsınız? Onda özünüzü bir anlıq onun şəklini çəkən insan kimi təsəvvür edin. Ancaq təkcə qarşınızda duran insanı deyil, onun yanında olan maşınını, itini və ya yaxınlıqdakı binanı da gözlərinizin yaddaşına köçürün.

Oyunlar yaddaşın imkanlarını artırmaq üçün ən gözəl üsuldur. Şahmatda növbəti gedişi fikirləşmək, krossvordda hansısa sözü tapmaq, dostlarla birlikdə tapmaca tapmaq və ya "söz-söz" oyunu oynamaq təkcə əhval-ruhiyyəni yaxşılaşdırmır, eyni zamanda yaddaşı, diqqəti və müşahidə qabiliyyətini məşq etdirmiş olur. Əbəs yerə demirlər ki, tapmaca tapmağı sevənlər qocalıqda belə öz güclü yaddaşlarını və iti ağıllarını saxlamış olurlar. Bunu yadınızda saxlayın və hərdən televizoru söndürüb, hansısa oyunu oynamağa başlayın.

Ən əsası isə odur ki, mənim tövsiyələrimi yadda saxlayın.

Emil Tahiroğlu

O.M.