Həyatın hər anında dost məsləhətinə ehtiyac var

Həyatın hər anında dost məsləhətinə ehtiyac var

1 Fevral 2013 16:35
Bəyəndim (0) Bəyənmədim (0)
Oxucular soruşdular, İsa Rəvanla Emil Tahiroğlu cavab verdilər

Həyat keçmişdən gələcəyə uzanan keşməkeşli bir yoldur. Onun enişi də var, yoxuşu da. Bu yolda büdrəməmək üçün zaman-zaman dost əlinə ehtiyac duyulur. Bu dəfə köməyə ehtiyacı olanlara İsa Rəvanla bərabər Emil Tahiroğlu da öz dəyərli məsləhətini verir.

050-...-49-26 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa müəllim. Dəyərli məsləhətlər verdiyinizə görə sizə təşəkkür edirəm. Amma çox təəssüf edirəm ki, oğlunun ailəsini dağıdan analar hələ də var. Özləri də uzunömürlü olurlar. Qayınanam məni oğluna qısqandığına görə, "kasıb qızsan, oğluma bir üzük almamısan, cer-cehizin yaxşı deyil" – deyib məni evdən, ailədən ayırdı. Oğlu buna göz yumdu. Heyf ki, belələri hələ də yaşamaqdadır. Əlimdən səbir etməkdən başqa heç nə gəlmir. Mənə məsləhət verin".

İsa Rəvan: "Xoşbəxtlik var-dövlətlə əldə olunmur. Ailə həyatı təmiz sevgi üzərində qurulmalıdır. Şan-şöhrət və var-dövlətə görə qurulan ailənin bünövrəsi tez dağılacaq. Çünki sevgi və qayğı olmayan ev istər-istəməz soyuq olacaq. İnsanın dəyəri onun əməli və qabiliyyəti ilə ölçülməlidir. Evinə gəlin gətirən qaynana ona ilk növbədə qızı kimi baxmalıdır. Çünki onun öz qızı da başqa bir evdə gəlin ola bilər. Atalar demişkən: "Gəlin yox, düşdüyü ev gəlin olmalıdır". Məgər qayınananız sizə elçi gələndə, sizi evinə gəlin gətirəndə bunları görmürdümü? Əgər belə idisə, əvvəlcədən öz maddi tələblərini açıq deyəydi. Burada yoldaşınızın səhvi və ya günahı da danılmazdır. Bir qəlbi aldadıb onu küsdürmək elə özü də günahdır. Axı sizinlə anası deyil, o özü xoşbəxt yaşaya bilərdi. Əgər sevgi varsa, müəyyən maraqları o sevgiyə qurban verməyə dəyər. Və sevgi ilə də müəyyən şeyləri əldə etmək olar. Deməli, yoldaşınızın da sizə qarşı elə bir sevgisi olmayıb. Olsaydı heç vaxt buna razılaşmazdı. Çünki siz onun ailəsi, uşaqlarının anası, qəlb evinin tacı sayılmalı idiniz. Ötəri sevginin gücü də ömrü qədər az olur. Ərinizlə yaşadığınız ailə həyatı buna sübutdur. Onsuz da bu acılar yaşanıb, siz də taleyinizlə barışmalısınız. Odur ki, gələcək həyatınızı düşünərək özünüzü ələ alın. Özünüzdə nikbin ruh yaradaraq olanları unutmalı, nikbin sabahı bu gündən qurmalısınız. Əsl xoşbəxtliyin necə olduğunu ilk növbədə özünüzə və onlara sübut etməlisiniz. Bunun üçün təmkinli, səbirli və yenə də səbirli olun".

