Diqqət! Çox yemək və ya heç yeməmək böyük günahdır

Diqqət! Çox yemək və ya heç yeməmək böyük günahdır

17 Avqust 2013 01:33
Bəyəndim (0) Bəyənmədim (0)
İslam alimindən sağlam bədənlə sağlam ruhun vəhdətini tapmaq istəyənlərə bir neçə məsləhət

Normal qidalanma pəhrizi

Hal-hazırda bütün dünyada günün aktual mövzularından biri sağlam qidalanma və yemək rejimidir. Sağlam qidalanma insan həyatında ən mühüm məsələdir. Yediyimiz yeməklər birbaşa orqanizmimizə və ruhumuza təsir edir. Həm zehni, həm də fiziki sağlamlıq üçün düzgün qidalanmaq lazımdır. Bir şeyi unutmamaq lazımdır ki, hər şeyi qədərində istifadə etmək yararlıdır. Həddindən artıq yemək bir çox xəstəliklərə gətirib çıxarır. Bu, bir növ yük daşımağa bənzəyir. Daşıya biləcəyinizdən artıq yükləndiyiniz zaman dayaq-hərəkət sisteminiz zədələnə bilər. Mədə-bağırsaq sistemi də normadan artıq yükləndikdə ümumən insan orqanizmi sağalmaz xəstəliklərə məruz qala bilər. Çünki həzm olunmayan ərzaqlar daxili orqanların işini artırmaqla bərabər, həm də zibil yığınına çevrilir. Təbii ki, şüurlu insan bədənini zibil deposuna çevirmək istəməz.

Təbii qidalanma pəhrizi

Heç kimə sirr deyil ki, hər gün eyni qidanı qəbul etmək insanın yeməkdən aldığı ləzzəti aradan qaldırır, iştahasını azaldır və nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamlarla qidalanmağa vərdiş etməlidir. Allah-Taalanın bəxş etdiyi çoxçeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir. Hər bir insan gündəlik qida rasionunda meyvə və tərəvəzdən istifadə etməlidir. Lakin hər meyvə və tərəvəz öz mövsümündə yeyilməlidir. Təbii üsulla yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. Süni şəraitdə yetişdirilən və konservləşdirilmiş qidalarda vitamin və minerallar demək olar ki, olmur. Belə qidalar orqanizm üçün təhlükə mənbəyinə çevrilir. Bir çox mütəxəssislərin sağlam bəslənmək haqda verdiyi məsləhətlər mövcuddur. Belə misalları çox çəkmək olar. İndi isə, görək dinimiz İslam bu barədə nə deyir.

İslamda pəhriz

Mövzunu həmişə olduğu kimi ilahiyyatçı alim Dr. Hacı Tofiq Əsədov araşdırır: "Bismillahir-Rəhmanir-Rəhim. Nəzər salsaq, görərik ki, bu mövzuya dünya miqyasında geniş yer verilir. Kütləvi informasiya vasitələri, radio, televiziya, jurnallar, internetdə olan məqalələr bu mövzuya xüsusi yer ayırırlar. Lakin onların rejimə riayət etməkdə məqsədləri gözəllik əldə etməkdir. Bütün pəhriz, rejim qaydalarının hədəfinə baxdıqda, görürük ki, əsas hədəf gözəllik kimi göstərilir. Amma unutmayaq ki, İslam pəhrizində, rejimində və yemək qaydalarında əsas məqsəd kimi göstərilən mövzu insanın sağlamlığıdır. İslamda bu barədə hədislər toplusu mövcuddur.

7-ci əsrdə kök insanların arıqlama barədə fikirləri formalaşmamışdı. Lakin İslam peyğəmbəri (s) və imamlar (ə) bu barədə hədislərdə bəyan etmişlər. Kök bir insan arıqlamaq istəyirsə, buna müxtəlif vasitələrlə nail ola bilər.

Yumurtalı pəhriz

Əgər kiminsə İslam dininə etiqadı varsa, buyurub müraciət edə bilər. Məsələn, bir hədisdə İmam Sadiq (ə) arıqlamağın üsulları haqda buyurur: "Arıqlamaq istəyənlər üçün bunun yollarından biri mütəmadi olaraq yumurta yeməkdir." Lakin nəzərinizə çatdıraq ki, yumurta iki şəkildə bişirilə bilər. Suda və yağda. Yağda qızardılmış yumurta insanı arıqlada bilməz, əksinə, yağ orqanizmə yayılaraq kökəlməyə səbəb olar. Hədisdə yumurtanın arıqlama vasitəsi olduğu deyildikdə, onun suda bişirilməsi nəzərdə tutulur. Yumurtada kalori çox aşağı, protein isə yuxarı səviyyədədir. Proteinin xüsusiyyətləri bundan ibarətdir ki, o, insanın bədəninə güc və enerji verir. Yumurta mədədə gec həzm olduğuna görə insan gec acır, artıq qida qəbul etmir. Az yemək də insanın arıqlamağına səbəb olur. Hər gün səhər yeməyində bir ədəd suda qaynadılmış yumurta yemək, uzun müddət tox qalmağımıza səbəb olar. Kök insanlar bu rejimə əməl etsələr, arıqlaya bilərlər.

