SEVƏNLƏRİN GÖZ YAŞI

SEVƏNLƏRİN GÖZ YAŞI

7 Avqust 2014 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Eşqə düşdüm ki, tapım

məhəbbətin çarəsini,

Nə biləydim dənizdə

bir belə tufan var imiş!

Eşq aləmi coşub-daşan, tükənməyən bir ümmandır. Hər kəs buradan damla-damla öz payını götürür. Dünya yaranandan bu günə kimi nə qədər damlalar götürülsə də, bu ümman tükənməz olaraq qalır. Təbiətin bizlərə bəxş etdiyi bu İlahi nemət saf və təmiz duyğular dəryasıdır. Lakin eyni zamanda bu dərya coşanda təlatüm də yaradır. Onun təlatümündə boğularaq hicran əzabı çəkənlər də, sahilində dincələrək vüsalına çatanlar da var. Bununla belə eşq yoluna qədəm qoyan aşiq, onun vüsalına da, hicranına da hazır olmalıdır.

Mövzu ilə bağlı keçid alıram gələn müraciətlərə.

(055) --50--61 nömrəli mobil telefonun sahibi olan xanım yazır: Salam. Mənim xoşuma gələn insan hal-hazırda əsgərlikdədir. Məni çox sevir, inanıram. Amma mənim hisslərimdən xəbərsizdir. Sadəcə bilmirəm, gerçək olmamasından qorxuram. Ona görə də ona heç nə demirəm. Amma məncə dəli kimi aşiq olmuşam ona. Sadəcə qorxuram. Mənim hələ 16 yaşım var. Amma fikri ciddidir.

İsa Rəvan: Sevgi ilə qorxu bir araya sığmayır. Sevgi və güclü inam olan yerdə qorxu hissi kənar olur. Qorxu hissi ümidsizlikdən və tam halında etibar etməməkdən yaranan təlaşdır. Qorxu varsa, onda o inam nəyə gərəkdir. Nəinki sevgidə, hər bir işdə ilk növbədə özünə əminlik gərəkdir. Sevgi hissləri elə güclüdür ki, siz bu haqda o oğlana heç nə deməsəniz də, o hisslər özünü büruzə verir. Gözlər sevginin bələdçisidir. Yəni sevənlər danışmasalar da, baxışları ilə fikirlərini çatdıraraq bir-birini başa düşürlər.

Ancaq sizin üçün bunlar hələ çox tezdir. Siz indi məktəbdə oxuyursunuz, ona görə də təhsilinizə daha çox önəm verməlisiniz. Sizin gələcəyiniz hələ qabaqdadır. Sonradan sevgi səadətinizi də əldə edə bilərsiniz. Sevgi qaçmayır, hər zaman var. Ancaq təhsil gözləmir, onu vaxtında mənimsəmək lazımdır. Hər yaş dövrünün öz tələbləri var. İndiki yaş dövrünüzün tələbi təhsiliniz sayəsində savad əldə edib elmə yiyələnməkdir. Çünki hər bir məktəblinin arzusu ali təhsil almaqdır. Bu həm də hər bir valideynin ümdə arzusudur. Qalan şəxsi həyatı məsələlər isə sonrakı illərin vaxt-vədəsində öz-özlüyündə həll olunacaq. Hal-hazırda sizin yaşınızla əlaqədar keçid dövrünüzdür. Keçid dövründə bu cür hisslər azyaşlılarda daha çox olur. Ona görə də bu sizin keçid dövrünüzün çılğın sevgisidir. Çılğın sevgidə isə məntiq olmur. Çılğınlıqdan irəli gələrək elə düşünürsünüz ki, bu hisslər hər şey deməkdir. Və bu, əsl sevginizin əvvəli və sonuncusudur. Ancaq çox vaxt keçid dövrünü keçəndən sonra o çılğınlıq da azalır. Hisslər başqalaşaraq sevgi də öz ünvanını dəyişir. O oğlan da hələ hərbi xidmətdədir. Hər ikinizin həyat təcrübənizlə yanaşı, sizin qəlbnən o sevgini duyub yaşamağınız da azdır. Bunlar çılğın sevginin çılğın təxəyyülüdür. Hələ bilmək olmaz o oğlanın da, sizin də hissləriniz sonadək dəyişməz olaraq qalacaq, yoxsa yox. Hər vaxtın öz hökmü var. Odur ki indiki yaş dövrünüzlə əlaqədar başlıca nədirsə, o yolu da inamla qət etməyə çalışın.

