Siz probleminizi deyin, mütəxəssis cavab versin

Siz probleminizi deyin, mütəxəssis cavab versin

23 Fevral 2013 19:53
Bəyəndim (0) Bəyənmədim (0)
İsa Rəvanla "Doğru yola doğru"

Redaksiyaya gələn çoxsaylı məktub və mesajlarda oxucular üzləşdikləri xoşagəlməz hadisələrdən mənəvi psixoloji sarsıntı keçirtdiklərini bildirir, dəyərli məsləhətlər istəyirlər. Beləcə, düşdükləri vəziyyətdən düzgün çıxış yolu axtarırlar. Biz bütün bunları nəzərə alaraq, hər bir oxucunun probleminə diqqət yetirib qoyulan mövzuya uyğun mütəxəssislərin fikirlərini sizlərə təqdim etməyi qərara aldıq. Sirdaşınız olan "Oxu Məni" qəzeti həyatın hər bir anında sizin yanınızda olduğu kimi bu işdə də öz dost əlini oxuculardan əsirgəmir. Odur ki, siz də düşdüyünüz çıxılmaz vəziyyət, qarşılaşdığınız problemlərlə bağlı bizə müraciət edərək tanınmış yazar İsa Rəvanın psixoloji məsləhətlərini ala bilərsiniz. Həftə boyu 055-785-84-83 nömrəli mobil telefona qarşılaşdığınız problemi qısa mesaj şəklində göndərə və ya zəng edə bilərsiniz.

055-...-93-99 nömrəli telefonun sahibi yazır: "Salam, sizdən bacım haqqında bir söz soruşmaq istəyirəm. Bacım internet vasitəsi ilə bir oğlanla tanış olub. İki ay olar ki, danışırlar. O iki ayın içində heç bir-birilərini görməyiblər. Amma oğlan 15 gündən bir bacımdan kontur istəyir. Bu haqda nə deyə bilərsiniz? Təşəkkürlər".

İsa Rəvan: "Ən zəif düşüncə belə görünən məqamları dərk etməyə qadirdir. Bacınızın o oğlanla danışığı virtual tanışlığın "sevgi" macərasıdır. Bu cür macəralar isə heç də yaxşı sürprizlərlə dolu olmur. Burada səmimi hisslərdən söhbət belə gedə bilməz. Bir halda ki, tanışlıqdan qarşı tərəf istifadə edir. Deməli, günahkar sizin bacınızın özüdür. Bacınız aldanaraq özünü bu yalanın qurbanına çevirir, aldanacağını bilə-bilə bu oyunu davam etdirir. Boş ümidlərə bel bağlamağa, özünü bu qədər inandırmağa dəyərmi? Ürək istəməsə, göz də baxmaz. Bacınız o oğlana həm əyləncə, həm də kontur almaq üçün lazımdır. Ona görə də yaxşı olardı ki, hisslərinə deyil, ağlına üstünlük versin. Çünki ağıl danışanda çox sözə ehtiyac olmur".

055-...-25-50 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa müəllim. Məni düzgün başa düşən yoxdur. Məni qınayırlar, pis oluram. Ona görə də ürəyim hər şeydən sıxılır, qaçıram evdən. Mən çox pisəm, özümdən asılı deyil. Çalışıram səbirli, təmkinli olum, amma alınmır. Evdən o qədər yorulmuşam ki, çalışıram iş tapım. Gedim əziyyət çəkim, təki evdən uzaq olum. Ürəyim sıxılır, evdə havalanıram, özümə qapanıram".

İsa Rəvan: "Səbir hər bir dərdin dərmanıdır. Təmkinlə görülən işin də sonunda yaxşı nəticə hasil olur. Əgər sizi başa düşmürlərsə, siz də fikirlərinizi onlarla bölüşməyin. Ətrafınızda baş verən hadisələri bu qədər ürəyinizə salmayın, olanlara elə də reaksiya verməyin. Bu cür hallar sizi daim bədbin ruhda yaşadacaq. Bütün günü evdə oturmaq əlbəttə yaxşı hal deyil. Belə olanda insan mənfi enerji ilə yüklənir. Bu hisslərin təsiri altında həyata inamınız azalacaq, deyilən sözlər sizə acıq gələcək. Ona görə də özünüzü yorğun hiss edirsiniz. İş tapıb işləməyiniz ən gözəl üsuldur. Bu, sizin əhvalınızda və səhhətinizdə yaxşılığa doğru dönüş yaradar. Ümumiyyətlə, gərgin olan vəziyyətdə evdən şölə çıxmağınız məsləhətdir. Belə olan halda sizi əhatə edən mənfi enerjini paylayır, ətrafdan isə müsbət enerji ilə yüklənirsiniz. Odur ki, təmiz havada gəzməyə üstünlük verin. Bütün hallarda əsəbinizə hakim olmağa çalışın. Özünüzdə nikbin ruh yaradaraq həyata inamınızı itirməyin. Və bu inam gücünə də daxili gərginlikdən azad olun. Düşünün ki, hər şey yaxşı olacaq. Pis günlər də əbədi deyil, onlar da keçib gedəcək".