Balıqlı pəhriz

İmam Sadiq (ə) hədisin davamında belə buyurur: "Balıq yemək də insanı arıqladır." Təbii ki, balıq yemək davamlı olarsa, insanı arıqladar. Balıqda kalorinin miqdarı çox aşağıdır. Hansı qidada kalori mövcuddursa, insanı kökəldir, piylənməyə səbəb olur. Balığın tərkibi fosforla zəngindir. Fosfor Allahın bizə bəxş etdiyi elə nemətlərdəndir ki, kim fosforlu qidalardan qəbul edərsə, onun hafizəsi güclənər. Balıq yemək eyni zamanda gözə nur, işıq verir. Hal-hazırda bunların hamısı elmə məlumdur. Bu səbəbdən, müasir həkimlər də tez-tez balıq yeməyi məsləhət görürlər. Arıqlamaq istəyənlər qırmızı ət yeməkdənsə, balıq yeməyə üstünlük versələr, daha yaxşıdır.

Soyuq sulu pəhriz

İmam Sadiq (ə) digər bir hədisdə buyurur: "Soyuq su içmək mədədə yeməyi, yağı əridər." Ümumiyyətlə sudan çox istifadə etmək insanı arıqladır. Ona görə ki, su mədədə metabolizmi gücləndirir və həzm prosesini sürətləndirir. Yeməkdən öncə su içildikdə, mədə dolur, yeməyə yer az qalır. Nəticədə müvəqqəti toxluq hissi yaranır ki, bu da mütəmadi təkrarlandıqda, arıqlamaq mümkün olur. Diqqətinizə çatdıraq ki, hədisdə məhz soyuq suya işarə edilir. İmam Rza (ə) buyurur: "Əgər su qaynanmış halda olarsa, soyudub içməyin insana çox faydası var və heç bir ziyanı yoxdur." İnsanın bədəninin 60-70 faizini su təşkil edir. Buna görə də insan daim su qəbul etməlidir. Hətta həkimlər də gündə ən azı iki litr su içməyi tövsiyə edirlər. Bu da insanın orqanizminin suya ehtiyacı olduğunu göstərir. Suyu qaynadıb, sonra soyuducuda soyudaraq içmək kök adamları arıqladır.

Kökəlmək istəyənlər

Ümumiyyətlə, cəmiyyətdə kök insanların arıqlamaq istəyinə çox rast gəlirik. Lakin kökəlmək istəyən arıq insanlar da istisna deyil. İmam Sadiq (ə) bu barədə buyurur: "İnsan yemək yedikdən sonra uzanarsa, orqanizmdə yağlanma əmələ gələr." Kökəlmək istəyən arıq insanlar belə edə bilərlər. İslam dinində buyurulur ki, sağlam qalmaq üçün az yeyib-için. Doymamış əlinizi süfrədən çəkin. İmam Rza (ə) bu barədə belə buyurur: "Yeməyi o miqdarda yeyin ki, sizin bədəninizə münasib olsun." Yəni cavanın öz yemək miqdarı var, uşağın öz miqdarı, yaşlı insanların öz miqdarı. Bir insan ki idmanla məşğul olur, onun bədəninin güclü proteinə ehtiyacı var. Təbii ki, o, öz bədəninə uyğun, güclü qidalanmalıdır. Əlbəttə ki, uşağa böyüklərlə eyni miqdarda yemək çəkmək olmaz.

Sağlamlıq pəhrizi

İmam Rza (ə) hədisin davamında buyurur: "Yeməyi miqdarından artıq yemək sizin zərərinizədir, çox su içmək də həmçinin." İnsan o miqdarda qidalanmalıdır ki, bədəninin kalorisini, proteinini və suyunu təmin edə bilsin. Mövzuya diyetoloqların da baxışı eynidir. Onların fikrincə, normadan artıq qidalanma orqanizm üçün təhlükə mənbəyidir. Doğrudur, hal-hazırda çox su içmək geniş təbliğ olunur. Amma bu o demək deyil ki, insan ürəkbulanmaya səbəb olacaq qədər su içməlidir. Normadan çox su içmək mədənin həcmini genişləndirə bilər ki, bu da qarın boşluğunu şişirdə və gələcəkdə izafi qidalanmaq üçün şərait yaratmış ola bilər.