(050) --92--45 nömrəli mobil telefonun sahibi olan digər bir xanım yazır: Salam, İsa Rəvan. Mənim də sizin məsləhətinizə və köməyinizə ehtiyacım var. Mənim 23 yaşım var. Qohumumuzun mağazasında işləyirəm. Mağazaya yaxın məhəllədə yaşayan bir oğlanla aramızda tanışlıq yarandı. Bir müddət sonra o məni sevdiyini bildirdi, mən də razılıq verdim. Bir neçə dəfə imkanı olmadığından siqaret və telefon konturunu nisyə götürmək istədi. Mən buna razı olmayıb öz hesabımdan hər dəfə ona siqaret və kontur verirdim. Artıq bu vərdiş halını aldığından hər gün siqaret və həftəlik 15 manatlıq konturu məndən pay alırdı. Mənə qarşı da pis deyildi. Deyirdi ki, valideynlərimə sənin haqqında demişəm, onlar da razıdırlar. Mən onu sevdiyimə görə onun ata-anası nə vaxtsa dükana gəlsəydilər onları da gülərüzlə qarşılayırdım. Onlar da toyuq, çörək və əlavə nə ərzaq alsaydılar pul almırdım. Onlar da gülərək sağollaşıb gedirdilər. Ayın axırında maaşımla alınan ərzaqların və kontur, siqaretlərin pulunu ödəyirdim. Sevdiyim oğlanla hər şey yaxşı idi. Onunla görüşür və telefonla tez-tez danışırdıq. 1 il 3 ay münasibətimiz bu cür davam etdi. Sonradan o, mənimlə kobud rəftar edərək uzaqlaşdı. Telefonuna zəng etsəm də cavab vermir. Bir dəfə də "Məndən əl çək, mən başqasını sevirəm" - dedi. Bu barədə anasına dedim. Anası "Mən onun işinə qarışmıram," – deyib uzaqlaşdı. İndi çox pis vəziyyətdəyəm. Sizcə o, yenə də mənə dönəcəkmi? Xahiş edirəm mənə məsləhət verin, kömək edin. Sağ olun.

İsa Rəvan: Hər ötəri hissə sevgi, hər sevənə də aşiq demək olmaz. Sevgi nəyinsə xətrinə olmur ki, nədənsə də istifadə edilsin. O, təmənnasız olan ülvi bir duyğudur. Ülvilik olan yerdə saflıq olmalıdır, daha xəyanət və qarşındakı insanı aldadıb ondan istifadə etmək yox. Nə yazıqlar ki, bir çoxları "sevirəm" sözünə aldanaraq öz həyatlarını məhv edirlər. Elə sizin kimi. Məgər siz öz aldığınız maaşın hesabınamı sevilmək istəyirdiniz? O oğlan hər gün özünə siqaret və telefonuna konturu sizin hesabınıza aldığı az imiş kimi, hələ üstəlik evlərinə alınan ərzağın pulunu da siz ödəyirdiniz. Burada oğlanla bərabər anası da sizdən istifadə edibdir. Oğlunun sevgi pərdəsi altında rola girərək bir növ haramlıq edibdir. O, valideyndir, lap oğlu sizi həqiqətən də sevsəydi, hər dəfə aldığı ərzaqların pulunu verməli idi. Sizinlə maraqlanıb yaxından tanımalıydı. Daha tamahına görə hər dəfə üzünüzə gülüb verdiklərinizi qəbul etməməliydi. Belə bir tərbiyə mühitində hansı sevgidən söhbət gedə bilər. Oğlan sizə diqqət və qayğı göstərmək əvəzinə bunları siz ona etmisiniz. Anası oğlunun işinə qarışmırdısa bəs verdiyiniz ərzaqları niyə qəbul edirdi? Bu işdə günahkar özünüzsünüz. Hörmət bir dəfə, iki dəfə olar. Əgər bunları siz ödəyirdinizsə, onunla hansı gələcək taleyə ümid bəsləyirdiniz. Aldığınız maaşı da onların evinə xərcləyirdiniz, bəs sizin valideynləriniz bu haqda soruşmurdumu? Yalvara-yalvara sevilmək olmur. Sizin bu düşüncəsiz inamınızdan əminəm ki, o oğlan həyatda da sizdən hərtərəfli istifadə etmək iqtidarında olub. Buna özünüz şərait yaratmısınız. Belə sevgi yaşamaqdansa ailənizin sevimlisi və öz işinizin aşiqi olmaq daha yaxşı olardı. O oğlan sizi aldadıb və heç sevməyir də. Siz xanımlıq qürurunuzu bu qədər də ayaqlar altına atmayın. Bundan sonra da ona ümid etməyiniz ağılsızlıqdır. Çalışın daha aldanmayasınız. Heç olmasa bir qədər düşünərək hərəkət edin.

Müəllifdən: Qalan mesajlarla gələn həftə cümə günü görüşənədək.

İsa Rəvan: (055) 785-84-83