Emil Tahiroğlu: "Sizin ailənin maddi vəziyyəti ayrılmağınıza səbəb ola bilməz, ancaq bəhanə ola bilər. Çünki heç bir insan, əsasən də valideyn olan şəxs ailə dağıtmaq istəməz. Məncə səbəb siz dediyinizdən də ciddidir, sadəcə bunu dilə gətirməkdən çəkinirsiniz. Hisslərə qapılmadan, kefiniz yaxşı olan bir vaxtda keçmişinizi diqqətlə yada salın. Onda öz səhvlərinizi də xatırlamış olacaq və bir çox suallarınıza cavab tapa biləcəksiniz. Çalışın səhvlərinizi düzəldin, onda böyük ehtimalla qarşı tərəf də barışığa doğru bir addım atar. Ümumiyyətlə, əgər hər kəs özünə tənqidlə yanaşsa, ailələr dağılmaz, əksinə, daha da möhkəmlənər".

070-...-74-43 nömrəli mobil telefonun sahibi olan xanım yazır: "Hər vaxtınız xeyir, İsa Rəvan. Sizdən məsləhət alan, ya da sizinlə dərdini bölüşən insanlar ancaq dərdlərindən yazırlar. Həyat bu kimi insanların dərdindən ibarətdir bəyəm? Bəs xoşbəxt olanlar, hanı onlar? Məncə xoşbəxtlik sözü çoxdan unudulub və heç kim öz xoşbəxtliyi uğrunda mübarizə aparmaq istəmir. İstərdim sevgisinə çatan və xoşbəxt olanlar da sizə yazsınlar ki, necə səadət dolu həyat yaşayırlar. Digər ailələr də onlara baxıb həyatı duysunlar. Çünki nə qədər nakam sevgi barədə oxuyacaqlar, bir o qədər ona meylli olacaqlar. Özləri də istəmədən o rolun ifaçısına çevrilir indiki gənclər. Sanki can atırlar bədbəxt olmağa. Bu mənim öz şəxsi fikrimdir, yəqin ki, mənimlə razılaşarsınız. Siz cavanlara məsləhət verirsiniz. Bu da sizin həm işiniz, həm də insanı borcunuzdur. Mən sizin onlara yazdığınız cavabları yüksək dəyərləndirirəm. Sizə işlərinizdə uğurlar diləyirəm.

İsa Rəvan: İlk öncə mənə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımı bildirirəm. Qeyd edim ki, həkimə də ancaq xəstələnən insanlar müraciət edirlər. Əslində, sağlam insanların da heç olmasa il ərzində bir dəfə həkimə müraciət etmələri zəruridir. Burada da belədir. Çıxılmaz vəziyyətə düşənlər ondan çıxış yolu axtarır, sarsıntı keçirənlər rahatlıq tapmaq istəyirlər. Bu baxımdan "Oxu məni" hər zaman oxucularına öz dost əlini uzadır. Müraciət edənlər də bu xidmətdən yararlanırlar. Obyektiv olaraq hər bir müraciətə aydınlıq gətiririk. İstər sevinclərini paylaşsınlar, istər dərdlərini bölüşsünlər, fərq qoymuruq. Heç kim istəməz ki, sevgisi nakam, həyatı da bədbəxt olsun. Hamı xoşbəxt olmağa çalışar. Hansı səpgidə olursa olsun, mənə edilən müraciətləri naümid qoymayaraq hər birini işıqlandırıram. Bu, mənim işimin görünən tərəfidir. Görünməyən tərəfləri isə odur ki, bəzi şikayətçilərlə redaksiyada və ya başqa bir yerdə görüşür, fərdi qaydada onlara məsləhət verirəm. Onların arasında nişanlı olanlar da, ailə həyatı quranlar da, qarşıdan gələn xeyir işinə hazırlaşanlar da, iki seçim arasında tərəddüd içində qalanlar da var. Onlara verilən məsləhətlər qəzet vasitəsi ilə işıqlanmır, çünki onlar mesajla deyil, birbaşa müraciət edirlər. Qəzetlə verilən cavablarda da çalışıram ki, məsləhətlərimdən faydalansınlar və bir daha səhvə yol verərək o sarsıntını yaşamasınlar. Əlbəttə, mən də istərdim ki, müraciət edənlər xoş duyğularını paylaşsınlar, gözəl talelərini yazdırsınlar. Ancaq nəzərə almaq lazımdır ki, hamı eyni taleyi yaşamır. Sevinənlərlə yanaşı dərd içində olanlar da var. Nə etmək olar, təki hamı xoşbəxt olsun".