Mövsümi pəhriz

Hər fəslin özünə xas yeməkləri var. İmam Rza (ə) bu barədə belə buyurur: "Yayda sərin qidalar qəbul edin, qışda isə isti yeməklər yeyin." Sərin qidalar dedikdə, istər-istəməz insanın ağlına meyvə-tərəvəz gəlir. İslam dini bəzi təamlara məhdudiyyət qoyduğu halda, meyvə-tərəvəzlə qidalanmağı heç bir halda qadağan etmir. Bir çox hədislərdə meyvə, tərəvəz və göyərti ilə qidalanmaq tövsiyə olunur. Müasir həyatımızda da görürük ki, bunlardan yeməklərdə və salatlarda geniş istifadə edilir. Çünki insan orqanizminin vitaminlərə və minerallara böyük ehtiyacı var. Bütün vitamin və minerallar meyvə, tərəvəz və göyərtilərdə mövcuddur. Ona görə də bunların hamısından istifadə etmək məsləhət görülür. Hədisdə göstərilir ki, qışda isti yeməklər yeyin. Təbii ki, temperaturu tənzimləmək üçün qışda isti yeməklər yemək lazımdır. Qışda isti yemək yeməyin insanın orqanizminə müsbət təsiri var. Təsəvvür edin ki, soyuq havada soyuq su içəsiniz, soyuq yemək yeyəsiniz, təbii ki, soyuqdəyməniz olar və mədəniz ağrıyar. Yaz və payız fəsillərində orta temperaturlu yeməklərlə qidalanmaq lazımdır. Nə çox isti yeməklərdən istifadə edin, nə də çox soyuq yeməklərlə qidalanın.

Coğrafi pəhriz

Hər bir məkanın özünəməxsus qidaları, meyvə-tərəvəzi var. Allah-Taala o regionda yaşayan insanlar üçün həmin qidaları tənzimləyib. Hər bir insan üçün yaşadığı yerin meyvələri daha xeyirli olar, nəinki başqa yerdən gətirilmiş meyvələr. Allah-Taala hər bir regionun iqliminə uyğun, orada yaşayan insanların orqanizminə uyğun qidalar qərar verib. Hər bir insan nə qədər bacarırsa, yaşadığı yerin qidaları ilə qidalansın. Bu, sağlamlıq üçün çox önəmli məsələlərdəndir.

Planlı pəhriz

İslam dinində səhər yeməyi yemək tövsiyə olunur. Hədislərdə də var ki, sübh namazını qıldıqdan sonra səhər yeməyini yeyin. Müasir həyatımızda da həkimlərin səhər yeməyini mütləq yeməyə təkid etdiklərini görürük. Hətta kök insanlar ki arıqlamaq istəyirlər, onlar da mütləq səhər yeməyini yeməlidirlər. Pəhrizdə olan, rejim saxlayan insanlar da səhər yeməyini yeməlidirlər, yeməsələr, əksinə kökələrlər. Çünki səhər yeməyi yeməyəndə, insan günortaya qədər ac qalır. Günorta isə, ac olduğuna görə həddindən artıq yeyir və bu da kökəlməyə səbəb olur. Amma sübh vaxtı səhər yeməyini yeyərsə, lazım olan gücü, enerjini bədəninə qəbul etmiş olar. Axşama qədər bu enerjini yavaş-yavaş sərf edər və nəticədə maddələr mübadiləsi düzgün gedər, həm kökəlməz, həm də sağlam olar.

Səhər yeməyi yeməməyin pis nəticələrindən biri də budur ki, insanın ağzından pis iy gəlir. Bu təcrübə olunmuş bir məsələdir. Ağızdan xoş ətir gəlməyi üçün mütləq səhər yeməyi yemək lazımdır. Səhər yeməyi dolayısı ilə insanın əxlaqına da çox gözəl təsir edir. Səhər yeməyini yeməyəndə insan hövsələsiz olur. Qarşılaşdığı hər bir işdə səbirsizlik edir, insanlarla ünsiyyət qura bilmir. Son vaxtlar ümumiyyətlə şam yeməyini tərk etmək məsləhət görülür. Lakin İslamda bu belə deyil. Axşam vaxtı az da olsa, nə isə yüngül bir şey yemək lazımdır.

Cansağlığı

Cansağlığı böyük bir nemətdir və İslam dini buna mühüm dəyər verir. Əli (ə) buyurur: "Yemək üçün yaşama, yaşamaq üçün ye!" Bəzən görürük ki, bir insan yaşayır, lakin bütün fikri, son məqsədi yeməkdədir. Amma ağıllı, müdrik insanlar yaşamaq üçün yeyirlər. Sağlamlıqlarına zərər olan şeylərlə qidalanmırlar. Yemək onlar üçün bir hədəf deyil. Onların hədəfi sağlam həyat tərzidir. Qurani-Kərimin "Əbəsə" surəsinin 24-cü ayəsində Allah-Taala belə buyurur: "İnsan mütləq öz yediyinə diqqət etsin!"

Son söz əvəzi:

İnsanın yaşaması üçün onun qidalanması ən vacib şərtdir. Sağlam yaşaması və uzun ömür sürməsi üçünsə düzgün qidalanması mütləqdir. Bəli, maddi təamlar bədənin qidası olduğu kimi mütaliə də ruhun qidasıdır. Bu baxımdan elmi məlumatları, faydalı bilgiləri, doğru məsləhətləri oxumaq, dinləmək, dərk etmək sağlam qidalanmaq deməkdir. Lazımsız informasiyalarla yüklənmək isə insan üçün zərərlidir. Odur ki, maddi və mənəvi qidalarımızı seçərkən pəhrizə fikir verməliyik. Uzun, mənalı, sağlam ömür yolunda hər bir tikəmiz halal və nuş olsun! Amin!

Mərdan Qaraisayev

O.M.