İslamın nuru və hərarəti - I hissə

İslamın nuru və hərarəti - I hissə

29 Aprel 2011 09:47
Bəyəndim (0) Bəyənmədim (0)
Dini terminlər ensiklopediyası

Cəmiyyətimizdə İslam dininə, eləcə də bütün dinlərə marağın artdığını nəzərə alaraq, bu gündən etibarən həftənin Şənbə günləri yeni bir rubrika ilə görüşünüzə gələcəyik. Məqsədimiz dinin, həmçinin fəlsəfənin incəlikləri ilə maraqlanan insanlara bu işdə yardımçı olmaqdır. Belə ki, yeni rubrikada əməkdaşımız Mərdan Qaraisayevin topladığı elmi məlumatlar əsasında dini terminlərin izahını əks etdirən ensiklopedik məlumatlarla tanış olacaqsınız. Ümidvarıq ki, sizə təqdim olunacaq məlumatlar marağınıza səbəb olacaq. Qoy gözlərimiz İslamın nuru ilə işıqlansın, qəlbimiz Allah məhəbbəti ilə hərarətlənsin. Amin!..

Allah - Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsəlmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah"dır. İlah sözü nəzərdə tutduğumuz Allah - Yaradan, Yaşadan, Yardım edən, Ən Uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz "İLAH" sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə "AL"("əl") müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH" mənası verən, daha dəqiq, daha konkret olan "AL-İLAH" sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qrammatikasının inkişafı tarixində "AL" müəyyənlik artiklindən sonrakı "İ" saitinin öz mahiyyətini itirməsi nəticəsində "Al-illah" ifadəsi "ALLAH" kimi oxunmağa və səslənməyə başlayıb.


Allaha təvəkkül - Bu söz işləri hər şeyə qadir olan Allaha tapşırmaq, Ona həvalə etmək mənasındadır. İnsan bir işi öz imkanları çərçivəsində yerinə yetirməkdə çətinlik çəkdiyi zaman, "Allaha təvəkkül" deyib, həmin işi Allaha həvalə edir. Allah-taala Quranda "Talaq" surəsinin 3-cü ayəsində belə buyurur: "Kim Allaha təvəkkül edərsə, (Allah) ona kifayət edər". Quranda iman sahiblərinin sifətləri kimi bir çox keyfiyyətlər açıqlanır. Ayələrin birində səbirlə iman da bu sırada yer alır: "Həmən o kəslər ki səbir etdilər və həmişə öz Rəblərinə təvəkkül etdilər" ("Nəhl" surəsi, 42-ci ayə). Başqa bir ayədə oxuyuruq: "Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər" ("Maidə" surəsi, 11-ci ayə). İnsan nə qədər güclü olsa, nə qədər geniş imkanlara, iqtidara malik olsa belə, öz təbiətinə görə yenə də bir çox işlərin qarşısında acizdir. İnsanın vəzifəsi müsbət istiqamətdə öz imkanlarını topalayıb iş görməkdir. Lakin elə olur ki, gözlənilən nəticə hasil olmur. Bu zaman Allaha imanı olan kəs əsla ruhdan düşməməli, Ona sığınmalı və işin müsbət nəticə verməsini Allaha həvalə etməlidir. Sadəcə, sözlə deyil, səmimi-qəlbdən "Allaha təvəkkül!" deyib, Allahdan yardım diləməlidir. Allah isə Ona həvalə edilən işi insanın xeyiri istiqamətində mütləq yerinə yetirər.


Abderli Demokrit - eramızdan әvvәl 460-370 dә yaşamış yunan filosofu, "Atomistikanın" banisidir. Demokrit hesab edirdi ki, bütün şeyləri atom birlәşmәlәri təşkil edir. Atom yunanca bölünməz deməkdir. Filosofa görə atomlar әbәdi vә dәyişmәzdir.

Aqni - çoxallahlılara görə yer allahı. Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. Səmada günəşin yanında məhsuldarlıq, xeyir-bərəkət, insanlar, heyvanlar və torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.

Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömürlülük, çoxlu qəhrəman oğul övladları və s. nemətlər bəxş etməsini də diləyirlər.

Aqnostisizm nəzəriyyəsi - Bu nəzəriyyəyə görə, aləmdə həqiqi varlıqlar mövcuddur, lakin bu varlıqlar dərkolunmazdırlar.

Ad - Quranda adı çəkilən qədim qüdrətli bir qövm olub. Nuh dövründən sonra yaşamış, zaman keçdikcə öz sərvəti və rifahına görə qürur və təkəbbürə qapılmışdır.

Adi-Qrant - Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab siqh ayininin dini nəğmə və şerlərini əhatə edən böyük bir topludur. Bu 1400 səhifəlik kitabın birinci bölməsi quru Nanakın şeirlərindən ibarətdir və ona Capci deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan bəzi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 "quru"nun təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və etiqadları izah olunaraq təkmilləşdirilir.

Amənə - Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən "Qusəy"də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, etiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir. "Allah səni nazil edən sülbə, səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib" hədisin sonu Amənəyə şamildir. ("Bəhar" 15-ci cild).

Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu. Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi. Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və Məkkə yolunun kənarında Əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s) məşhur vida həccində anasının qəbrini ziyarət edib ağladı, başqalarını da ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydu.


Allah oxuyan gözlərinizi nurlu, qəlbinizi imanlı, zehninizi açıq etsin! Amin!..


(ardl var)


Yazının ardını oxumaq üçün buraya klik edin