Oxu məni – dinləyim dərdini!

Oxu məni – dinləyim dərdini!

19 Fevral 2013 18:10
Bəyəndim (0) Bəyənmədim (0)
Oxucular problemləri barədə soruşdular, Dəyanət Rzayevlə İsa Rəvan onlara məsləhət verdilər

Həyat keçmişdən gələcəyə uzanan keşməkeşli bir yoldur. Onun enişi də var, yoxuşu da. Bu yolda büdrəməmək üçün zaman-zaman dost əlinə ehtiyac duyulur. Bu dəfə köməyə ehtiyacı olanlara İsa Rəvanla bərabər Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayev də öz dəyərli məsləhətini verir.

055-...-57-94 nömrəli mobil telefonun sahibi yazır: "Salam. Sevməməyə and içən mən, heç kimi həyatıma buraxmamağa söz verən mən neçə illərdən sonra birini sevdim. Həyatım gözəlləşdi, dünyam dəyişdi. Amma son vaxtlar nədənsə sevdiyim kimi sevilmədiyimi hiss edirəm. Onsuz bir həyat düşünə bilmirəm, həyatımda olmasa, necə yaşayaram, necə dözərəm, bilmirəm. Bir tərəfdə onun mənə olan soyuq rəftarı, bir tərəfdə isə mənim ona olan ölümünə sevgim. Mən nə edə bilərəm?

İsa Rəvan: Hisslər tamamilə itəndə sevgi də tədricən azalıb yox olur. Lakin o sevgi ülvi duyğular üzərində yaşanırsa, heç vaxt yox olmur. Sevgidə hər şey var: vüsal, hicran, darıxmaq, diqqət, qayğı, nəvaziş... Bircə şey yoxdur, o da biganəlik. Əgər biganəlik varsa, onda o sevgi deyil. Şəhvət və ehtiras isə cinsi istəyə aiddir. Şəhvət sönəndən sonra ehtiras da azalır. Bunun qəlb sevgisinə heç bir aidiyyəti yoxdur. Bu sevginin istəyi ehtirasına çatana qədərdir.

Siz qəlbən inanıb könül versəniz də, seçiminiz sizi aldadıb. Bu da aranızda soyuqluq yaradıb. Çünki siz təmiz sevgi ilə ona yaxınlaşdığınız halda, o, sizə qarşı axıradək səmimi deyil. Odur ki, sizə qarşı olmayan sevgini məcbur əldə edə bilməzsiniz. Sizə həqiqi sevgi bəxş edənə siz də dəyər verin. Sizə soyuq olana qarşı isə biganə olun. Vəfasız insanı ölümünə sevməyə dəyməz. Onun münasibətləri sizə əzab verirsə, o əzablardan qaçın. İndi onsuzluğa necə dözürsünüzsə, elə də dözün. Bir halda ki özünüzü ələ alıb dözə bilirsiniz, deməli, onu unutmağı da bacaracaqsınız. Çünki o inam və iradə sizdə var. Var ki, neçə illər heç kimi həyatınıza buraxmamısınız. Yenə də özünüzə inanın. Bu sizdə alınacaq.

055-...-93-99 nömrəli mobil telefonun sahibi yazır: "Salam, mənim sizə ehtiyacım var. Mən sevdiyim oğlanla danışanda deyirdi ki, məhərrəmlik ayı çıxsın, ata-anamı sizə elçiliyə göndərəcəyəm. Yanvarın 8-i atası rəhmətə getdi, alınmadı. 3 gün danışmadıq. İndi isə zəng vurub deyir ki, gəl qaçaq buradan. Mən bilmirəm nə edim. Oğlana deyirəm ki, ananı göndər gəlsin elçiliyə. Elə deyir ki, gəl qaçaq, çox qorxuram. Bir iş də var ki, mən ailə qurub ayrılmışam. Amma o oğlan subaydır. Anası razıdır. O oğlan subay, mən isə ayrılmış. Görəsən necə olacaq? Biz xoşbəxt ola bilərikmi? Sizdən kömək istəyirəm. Əvvəlcədən sizə təşəkkürlər. Sağ olun, Allah sizə kömək olsun.

İsa Rəvan: Baş verənlər oğlan tərəfindən heç də inandırıcı görünmür. Siz əminsiniz ki, anası razıdır və onun atası vəfat eləyib? Əvvəlcə məhərrəmlik ayı, sonra atası vəfat edir, 3 gün danışmır, indi də qaçmaq təklifi edir. Hüzr içində olan ailədə də belə şey edərlərmi? Lap inanaq ki, atası vəfat edib. Ən azı onun 40-na qədər bu barədə söhbət belə açmamalıydı. Bir oğul ki atasının hüzrünə hörmət etmir, sizi necə dəyərləndirəcək? Sizə hansı sevgini bəxş edib, hansı qayğını göstərəcək? Bu olduqca absurddur. Mənəvi əxlaq olmayandan sonra hansı xoşbəxtlikdən danışırsınız? Bir tərəfdən siz boşanmış xanım, o isə subay oğlan. Yadda saxlayın ki, hər bir ana öz oğluna bakirə qız alaraq gəlin gətirmək istəyir. Onun valideynləri təbii ki, razı deyil. Bu səbəbdən də o oğlan sizə tez-tez "gəl qaçaq" deyir. Qaçmaq isə heç bir halda düz deyil. Ömür boyu bunun acısını yaşayacaqsınız. Valideynlər razı olmadıqda, günahkar siz olacaqsınız. Siz birinci nikahda uğursuzluğa düçar olmusunuz. Həyat sizə yetərincə dərd verib. Əlbəttə ki, sizin də bir xanım kimi yenidən ailə həyatı qurmağa haqqınız və hüququnuz var. Aydındır ki, düzgün seçim əsasında. Ancaq indiki seçiminiz düz deyil. İkinci dəfə hissləriniz sizi aldatmasın. Bu dəfə heç kim sizə haqq qazandırmayacaq. İlk sualda qeyd etdiyim kimi, onun sizə qarşı həqiqi sevgisi deyil, ötəri hissi və ya şəhvət istəyidir. Xoşbəxtlik axtardığınız halda özünüzü bədbəxtliyə qurban verməyin. Düşünün və düzgün qərar əldə edin. Yenə də son qərar özünüzündür.