051-...-00-12 nömrəli mobil telefonun sahibi yazır: "Salam, məsləhətlərinizə görə çox sağ olun. Allah sizə kömək olsun. İsa müəllim, mən nişanlımla oturub heç nə danışa bilmirəm. Ona nə demək istəyirəmsə, yadımdan çıxır, itirirəm özümü. Nişanlımı mənə qarşı mehriban davranmağa necə vadar edim? Mənimlə soyuq davranır, mən də onunla. Mən məhəbbətimi ona necə qazandıra bilərəm? Axı mən çəkinirəm ona deyim ki, mənə qayğı göstərməlisən. Bir daha çox sağ olun ki, bizlərə məsləhət verirsiniz. Ürəyimizdə olan sözləri tək sizinlə bölüşə bilirik. Allah sizi qorusun, Allaha əmanət olun".

İsa Rəvan: "Məhəbbətdə sifariş olmur ki, onu da xahiş edəsən. İki ürəyin eyni istəyi, qarşılıqlı sevgisi olmalıdır. Özünə əzab verə-verə sevmək deyil, sevilərək o sevgini yaşamaq lazımdır. Sevgidə məcburiyyət olmur, o özü ürəyi fəth edir. Qorxu içində sevgi yaşamaq nə dərəcədə düzgündür? O yerdə ki, ülvi duyğular hakimlik edirsə, orada qorxu olmamalıdır. Xoş hisslər və saf niyyət olan yerdə kobudluğa yer yoxdur. Kobudluq istər-istəməz o hissləri öldürəcək. Soyuq rəftar etmək biganəlikdir. Biganəlik isə unutmaq deməkdir. Siz artıq nişanlısınız, indimi ona məhəbbətinizi qazandırmaq istəyirsiniz? Axı burada məcburiyyət olmur, sevib-sevilərək nişanlanırlar. Nişanlı dövrü ömrün ən xoş anlarıdır. Siz hər ikiniz vüsal dolu günlər yaşamalısınız. O özü sizə diqqət, qayğı, nəvaziş göstərməlidir. Bunlar qəlbdən gələn istək olmalıdır. Bir xanım kimi də o qayğını görməyə sizin haqqınız var. Nişanlınızın yanında qorxub özünüzü itirməyiniz sevgidən çox əsarətə bənzəyir. Təbii ki, bu cür anlar sizə sarsıntılar və stresslər yaşada bilər. Əgər aranızdakı münasibətdə indidən belə soyuqluq və zəhmlilik hökm sürürsə, bəs gələcək ailə həyatınızda necə olacaq? Odur ki, münasibətlərinizi qarşılıqlı sevgi ilə tənzimləyin. Aradakı soyuqluğu sevgi ilə isidin. Özünüzə qarşı diqqət tələb edin. Çəkinməyin, sərbəst olun, axı siz qorxulu və ya gizli bir iş görmürsünüz. Özünüzü onun yanında sərbəst hiss edin, ona qarşı səmimi və mehriban olun. Xoş rəftarınızla onun da diqqətini özünüzə cəlb edin. Yenə də bildirirəm, bütün bu qayğıları o özü sizə göstərməlidir".

050-...-27-96 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa Rəvan. Mənim də sizin dəyərli məsləhətlərinizə ehtiyacım var. Mən ali təhsil alan üçüncü kurs tələbəsiyəm. Dərslərimə ciddi yanaşıram, bütün fikrimi təhsilimə yönəltmişəm. Məni təhsildən başqa heç nə maraqlandırmayıb və indi də buna çox önəm verirəm. Bir iş var ki, indi məni iki nəfər oğlan sevir. Biri qohumdu, digəri isə universitetdə oxuyur. Düzü, əvvəllər bu haqda heç düşünmürdüm, ancaq onların diqqəti məndə də maraq oyadıb. Hər ikisi də xoşuma gəlir, ancaq hansını daha çox sevdiyimi bilmirəm. Seçimə görə çox çətinlik çəkirəm. Xahiş edirəm mənə bir yol göstərəsiniz. Əvvəlcədən təşəkkürlər".

İsa Rəvan: "Təhsilə önəm verməyiniz yaxşıdır. Sonradan çox şeyi əldə etmək olar, təhsili isə vaxtında almaq lazımdır. Görünür, siz hələ məktəb illərindən təhsil haqqında düşünərək bu sahəyə ciddi yanaşmısınız. Ona görə də sevgi və digər bu kimi fikirlər sizdə ikinci dərəcəli olub. İndi isə düşünmədiyiniz o sevgi sizin qarşınıza çıxıb. Bu normal haldır və buna görə də narahat olmağa dəyməz. Sevgi ürəyə gələndə xəbərdarlıq etmir, o qəfil gəlir. Əsas odur ki, o, qarşılıqlı hörmət üzərində qurulsun. Sizi sevən iki oğlan arasında seçiminiz dəqiq olmalıdır. Qohumunuzu tanıyır və onun haqqında demək olar ki, hər şeyi bilirsiniz. Sizinlə oxuyan oğlan haqqında da ətraflı maraqlanın. Hansının xasiyyəti və davranışı sizin xoşunuza gəlir, o haqda düşünün. Ən başlıcası, bir-iki gün heç biri ilə əlaqə saxlamayın. Baxın görün ürəyiniz onların hansını daha çox görmək istəyəcək. Onda da düzgün qərarınızı verərsiniz. Çünki sevən ürəkdirsə, sonda da qərarı o verməlidir. O iki gündə hansına görə narahat olsanız, deməli, onu da sevirsiniz. Sizə təhsilinizdə uğurlar, sevginizdə də xoşbəxtlik arzulayıram".

Müəllifdən: qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan

O.M.