Təbii şirələr ən faydalı dərmandır

Təbii şirələr ən faydalı dərmandır

6 İyun 2011 09:34
Bəyəndim (0) Bəyənmədim (0)
Yay fəslində özünüzə qulluq edin

Ta qədim zamanlardan məlumdur ki, təzə-tər meyvələrdən çəkilmiş şirə ən yaxşı məlhəmdir. Onun köməyi ilə nəinki xəstəlikləri müalicə etmək olur, hətta onların qarşısını da almaq mümkündür. 1939-cu ildə ABŞ naturoloqu Normann Uokerin "Şirələrlə müalicə" kitabı nəşr olundu. Kitab dərhal populyarlıq qazandı və hər il müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə nəşr edilməyə başladı. Uoker kəşf etmişdi ki, şirələrdə 90 faiz su var və bu, sözün əsl mənasında dirilik suyudur. Şirələrin tərkibində bioloji cəhətdən olduqca fəal hüceyrələr var. O, orqanizmdə vitaminlərin, faydalı mikroelementlərin, üzvi turşuların artmasına xidmət edir. Şirə dərhal maddələr mübadiləsinə qoşulur və insan hüceyrələrinin fəaliyyətinə təkan verir. Məhz buna görə də ondan təbabətdə və pəhrizlərdə geniş istifadə olunur. İstənilən şirələr mədə şirəsinin dərəcəsini tənzim edir, qanda xolesterin tərkibini normaya salır və toksinləri bədəndən xaric edir. Bir çox şirələrin tərkibində olan fitonsidlər antimikrob xüsusiyyətinə malik olduğu üçün mədədə qeyri-sağlam mikrobları məhv edə bilirlər. Təzə meyvələrdən çəkilmiş şirələrdə C vitamini və kalsium bol olur. Konservləşdirilmişlərdə nisbətən az: buzluqda saxlanılanlarda isə tamamilə olmur. Hal-hazırda C vitamini və kalsiumla zənginləşdirilmiş şirələr satılır. Lakin bir şeyi unutmaq olmaz ki, karton qabda olan şirələrdə C vitamini get-gedə yoxa çıxır. Şirə oksigenlə təmasa girdiyi üçün bu dağıdıcı proses baş verir. Ümumiyyətlə, satışda olan təbii şirələr evdə çəkilmiş təbii şirələrdən qat-qat faydasız olur.

Artıq yay fəslidir. Qış boyu vitamin çatışmazlığı, stresslər, şlakların artması orqanizmi zəiflədib. Odur ki, ən yaxşı məlhəm kimi şirələr tövsiyə edilir. Tərəvəz şirələri yaradıcı və bərpaedici sayılır. Onlar aminokislot, mineral duzlar, vitaminlərlə olduqca zəngindir.

Yerkökü şirəsi: onun tərkibində A, B, C, E, D vitaminləri boldur. O, həzm prosesini tənzimləyir. Şiş xəstəliklərində müalicəvi rola malik olur. Bundan başqa, göz, qaraciyər, dəri xəstəliklərinin qarşısını sipər kimi alır. Bu şirə əsasən uşaq və qocalara faydalıdır.

Kələm şirəsi: O orqanizmi təmizləməkdə müstəsna rola malikdir. Bu şirə onikibarmaq bağırsağın yarasına ən yaxşı məlhəmdir. Bundan başqa, şiş xəstəliklərinə və bağırsaq tutulmasına qarşı böyük zərbədir. Onun tərkibində çoxlu sayda vitamin, enzim, mineral duzlar var. Daha ləzzətli olması üçün yerkökü şirəsi ilə qatışdırılması məsləhət görülür.

Çuğundur şirəsi: o, qırmızı qan hüceyrələrini artırır və qanın tərkibini zənginləşdirir. Onunla böyrəkləri, qaraciyəri, dalağı təmizləyirlər. Bu şirə qan təzyiqini və ürək-damar xəstəliklərini də müalicə edir.

İndi isə meyvə şirələrindən danışaq.

Armud şirəsi: ta qədim zamanlardan bu şirə ilə hərarəti aşağı salırdılar və mədə pozuntularını müalicə edirdilər. Son zamanlar məlum olub ki, kal armudun şirəsi stafilokok, bağırsaq-dizenteriya çöpləri və başqa mikrobları məhv edə bilir. O həm də sidikqovucu keyfiyyətə malikdir. Meyvə şirələrinin içərisində ən faydalısı məhz armud şirəsidir. Onun tərkibi faydalı mikroelementlərlə son dərəcə zəngindir.

Alma şirəsi: onun tərkibində A və C vitaminləri boldur. Üzvi turşular, minerallar hədsiz dərəcədə çoxdur. Alma şirəsində olan minerallar dərini təravətləndirir, saçı və dırnaqları gücləndirir. Bu şirə ilə qripi və bağırsaq mikroblarını müalicə etmək olur. O, orqanizmin müdafiə sistemini gücləndirir. Nəticədə zərərli toksin maddələri bədəndən xaric edilir. Orqanların müalicəsində, qaraciyər və böyrəklərin güclənməsində, mədə-bağırsağın təmizlənməsində ən gözəl dərman alma şirəsidir.