Emil Tahiroğlu: "Bu səhifə mənəvi köməyə ehtiyacı olanlar üçün faydalı məsləhət xarakteri daşıyır. Həyatı rəvan gedənlərin isə psixoloji məsləhətə ehtiyacı olmur".

051-...-00---12 nömrəli mobil telefonun sahibi yazır: "Salam, İsa Rəvan, necəsiniz? Nə yaxşı ki, siz varsınız. Bizlərə dəyərli vaxtınızı ayırdığınız, bizə məsləhət verdiyiniz üçün sağ olun. Bir ilə yaxındır nişanlıyam. Təzə-təzə nişanlı olduğumuz vaxtlar mehriban idik. Sonra bildim ki, onun dostcasına, ya da sevgicəsinə danışdığı qızlar var, soyudum ondan. Hər gün dava edirik, günlərlə danışmırıq. Bu bir ildə gəzməyə heç yerə getməmişik. Mənə nə məsləhət verərdiniz?

İsa Rəvan: "Təmiz və saf duyğular olan yerdə kobudluğa yer yoxdur. Kobudluq yaxın dostu da düşmənə çevirir. Sevgi qarşılıqlı hörmət əsasında artır. Dava-dalaş isə o hissləri azaldır. Sevgidə diqqət, qayğı və nəvaziş olmalıdır. Bunlarsız sevgi zəifdir. Digər tərəfdən, xəyanət istər-istəməz o sevgini məhvə doğru aparacaq. Sizin də bir xanım kimi nişanlı həyatınızı sevgi və sevinc içində yaşamaq haqqınız var. Hər vaxtın öz tələbi var və o tələblərə də əməl olunmalıdır. Təbii ki, nişanlınız sizinlə gəzintiyə çıxmalı, sizə diqqət və qayğı göstərməli, sevgisini sizinlə paylaşmalıdır. Bütün bunlar nişanlı dövrünün ən gözəl duyğularıdır. Bu səpgidə olan istək və arzularınızı nişanlınızla oturub sakit formada müzakirə edə bilərsiniz. Çalışın sözləriniz yumşaq, fikirləriniz güclü və iti olsun. Danışıq tərziniz və haqlı tələbiniz ona təsir etsin. Onun başqaları ilə danışığına və sizə qarşı olan biganəliyinə görə incikliyinizi bildirin. Sizin buna haqqınız da var. Deyəcəyiniz sözləri ürəyinizdə saxlayıb özünüzə dərd etməyin. Özünüzü elə də aciz və gücsüz göstərməyin ki, haqqınız tapdansın. Nişanlınızı özünüzə qarşı mehriban və sevgi ilə davranmağa vadar edin. Elə edin ki, sizə qarşı hörmət çərçivəsində rəftar etsin. Sizə xoşbəxtlik arzusu ilə.

Emil Tahiroğlu: "Həyatda elə insanlar var ki, nəyəsə nail olana qədər ona maraq göstərirlər. Əldə etdikdən sonra onu bir kənara qoyub yeni-yeni axtarışlara başlayırlar. Bu tip insanlara daim axtarışda olmaq maraqlı gəlir. Elə edin ki, nişanlınız sizin məhəbbətinizi qazanmaq üçün həmişə çalışsın. Bu halda imkan verməyin ki, sizinlə söhbət zamanı başqa bir xanımdan söz açsın. Onunla mədəni, eyni zamanda soyuqqanlı rəftar edin və xoş sözləri, komplimentləri, nəzər-diqqəti qənaətlə istifadə edin".

Müəllifdən: Qalan mesajlarla gələn həftə görüşənədək. Əgər siz də həyatın müəyyən anında problemlə üzləşmisinizsə, sirrinizi heç kimə aça bilmirsinizsə, lakin məsləhətə ehtiyacınız varsa, tərəddüd etmədən 055-785-84-83 nömrəli telefona mesaj yollayın. Mesajda qısa şəkildə probleminizi yazın. Anonimlik təmin olunur.

İsa Rəvan

O.M.