Bu yay dəriyə qulluq etməliyik

Bu yay dəriyə qulluq etməliyik

30 May 2011 15:47
Bəyəndim (0) Bəyənmədim (0)
Faydalı məsləhətlər hər vaxt verilmir

Qarşıda allı-güllü yay gəlir. Qadınlarımız indidən özlərinə çimərlik kostyumları, gün eynəkləri alırlar. Bu yayı yaxşıca, istər öz Xəzər dənizimizin qızıl qumlu sahillərində, istərsə də bəzi xarici dövlətlərdə istirahət etməyi düşünürlər. İndidən demək istəyirik ki, əziz qadınlarımız, özünüzə müxtəlif kosmetik vasitələr, qaralmaq üçün krem və yağlar almağı da unutmayın. Çünki yay - üz və bədən dərisi üçün riskli bir fəsildir. Günəş şüaları bir tərəfdən dəridə vitaminlərin əmələ gəlməsinə kömək edir, digər tərəfdən də ona böyük ziyan vurur. Günəş şüaları sözün əsl mənasında dərini qurudur, kiçik qırışlar əmələ gətirir. Dəri öz elastikliyini, şumallığını itirir. Quru dəriyə malik insanlara bu hallar çox yaxşı tanışdır. Lakin günəş şüaları altında uzanıb qaralmaq hər bir xanımın arzusudur. Bəs onlar payızda işə gedərkən nə ilə öyünsünlər? Yay da çox qısa keçir və onun dadını çıxarmaq lazımdır.

Günəşin zərərli şüalarından qorunmaq üçün mütləq Şərq qadınları kimi çadraya bürünmək gərək deyil. Böyük diametrli gün çətirlərindən, şlyapalardan istifadə etmək olar. Ümumiyyətlə, dəri həmişə orqanizmi müdafiə edir, tənəffüsdə iştirak edir. Tər vəziləri artıq maddələri ifraz edir və s. Bu kimi funksiyalara malik dərimiz günəşin ultrabənövşəyi şüalarına məruz qalır. 10-20 dəqiqə ərzində günəş öz şüaları ilə dərini qıcıqlandırır. Yüngül qırmızılıq əmələ gəlir. Böyük dozalar qəbul etdikdə isə qızartılar şişir və iltihablaşır. Əgər şüalanma davam edərsə, dəri yanıqları əmələ gələr. Şüa yanıqlarından bədənin termorequlyasiyası itir və nəhayət, günvurmaları ilə nəticələnir. Bu, çox ciddi məsələdir. Orqanizmdə maddələr mübadiləsi pozulur. Mövcud problem daha çox günəşə öyrəşməyən insanlara aiddir. Məsələn, soyuq iqlimli ölkələrdə yaşayanlar. Dərinin kollagen lifləri parçalanır və o öz elastikliyini, hamarlılığını itirir. Üzdə qırışlar əmələ gəlir və bu proses geridönməz hal alır.

Lakin çoxlu kosmetik vasitələr var. Onlardan istifadə etdikdə dəridə melanin əmələ gəlir ki, bu da dərini günəş şüalarından qoruyur, bütün dəriyə düşən şüaları bərabər paylayır. Zərərli şüaları isə geri qaytarır. Bu kosmetik vasitələrin tərkibinə sink, titan tərkibli preparatlar daxildir. Kalamin losyonu dəridə - boyunda, üzdə, sinədə əmələ gələn ləkələri götürür. Paraminobenzon turşusu, fenisalisilat, benzofenol dərini zərərli şüalardan qoruyur. Odur ki, əziz xanımlarımız, qaralmaq üçün istifadə etdiyiniz hər hansı kremlərin tərkibində bu elementlərin olması mütləqdir. Onları alanda və istifadə etdikdə tərkibinə fikir verin. Ancaq bu kosmetik vasitələrdən istifadə edin. Əgər o, dərinizə düşmürsə, dəyişmək və ya başqası ilə əvəz etmək olar. Ümumiyyətlə, hər kəs öz dəri tipini müəyyənləşdirməlidir. Televiziya verilişlərində, qəzet-jurnallarda təqdim edilən maskalardan istifadə edərkən dərinizə düşüb-düşmədiyini testlə yoxlayın. Aşağıdakı məsləhətlər, əminəm ki, sizin köməyinizə çatacaq.

1. Normal dəriyə malik qadınlar günəşli günlərdə evdən çıxarkən üzün dərisinə qidalandırıcı krem çəksinlər. Bu, dərini həm şüalardan, həm də quru küləkdən qoruyur. Üzdə piqment ləkələrinin, çillərin əmələ gəlməsinin qarşısını alır. Aşağıdakı maska resepti çox gözəl nəticə əldə etməyə imkan verir:

Bir yumurta sarısını 10 damcı zeytun yağına, 5 damcı limon şirəsinə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyub, qidalandırıcı kremlə üzü qidalandırın. Bu maskanı həftədə 3 dəfə axşamlar tətbiq edin. Bu, səhər işə gedərkən, makiyajdan istifadə edərkən effektli görünməyinizi təmin edəcək.

2. Quru dəri çox həssas olur. Günəşli gündə hər hansı nəmləndirici krem və ya yağlarla üzünüzü qidalandırın.

1 çay qaşığı kəsmik, 1 çay qaşığı təzə qaymaq, 1x/q kök şirəsindən hazırlanmış maskanı üzünüzə çəkin. 40 dəqiqədən sonra yuyun və qidalandırıcı krem sürtün. Bu maskadan həftədə 3 dəfə istifadə etsəniz, üzünüzün dərisi yumşaq və hamar olar. Ümumiyyətlə, hər səhər quru dərili xanımlar üzlərini su ilə yox, südlü losyonla silib, zeytun yağı ilə yağlasınlar. O zaman gün ərzində üz dərisinin quruması aradan qalxar. Gündüz kremlərinin tərkibində nəmləndirici preparatlar və filtedici elementlər olur ki, bu da dərini ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur. Vaxtından tez qocalmanın qarşısını alır.

Bir məsləhətimiz də var. Makiyajdan öncə quru dəriyə yüngül masajla jele preparatları da sürtün. Bu da dərini yumşaldır. Makiyaj da üzdə gözəl və təbii alınır. Əlbəttə ki, əgər onu professional vizajist edibsə...

3. Yağlı dəri üçün S vitaminli krem-pudra məsləhət görülür. Əgər sizdə qarışıq dəridirsə, belə kremlərdən istifadə edin. Öncə losyonu silib maskadan çəkin.

1 xörək qaşığı süzmə, 1 çay qaşığı suda isladılmış "ovsyanka"dan həftədə iki dəfə istifadə edin.

Açıq dərili xanımlar günəş şüaları altında qaralmanı çox da yaxşı qəbul etmirlər. Onların dərisi tez yanır. 10 dəqiqədən artıq qaralma qəbulu üçün dərini qalın krem təbəqəsi ilə örtün. Səhər 11-12 radələrinə qədər, axşam isə 16-17 radələrindən sonra günəş şüaları qəbul edilə bilər. Əks halda dəridə fəsadlaşan müxtəlif piqment xəstəlikləri və dəri xərçəngi əmələ gələ bilər. Dəriyə havadakı yüksək rütubət və quru küləklər də əks təsir göstərə bilər.

Odur ki, gəlin qışın soyuğundan və yayın qızmar istisindən dərimizi qoruyaq. A o da bizi qoruyur.

Könül Aypara

O.M.