Portağal şirəsi: təzə çəkilmiş portağal şirəsində çoxlu sayda vitaminlər, minerallar və 11 adda aminokislot olur. Qreypfrut və limon şirəsi kimi o da mədəni təmizləməkdə əvəzsiz məlhəm sayılır. Bundan əlavə, portağal şirəsi damarların və kapillyarların divarlarını gücləndirir, eyni zamanda üz dərisinin qan dövranını yaxşılaşdırır. Portağal şirəsinin mütəmadi qəbulu ürəyi və ağciyəri gücləndirir. Ən əsası isə odur ki, tərkibində olan C vitamini soyuqdəymənin qarşısını alır və bədənin müqavimətini artıraraq iltihab xəstəliklərinə qarşı güclü müdafiə sistemi yaradır. Buna baxmayaraq, sitrus meyvələrindən çəkilmiş şirələrin həddən artıq qəbulu orqanizm üçün zərərli sayılır. Belə ki, mədədə turşuluğun dərəcəsini artırır və orqanizmdə kalsium maddəsini kəskin surətdə azaldır. Bu səbəbdən həftədə 3-6 stəkan içilməsi məsləhətdir.

Yaşıl tərəvəzlərdən hazırlanmış təbii şirələr maddələr mübadiləsini gücləndirir. Eyni zamanda insanı artıq çəkidən azad edir.

Qarpız və xiyar şirələri: bu şirələr ən yaxşı sidikqovucu sayılır. Ona görə də sidik kisəsində və böyrəkdə daşın xaric edilməsində müstəsna rola malikdir. Eyni zamanda oynaqlarda duzlaşmanın qarşısını almaq üçün əvəzsiz vasitədir.

Nar şirəsi: bağırsaq tıxaclarına və şlaklara ən gözəl məlhəmdir. O, orqanizmdə şişlərin yaranmasının qarşısını ala bilir. Sarı və narıncı rəngli meyvələrin şirəsi də şişlərin yaranma prosesini dayandıran vasitələrdən biridir.

Yemiş şirəsi: həzm sistemini tənzimləyir. Böyrək və sidik kisəsinin fəaliyyətini tənzimləyir.

Gavalı şirəsi: bağırsaq tıxaclarının qarşısını alır. Qanda şəkərin dərəcəsini aşağı salır. Turş gavalının şirəsi şəkərli diabet xəstələrinə daha çox məsləhət görülür.

Gilas şirəsi: bağırsaqların fəaliyyətini tənzimləyir. Yoğun bağırsağın işini yüngülləşdirir.

Kərəviz şirəsi: şəkərli diabetin və osteoporozun müalicəsində faydalı məlhəmdir.

Cəfəri otunun şirəsi: ayaqların şişməsinin qarşısını alır. Böyrək xəstəlikləri və artritdə əvəzsiz vasitə sayılır.

Son söz əvəzi:

Qoca təbiət bizi təəccübləndirməkdə davam edir. Atalar nahaq yerə deməyiblər ki, min dərdin min bir dərmanı olur. Gördüyünüz kimi, meyvə-tərəvəz şirələri müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında ən gözəl dərmandan da təsirli ola bilir. Odur ki, kimyəvi dərmanlardansa təbii məlhəmlər olan meyvə-tərəvəz şirələrinə üstünlük verin. Orqanizminiz tələb etdiyi qədər, ağzınız ləzzət aldığı qədər için və sağlam olun. Şəxsən mən bu məqaləni hazırlayarkən özüm üçün bir neçə həqiqəti ayırd edə bildim. Sən demə, indiyədək düzgün qidalanmamışdım. Bu səhvimi gec də olsa düzəltdim. Artıq təbii şirələr gündəlik rasionumun ayrılmaz hissəsinə çevrilib. İnanın ki, bu yeniliyin mənim orqanizmimdə müsbət təsiri olmuşdur. Artıq özümü həmişəkindən də gümrah, sağlam və enerjili hiss edirəm. Çünki mağazalarda təbii şirə adı ilə satılan, lakin kimyəvi tərkibə malik olan şirələrdən və rəngli sulardan birdəfəlik imtina etmişəm. Sizə də bunu məsləhət görürəm. Mənimlə razılaşmayanlar bir anlıq fikirləşsinlər, axı istənilən meyvənin şirəsi bir qədər saxlandıqdan sonra şəraba və ya sirkəyə çevrilməlidir. Halbuki qablarda satılan şirələrin üzərində bir neçə il saxlanma müddəti qeyd olunub. Deməli, onları "keyfiyyətli" saxlamaq üçün tərkibinə ağır kimyəvi maddə qatılır. Bu maddə isə orqanizmdə şiş xəstəlikləri və digər fəsadlar yarada biləcək qədər təhlükəlidir. Odur ki, reklama ehtiyacı olmayan təbiət məhsullarından istifadə edin. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Orqanizminizi düzgün qidalandırın ki, o da sizə uzun müddət və faydalı xidmət edə bilsin.

Əfqanə Səhər

O.M.