055-...-42-50 nömrəli mobil telefonun sahibi olan xanım yazır: "Salam, İsa müəllim, sizdən bir məsləhət almaq istəyirəm. İki övladım var, yoldaşım uşaqları məndən almaqla hədələyir. Amma yoldaşım xəstədir, ürəkgetməsi, şəkəri var, dəlixanada yatıb. Puluna güvənib qanunla uşaqları ala bilər məndən? Amma mən bildiyimə görə, boşanma prosesi getsə də, qanunla uşaqlar anada qalır. Mən könüllü olaraq boşansam, heç nəyə baxmayaraq, uşaqları məndən alıb ona verə bilərlər? Məni dəli, xəstə adlandırır. Fakt odur ki, onun çətinliklərinə dözə-dözə sağlamlığımı itirmişəm. Əsəb xəstəsi olduğum üçün məni qorxudur. Yalnız ümidim sizə gəlir. Bilirəm, məni narahat edən sualları siz cavabsız qoymayacaqsınız.

İsa Rəvan: Ailə qurarkən onun təməli möhkəm olmalıdır ki, sonradan belə fəsadlar ortalığa çıxmasın. Valideynlər ayrılırsa, uşaqların günahı nədir? Onların gələcək taleyi necə olacaq? Yaxşı olardı ki, heç bir ailə dağılmasın. Və heç bir uşaq ata-anasız böyüməsin. Əksər hallarda üstünlük anaya verilir - əgər ana narkoman, əxlaqsız, ruhi xəstə deyilsə. Uşaq 10 yaşından böyükdürsə, məhkəmədə onun da fikri öyrənilir və nəzərə alınır. Uşaqların daha çox ataya, ya anaya meylli olmağı da şərtdir. Valideynin həyat tərzinə, sonradan o uşağı necə saxlamağına, hansı mühitdə böyütməyinə də diqqət yetirilir. Bütün bu proseslərdən sonra məhkəmə öz qərarını verir. Məhkəmənin verdiyi qərar ədalət prinsipindən irəli gəlir. Ümumiyyətlə, qanunlar istəklə əldə olunmur.

Hər 3 problemlə bağlı Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayevin ümumiləşdirilmiş fikirləri:

Azərbaycan Respublikasının güclü qanunları var, cəmiyyət də bu qanunlara riayət etməlidir. Yaranan problemlər qanunlarla tənzimlənib aradan qaldırılmalıdır. Bəziləri gedib kənarda, gizlicə siğə edərək qeyri-rəsmi nikahda yaşayırlar. Sonra da anlaşılmazlıq yarananda gəlib deyirlər ki, mənim hüquqlarım pozulub. Biz sənin hüquqlarını necə qoruyaq ki, əgər sən rəsmi surətdə kəbinə getməmisən, qanunlara riayət etmirsən və s.? Bəzən valideyn gəlin gətirməzdən qabaq oğluna ev alır. Sonradan boşanma yaranarsa, qadına heç nə vermirlər, hətta aliment belə. Ancaq qanunlar hər şeyi tənzimləyir. Buna görə də birinci qanunlara riayət edilməlidir. Sonra da boşananda məhkəməyə düşməmiş bilsinlər ki, kimə nə düşür. Hökmən nikah müqaviləsi bağlanmalıdır. Avropada da insanlar buna riayət edirlər. Ailə qurarkən valideynlərlə məsləhətləşsələr, daha yaxşı olardı. Qarşılıqlı hörmət də mütləqdir. Digər tərəfdən, cavanlar arasında yaşanan sevgilərin bəziləri seksual istəkdən irəli gəlir. Seksual hisslər dostluq çərçivəsindən ayrılmalıdır. Qarışıqlıq olanda pozuntular əmələ gəlir. Qanunlar imkan vermir ki, sən kiminsə hüququnu pozasan.

Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək. Əgər siz də həyatın müəyyən anında problemlə üzləşmisinizsə, sirrinizi heç kimə aça bilmirsinizsə, lakin məsləhətə ehtiyacınız varsa, tərəddüd etmədən 055-785-84-83 nömrəli telefona mesaj yollayın. Mesajda qısa şəkildə probleminizi yazın. Anonimlik təmin olunur.

İsa Rəvan

O.M.